Səməd Behrəngi

GADTB: Səməd Behrəngi 1939-cu ildə Güney Azərbaycanın Təbriz şəhərində fəhlə ailəsində anadan olub.

Behrəngi ilk təhsilini Təbriz şəhərindəki “Tərbiyyət” məktəbində alıb, sonra Təbriz Pedaqoji Texnikumunu bitirib. O, 1956-1961-ci illərdə Təbriz Universitetində oxuyub.

Behrəngi əmək fəaliyyətinə Azərşəhr şəhristanının Mamağan və Gögan şəhərlərindəki ibtidai məktəblərdə müəllim kimi çalışaraq, başlayıb. Müəllim işlədiyi zaman o, Azərbaycan nağıllarını toplayaraq fars dilinə çevirib və güney azərbaycanlı yazıçı Bəhruz Dehqani ilə birlikdə nəşr edib. Bundan əlavə, onun farscadan Azərbaycan dilinə tərcümə etdiyi əsərlər də mətbuatda yayımlanıb.

Azərbaycan dilində danışdığı və öyrətdiyi üçün Səməd barəsində xoşagəlməz şayiələr yayılırdı. Həmin ərəfədə əhali Səmədi və Azərbaycan Mədəniyyət İdarəsinin sədri Papuşlunu məhkəməyə verir. Onlara “yararsız və məzmunsuz kitab nəşr edib, uşaqların beynini doldurduqlarına” görə 6 ay şərti cəza verilir.

Səməd Behrəngi bədii yaradıcılığa tələbəlik illərində başlayıb. Onun ilk hekayəsi olan “Təlxun” 1964-cü ildə dərc olunub. Behrənginin “Balaca Qara balıq” hekayəsi İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülmüş, italyan, fransız, ingilis, türk dillərində nəşr edilmişdir.

Behrəngiyə tez-tez Pəhləvilər haqqında yazmaq barədə təkliflər gəlsə də, o, hər zaman bu təklifləri rədd edirdi.

Səməd Behrəngi 31 avqust 1967-ci (1968) ildə Güney Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında boğularaq, vəfat edib. Onun cəsədi 3 sentyabr Ştarban keçid məntəqəsindən tapılıb, sonra isə Təbriz qəbiristanlığında dəfn olunub.

Səməd Behrənginin ölümü İranda Pəhləvi sülaləsi dövründə fəaliyyət göstərən Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı tərəfindən təşkil edilib. Behrənginin qatili zabit Həmzə Fərahati bir müddət keçdikdən sonra onu çayda boğaraq, öldürməsi barədə etiraf edib.

 Türk kökləri olmasına baxmayaraq, Məhəmməd Rza şah Pəhləvinin yürütdüyü anti-Azərbaycan siyasəti hazırda İran İslam Respublikasında da davam etdirilir. Molla rejiminin güney azərbaycanlılara qarşı olan qəddar siyasəti nəticəsində müəllim işləyən insanlar hökumət tərəfindən səbəbsiz sıxışdırılır, həbs edilir və öldürülür.

Həmçinin yoxlayın

Azərbaycan Ermənistanda artan sürətli hərbiləşmədən narahat olduğunu bildirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə …

Türküstanda “Birləşdik-2024” hərbi təlimi davam edir

GADTB: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, …