Cümə axşamı , Mart 28 2024
azfa

Səfəvilərin elit ordusu – Xüsusi təyinatlı qorçular

GADTB: Qorçuların əsas vəzifəsi sülh zamanı şahın mühafizəsini təşkil etmək, müharibə vaxtı isə döyüş və kəşfiyyat xidmətini yerinə yetirmək idi

Orta əsrlərdə həm Şərqdə, həm də Qərbdə mövcud xanədanların xüsusi yetişdirilən və digərlərindən fərqlənən ordusu vardı. Həmin ordu sabitlik dövründə hökmdarın və onun sülaləsinin, müharibə vaxtı isə dövlətin təhlükəsizliyinin təminatçısı idi.

Türk xalqları içərisində bu tip ordu ilk dəfə Böyük Hun İmperiyasının (e.ə. 220-e.ə. 58) xaqanı Metenin dövründə yaradılıb. Onlar ən çətin döyüşlərə girib, keçilməz dağları keçib, qalib olaraq geri dönürdülər.

Bizim regiona xüsusi yetişdirilən ordu Ərəb Xilafəti zamanı yeridildi ki, bu ordunun da tərkibi türklərdən təşkil olunmuşdu. Türklər artıq hərb sənətini ən yaxşı bilən millət idi.

Azərbaycan ərazisində ikinci dəfə Səlcuqlar İmperiyası (1038-1157) dönəmində, ucqarları xarici hücumlardan qorumaq üçün xüsusi ordu birlikləri yaradılmışdı. Daha sonra bu ənənə monqollarla, qaraqoyunlularla, ağqoyunlularla davam etmişdi.

Lakin onları güclü hesab etmək olmaz. Həmin dövr kəsişməsində ən güclü xüsusi ordu birliklərini isə Əmir Teymur formalaşdırmışdı ki, onlardan Azərbaycan ərazisində də yerləşdirdiyi məlumdur.

Səfəvilərlə dirçəliş

Səfəvi dövləti yarandıqdan sonra əsas məsələ əldə edilmiş torpaqların saxlanılması və yeni ərazilər ələ keçirmək idi. Bunun üçün güclü orduya ehtiyac yaranırdı. Qonşluqda Şeybani dövləti, Məmlük sultanlığı və Osmanlı kimi güclü dövlətlər vardı.

Səfəvi dövlətində bütün ordunun baş komandanı Əmir-əl-ümara adlanırdı. Lakin Şah İsmayılın hakimiyyətinin ilk ilində keçirdiyi məşvərət şurasından sonra qərara alındı ki, birbaşa şahın nəzarətində olan, onunla hesablaşacaq yeni ordu sistemi qurulsun. Qərar verildi və bu xüsusi orduya qoruyucu mənasını verən “Qorçu” adı, onların komandanına isə “Qorçubaşı” rüstbəsi verildi.

Yeni sistem monqolların Cağatay ordu sistemi formasında yaradıldı. Qorçuların əsas vəzifəsi şahın, saraylarının mühafizəsini təşkil etmək, sərhədlərdə keşik çəkmək, əyalət şuralarına nəzarət etmək, müharibə vaxtı isə həm süvari şəklində düşmənin üzərinə şığımaq, həm də kəşfiyyat xidmətini yerinə yetirmək idi.

Hər kəs qorçu ordusunda yer ala bilməzdi. Bunun üçün tanınmış və hərbdə sınanmış, igidliyinə görə bir sıra etimadlar qazanmış nəsildən olmalı idilər. Bundan əlavə, boy məsələsi də önəmli idi. Qorçu olacaq gənclər hündürboyluluqlarına görə də seçilirdilər. İlk bilinən qorçular, əsasən Şamlı, Rumlu, Ustaclı, Təkəli, Türkmən, Əfşar, Qacar və digər tayfalardan seçilirdilər. Geyimləri yaşıl və qırmızı olurdu. Gündəlik xidmət zamanı qırmızı baş geyimindən istifadə edirdilərsə, döyüş vaxtı zirehli dəbilqələrdən istifadə edirdilər.

Onların xüsusi təlim və tərbiyyəsi təşkil edilirdi ki, bu da sırf qızılbaş qayda-qanunları əsasında aparılırdı. Təlim- tərbiyyədə Hz. Əlinin döyüş yolu, göstərdiyi igidliklər örnək alınırdı. Onların aylıq məvacibi 1000-1500 tümən hesablanırdı. “Təzkirət Əl-müluk”-da 1491 tümən, 7200 dinar olduğu yazılır.

İsgəndər bəy Münşi yazır ki, qorçubaşı rütbəsi sarayda çox mühüm vəzifə hesab edilirdi. Onlar ancaq şaha hesabat verirdilər. J.Şarden “Parisdən İsfahana səyahət” adlı qeyd kitabında qorçular haqqında yazırdı ki, “Onlar bir neçə dəfə zərbə yemələrinə baxmayaraq, ən elit, ən heybətli ordu növü hesab edilirdi. Bu türkmən tayfaları əsla başqa tayfalara qarışmırlar”. Alman E.Kempfer də qorçuların türk tayfalarından təşkil olunduğunu yazırdı.

Peşəkar orduya keçid

Qorçu sistemi Şah I Təhmasibin dövründə artıq peşəkar ordu növü idi. Say barədə məlumat verən mənbələr onların 25-30 min, bəziləri isə 50-60 min nəfər olduqlarını bildirirlər. Şah I Abbasın dövründə isə sayları 30 min təşkil edirdi.

İlk qorçubaşıların Ustaclı tayfasından seçildiyini görürük. Ardıcıllığı izlədiyimizdə, məşhur qorçubaşıların həmin zamandan Məhəmməd Xudabəndənin hakimiyyətinə qədər Əfşarlardan seçildiyini görürük.

Məşhur qorçubaşılardan Sevindik Bəy Əfşarın adı tarixi məbələrdə daha çox çəkilir. O, Şah I Təhmasib tərəfindən 1538-ci ildə bu vəzifəyə təyin oldundu və 1562-ci ilə kimi vəzifəsində qaldı. Ən böyük xidməti Şirvanda  şahın qardaşı Əlqas Mirzə Səfəvinin qiyamını yatırmaq və onu orada zərərsizləşdirmək olmuşdu. Bundan əlavə, Şah Təhmasib sevimli komandanını 1551-ci ildə Şəki üzərinə də göndərib, Şəkinin Səfəvi hakimiyyətinə keçməsini təmin etmişdi.

Daha sonra Şah II İsmayılın və Məhəmməd Xudabəndənin dövründə Qulu bəy Əfşar (1576-1578-1587),  Şah I Abbasın hakimiyyəti zamanı isə Yusif xan Əfşar qorçubaşı təyin edildi. daha sonra Bədr xan Əfşar və Vəli xan Əfşar bu vəzifəyə gətirildilər.

Şah Səfinin dövründə İsa bəy Səfəvi ilə Canı bəy Şamlı qorçubaşı vəzifələrini bölüşüblər. Lakin sonrakı dövrdən qorçubaşı vəzifələri Qacarlara verildi. Bundan sonra Qacarlar səfəvi tarixində parlamağa başladılar. Murtuzqulu xan Qacarla başlayan rütbə Nadir xanın orduda parlamağına kimi davam etdi.

Səfəvilər dövləti süqut edəndə, beləliklə qorçuların da tarixi bitmiş hesab edildi. Dövlətin siyasi fəaliyyəti zəifləsə də, ordu zəifləyib, gücdən düşsə də, qorçular onu yaşada bilirdilər. Çünki onların işi mühafizə, döyüş zamanı isə savaş və kəşfiyyat idi.

Bəzən siyasi amillər qarşısında qorçuların fəaliyyəti zəifləyirdi. Şah onlara döyüş əmri vermirdi. Bu da bir sıra xırda üsyanlara səbəb olmuşdu.

AYNA

Müəllif: Şəhla Cabbarlı

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …