Cümə axşamı , Aprel 25 2024
azfa

Səkkizinci Dünya Su Forumunda Ermənistanın Azərbaycana qarşı ətraf mühitlə bağlı cinayətləri müzakirə edilib

GADTB-nin Mətbuat Mərkəzinin Azərtaca-a istinadən yaydığı məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildən çoxdur ki, davam edir. Bu problem Azərbaycanda 1,2 milyon qaçqın və məcburi köçkünün yaranmasına səbəb olub. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu əhatə edən Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Cəbhə bölgəsində aparılan hərbi əməliyyatların ətraf mühitə təsiri çox dağıdıcıdır. İşğal olunmuş ərazilərdə təbii sərvətlərin həddindən artıq istismar olunması, davamlı olaraq atəşkəsin pozulması və Ermənistan tərəfindən ekoloji pozuntu faktının inkar edilməsi ekologiyanı məhv edir və minlərlə insanın lazımi şəraitdə yaşamaq hüququnu əlindən alır.

Bu fikirləri Braziliyada keçirilən 8-ci Dünya Su Forumunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndəsi Anastasiya Lavrina bildirib.

Məlumata görə, “Ətraf mühitlə bağlı cinayətlər və hüquq pozuntuları üçün məsuliyyət, ədalət və kompensasiya” adlı sessiyada çıxışı zamanı A.Lavrina hərbi münaqişələrin ətraf mühitə mənfi təsirindən danışıb. O, həmçinin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazisində yerləşən Sərsəng su anbarının vəziyyətinə toxunub. Bildirib ki, Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın nəzarətindədir. Buna görə də Azərbaycanın cəbhə bölgələri sudan məhrum edilib. Su çatışmazlığı və davamlı olaraq atəşkəsin pozulması səbəbindən cəbhə bölgəsindəki torpaqların böyük hissəsi suvarılmır. Bu da torpaqda çatların yaranmasına və onun məhsuldar qatının məhvinə gətirib çıxarır. Azərbaycanın altı rayonu artıq fövqəladə vəziyyətdə olan, işğal səbəbindən mühafizə olunmayan bu su anbarının suyundan istifadə edə bilmir. Mühəndislər və alimlər xəbərdarlıq edirlər ki, bəndlər dağılarsa 30-dan çox kənd daşqın nəticəsində məhv olacaq. Fəlakət riski hazırda çox yüksəkdir və suyun axın səviyyəsindən aşağıda yerləşən altı rayonda yaşayan 400 min Azərbaycan vətəndaşının həyatı təhlükədədir.

BAMF-ın nümayəndəsi, həmçinin ermənilər tərəfindən suyun zəhərlənməsi və çirkləndirilməsi faktına toxunub. Bundan başqa, o, işğal olunmuş ərazilərdə təbii ehtiyatların Ermənistan tərəfindən istismar olunması və öz mənfəəti üçün istifadə edilməsindən danışıb.

Qeyd edib ki, Azərbaycanın ən zəngin mineralları işğal olunmuş ərazilərdədir. Bu ərazilərdə 155 növ müxtəlif mineral ehtiyatlar, o cümlədən hazırda Ermənistan tərəfindən istifadə olunan 5 qızıl yatağı var.

“Bütün bunlar Azərbaycan vətəndaşları üçün ekoloji fəlakət yaratmaq məqsədi daşıyan düşmən davranışdır. Belə davranışla Ermənistan təkcə başqa dövlətin ərazi bütövlüyü prinsipini deyil, həmçinin işğal olunmuş ərazilərdə daşınar və daşınmaz əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri pozur. Ermənistanın hazırkı siyasəti BMT-nin ekoloji standartlarına ziddir”, – deyə o bildirib.

Anastasiya Lavrina qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin ekoloji cinayətkarlığı faktına beynəlxalq səviyyədə daha çox diqqət yetirilməlidir. O, beynəlxalq qurumları, vətəndaş cəmiyyətinin nümayəndələrini və forum iştirakçılarını səylərini birləşdirməyə və dünyanın müxtəlif bölgələrindəki hərbi böhran nəticəsində ortaya çıxan ekoloji problemləri həll etməyə çağırıb.

BAMF-ın nümayəndəsi deyib ki, su həyatdır və işğalçıların əlində silah olaraq istifadə edilə bilməz. Təəssüf ki, Ermənistan bütün norma və qaydaları pozur və Sərsəng su anbarından insanlara qarşı silah kimi istifadə edir. Bu, dayandırılmalıdır. Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməlidir.

Müzakirələr zamanı BAMF tərəfindən hazırlanmış, Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Sərsəng su anbarında ekoloji fəlakətdən, Azərbaycanın cəbhə bölgələrində yaranmış su problemlərindən bəhs edən video nümayiş olunub.

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …