Şəmb-e Qazan kompleksi və onun Azərbaycan təhsil sistemində yeri (ingilisdilli tarixşünaslıq əsasında)- BAYRAM QULİYEV

Moğol işğalları nəticəsində məktəb və mədrəsələrin dağıdılmasına baxmayaraq XIII-XIV əsrlərlə Azərbaycanda yeni təhsil müəssisələri tikildi ki, bu da Azərbaycanda təhsilin inkişafina müsbət təsir göstərdi. Başda Təbriz şəhəri olmaqla bir çox şəhərlərdə mədrəsələr açıldı. Təbriz yaxınlığında inşa edilən Şəmb-e Qazan kompleksində yerləşən mədrəsə, rəsədxana və zaviyələrin də Azərbaycan təhsilinin inkişafında böyük rolu olmuşdur. Bu faktları nəzərə alaraq demək olar ki, bu mövzunu araşdırmaq, xüsusilə də ingilisdilli tarixşünaslığın mövqeyini nümayiş etdirərək müvafiq nəticələr əldə etmək vacib olduğu qədər də aktualdır.

Hülakilər dövründə bütün İslam dünyasında olduğu kimi Azərbaycan təhsil sistemi də iki pilləli idi. Birinci pillə uşaqların ilkin təhsili üçün nəzərdə tutulmuşdu. Dərslər əsasən məscidlərdə və məktəblərdə aparılırdı. İkinci pillədə isə yüksək təhsil verilir, siyar (peyğəmbər tarixi), hədis, fiqh (İslam hüququ) kimi İslami elmlər ilə bərabər dünyəvi elmlər öyrədilirdi. Bu dövrdə Azərbaycanda aşağıdakı müəssisələrdə yüksək təhsil almaq mümkün idi: a] qari-xanalar b] mədrəsələr c] rəsədxanalar ç] dar üş-Şəfalar d] xanəgahlar e] xüsusi müəllim evləri (əsasən kimyagərlik və rəmmallıq kimi gizli elmləri öyrənmək üçün).

Yüksək təhsil verən və bütün Azərbaycan ərazisində geniş yayılan əsas  təhsil müəssisələri isə mədrəsələr idi. Mədrəsələrə yalnız məktəb və məscidlərdə ibtidai təhsil almış şagirdlər götürülürdü. Mədrəsələrdə dini elmlər ilə bərabər dünyəvi elmlər də tədris olunardı.

Təbriz paytaxt olandan sonra Elxanilər dövründən memarlıq baxımdan ən çox önə çıxan şəhər idi. Çünki, XIII – XIV əsrlərinin ən görkəmli iki kompleksi – Şamb-e Qazan və Rəb-e Rəşidi kompleksləri və Ərk qalası məhz burada yerləşirdi. Təbrizində “Qazaniyyə”, “Qiyasiyyə”, “Fələkiyyə”, “Məqsudiyyə”, “Nəsriyyə” “Müzəffəriyyə” adlı məşhur mədrəsələr mövcud idi. Təbrizin ən məşhur mədrəsəsi “Şamb-e Qazan”  və ya “Şam-e Qazan” kompleksinə daxil olan Qazaniyyə mədrəsəsidir. Mövlana Ubeyd Həştudi kimi riyaziyyat alimi, Mövlanə Nəsirəddin və Mövlana Məhiyyəddin kimi şairlər bu mədrəsədə təhsil almışdılar.

“Şamb-e Qazan” kompleksin adı mənbələrdə və dövrün tarixşünaslıqda iki formada işlədilir. “Şamb” sözü moğol mənşəlidir və mənası “Cənnət” deməkdir. Hafiz Əbru da öz əsərində bu kompleksi “Şamb-e Qazan” kimi işlətmişdir. İngilisdilli  tarixşünaslıq isə bu kompleks haqqında məlumat verərkən daha çox “Şam-e Qazan” ifadəsindən istifadə edir.  E. Bosfortun verdiyi məlumata görə səksən tümənə bölünən Təbriz şəhərinin qərbində Acı çay yaxınlığında yerləşən Şam kəndi salınmışdı.  Daha sonra isə elə bu kənd yaxınlığında 1275-ci il Arqun xan üçün saray tikilmişdi. İran müəllifi P. Kazimiyan öz məqaləsində Şam kəndinin sonradan Arquniyyə adlandırıldığını və Qazan xan hakimiyyətə gəldikdən sonra isə bu ərazilərdə çoxlu tikinti işləri aparılaraq genişləndirilməsi və adının dəyişdirilib  “Şam-e Qazan” qoyulması fikrini irəli sürür. Buna baxmayaraq müəllif öz tədqiqatında daha çox “Şamb-e Qazan” ifadəsindən istifadə edir.  Qazan xanın etnik mənsubiyyətini, İslamın yeni qəbul olunduğunu və moğol ənənələrinin qaldığını nəzərə alsaq onda moğol dilində “Cənnət” mənasını ifadə edən “Şamb” varıantı (yəni “Qazanın Cənnəti”) da düzgün işlədilmişdir.

Qazan xanın hakimiyyəti illərində bu ərazilər daha hündür və əzəmətli binalar tikildi və  bura kompleksə çevrildi. Burada bir məscid, biri hənəfi, digəri Şafi fiqhinə uyğun olan iki mədrəsə tikilmişdi. Bundan başqa bu kompleksdə tibb məntəqəsi və bir kitabxana yerləşirdi. V. Bartold isə özünün “Uluğ bəy və zamanı” adlı əsərində Qazan xanın inşa etdiyi rəsədxanada və mədrəsədə dünyəvi dərslərin tədris olunduğunu yazır.

Şamb-e Qazan, Qazaniyyə və Şam-e Qazan adlanan kompleks Təbriz yaxınlığında yerləşirdi. Arqun xan h.673-cü ildə (1275) Təbriz şəhərinin qərbində yerləşən Şam kəndində Arquniyyə adlanan kompleks inşa etdirdi. O, kompleksdə bütpərəst bir məbəd inşa etdirmişdi. Şam kəndi Təbrizin ən gözəl coğrafi mövqeyi və iqlimi olan hissəsi idi. H.699-cu ildə Qazan xan hakimiyyətə gəldikdən sonra burdakı bütpərəst məbədləri dağıtdırdı və yerındə məscid və mədrəsələr inşa etdi. R. Hillenbrand isə məlumat verir ki, Qazan xan Təbrizi paytaxt etdikdən sonra buradan kənarda yeni bir məhəllə qurdu və bu məhəllənin mərkəzində iri bir kümbəz tikilmişdi. Zaman irəlilədikcə kümbəz ətrafinda dini və təhsilə dair tikililər çoxalmağa başladı.

Zamanla mədrəsələr inkişaf etdi və artıq XIII – XIV əsrdə mədrəsələr fiqhdən astronomiyaya, tibdən kimyaya qədər bir çox fənləri tədris edən universitetlərə çevrildi. F. Ziyemenin verdiyi məlumata görə hər bir mədrəsədə İslam məzhəblərindən birinə (ya Şafi, ya da Hənəfi) uyğun tədris aparılırdı. Hind əsilli ingilis alimi Nəsir Hüseyn bildirir ki, Şiə və Sünni mədrəsələri demək olar ki, bir – birlərində fərqlənmirdilər. Dərslər arasında yeganə fərq fiqh elmində idi. Nəsir Hüseynin daha bir məlumatına görə isə istər Elxanilər dövründə istərsə də Səfəvilər dövründə mədrəsələrdə daha çox fəlsəfənin tədrisinə  üstünlük verilir. Görkəmli alimimiz Nəsirəddin Tusinin də “Əxlaq-i Nasiri”  başda olmaqla bir çox əsərinin fəlsəfəyə aid olması bu fikirlərin həqiqətə uyğun olma ehtimalını artırır. “Əxlaq-i Nasiri” əsəri eyni zamanda mədrəsələrdə dərslik kimi istifadə olunurdu.

Mədrəsələrdə dərslər Qərbdə professor dərəcəsinə uyğun gələn müdərrislər tərəfindən aparılırdı. Bundan əlavə müdərrislərə naib və müidlər köməklik göstərirdilər. Naiblər əsasən müdərrisə köməkçilik edirdilər. Müidlər isə tələbələrə dərsləri təkrar etdirirdilər. Müdərrislər qədər müidlər də savadlı olmalı idilər. Hər fənnin müdərrisi və müidi ayrı olurdu. Mədrəsələrdə tələbələrin qidalanma və yataq problemlərini həll etmək üçün xüsusi vəqf hesabına formalaşan maliyyə ayrılırdı. Tələbələrin mədrəsədə aldığı təhsil müddəti 5 il idi. Tələbələr öyrəndiklərini müdərrisin istədiyi kimi qavramalı idilər. Əgər müdərris onun biliyindən razi qalardısa ona xüsusi icazə kağızı verirdi. Tələbə ilə müəllim arasında sıx, hətta ata-oğul münasibətləri səviyyəsində yaxınlıq olurdu. Tələbə heç kəsə demədiyi problemlərini belə öz müəllimi ilə bölüşürdü. Əgər bir tələbə çox elmli birinə çevrilirdisə zamanla özü də bir müdərris olurdu. Əgər tələbə nizam-intizam qaydalarını pozardısa mütəvəlli tərəfindən mədrəsədən qovulur və yerinə yeni bir tələbə alınırdı.

Şamb-e Qazan kompleksində Qazan xanın özü üçün inşa etdirdiyi  günbəz Mərv şəhərindəki Sultan Səncər günbəzindən daha hündür idi. Hətta bir müddət bu İslam dünyasının ən hündür tikilisi hesab olunmuşdu. Bundan başqa burada Qübbə-yi Ali (Böyük günbəz – Qazan xanın məqbərəsi), Came Məscid, Məktəblər, Hənəfi məktəbi, Şafi məktəbi, Həkimiyyə məktəbi, Xanəgah,  Dar us-Siyada (Seyidlər mehmanxanası), Dar uş-Şəfa (Xəstəxana), Dar ul-Əytam,  Rəsədxana, Beyt ul-Kutub (Kitabxana), Beyt ul-Qanun (məhkəmə binası),  Beyt ül-mütəvəlli (Qəyyum evi),  Hovuz xana, Hamam,  Adiliyə Bağçası və Sarayı mövcud idi. Kompleksin divarı 16 bucaqlı formasında olub, eyni uzunluq və enə malik idi və hər tərəf Qazan xanın türbəsinin müvafiq tərəflərinə paralel inşa edilmişdi.

Yeni şəhərciyin hər qapısı yaxınlığında karvansara, hamam və bazar tikilmişdi, Şəhərciyin həyətində kənar bölgələrdən gətirilmiş müxtəlif meyvə ağacları əkilmişdi. 1304-cü ildə (h. 703) Qazan xan dünyasını dəyişəndə həmin kompleksdə dəfn olundu.

İbn Bətutə bu kompleksin yaxınlığında yerləşən bir neçə abidə haqqında məlumat verir. O bildirir ki, Şamb-e Qazan – Təbriz yaxınlığında Qazan xanın qəbri yanında mədrəsə və zaviyə (təkkəyə bənzər ibadət və yaşayış üçün yer) var. Burada gələn qonağa çörək, ət, yağ, düyü halvası ikram edilir.

Şamb-e Qazan kompleksinə daxil olan və zamanımıza qədər gəlib çatmayan Sultan Qazan türbəsi (Qübbə-yi Ali) dodekaqonal  (on iki bucaqlı) formasında inşa olunmuşdu. Türbənin diametri 50 addım ( təxminən 75 metr), hündürlüyü isə 450 fit (təxminən 137,16 metr) idi və türbənin yuxarısında Naxçıvan və Marağa memarlıq məktəblərinin xüsusiyyəti ilə eyni səciyyəvi xarakter daşıyan  iri bir günbəz yerləşirdi. Türbənin divarları Səlcuq memarlığına xas olan firuzəyi rəngli şirli kərpiclərdən ibarət ulduz şəkilli və kəsişən plitələr formasında naxışlarla bəzədilmişdi. Bununla yanaşı türbənin bəzədilməsində polixromatik rəngləmə üsullarından da istifadə olunmuşdu.  Əsasən lacivərd (dəniz yaşılı), qara və ağ rənglərə daha çox üstünlük verirdilər.

Təbrizdə fəaliyyət göstərən və müasir dövrümüzdə universitet və ya akademiyalara uyğun gələn digər bir təhsil müəssisəsi isə Rəb-e Rəşidi kompleksi idi. Bu kompleksdə dini və dünyəvi müxtəlif elmlər öyrənilirdi. Lakin, kompleks əsasən tibb sahəsində ixtisaslaşmışdı. Bu da görkəmli dövlət xadimi, tarixçi və həkim Fəzlullah Rəşidəddinin əsas ixtisası ilə bağlı idi. Rəb-e Rəşidi kompleksində də əsasən biri Şafi, digəri Hənəfi olmaq etibarilə iki mədrəsə fəaliyyət göstərirdi.

Təbriz və digər Azərbaycan şəhərlərində dərslər sadəcə olaraq mədrəsələrdə aparılmırdı. Azərbaycanda rəsədxanalar və zaviyələr də tədris müəssisəsi kimi fəaliyyət göstərirdi. Şəmb-e Qazan kompleksində yerləşən rəsədxana heç də Marağa şəhərində yerləşən rəsədxanadan geri qalmırdı. Bu rəsədxanada tələbələr yeni elmi biliklər öyrənməklə bərabər müxtəlif təcrübələr də apara bilirdilər. Bu da onların dərindən elmi biliklərə yiyələnməsinə səbəb olurdu. Burda da müvafiq tədris həyata keçirilirdi.

Hülakilərin mövcud olduğu ilk illərdə mədrəsə və məktəblərin dağıdılması ilə bağlı olaraq zaviyələr və təkkələrdə dərslər keçilirdi. Təkkələr tədris rolunu oynamaqla bərabər dini ibadət rolunu da oynayırdı. Bundan başqa rəmmallıq və kimyagərlik kimi bəzi elmlər müəllimlərin öz evlərində və ya emalatxanalarda keçilirdi. Bu tip elmləri öyrənmək üçün tələbələr xüsusi keçilirdi. Ona görə də bu tip elmlər gizli elmlər adlanır.

Göründüyü kimi Elxanilər dövründə elm səbəbsiz yerdən inkişaf etməyib. Bunun başlıca səbəbi isə təhsil sisteminin yüksək səviyyədə və geniş şaxəli inkişaf etməsidir. Elxanilər dövründə təhsilimizin yüksək səviyyədə olması bir çox elm alimin yetişməsinə və Azərbaycan elminə qurur duyulacaq qədər nailiyyətlər bəxş etməsi ilə nəticələnmişdir ki, bunu da əsasında təhsil dayanır. İngilisdilli tarixşünaslıq əsasında yetərincə araşdırılma pridmeti olmayan Şəmb-e Qazan kompleksi və onun tarixi daha artıq tədqiqat əsərlərinin yaradılmasını tələb edir və bu prosesin gələcəkdə də davam etdirilməsi zərurətini ortaya qoyur.

Məqalə “BAO”-nun saytından alınmışdır

Həmçinin yoxlayın

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …