
GADTB: BMT-nin xüsusi məruzəçisi Mai Sato sosial şəbəkədə fars dilində paylaşdığı açıqlamada bildirib ki, ABŞ ilə İran İslam Respublikası arasında imzalanmış 14 maddəlik memorandum əsasən hərbi qüvvələrin çıxarılması, Hörmüz boğazının yenidən açılması, nüvə öhdəlikləri, sanksiyaların ləğvi və 300 milyard dollarlıq yenidənqurma fondunun yaradılmasına həsr olunub, lakin sənəddə insan hüquqları məsələsinə demək olar ki, yer verilməyib.
BMT ekspertlərinin Geneva şəhərində yayımladığı birgə bəyanatda memorandumun imzalanması müsbət qiymətləndirilsə də, İran xalqının xarici hərbi əməliyyatlar və daxili repressiyalar fonunda bu razılaşmada faktiki olaraq nəzərə alınmadığı vurğulanıb.
May Sato bəyan edib: “Milyonlarla iranlı küçələrə çıxaraq köklü dəyişikliklər tələb edib. Onların səsi gələcəklərinin müəyyənləşdirildiyi hər bir danışıqlar prosesində eşidilməlidir.”
Ekspertlər bildiriblər ki, müharibənin başlanmasından sonra İran hakimiyyəti müxaliflərə və etirazçılara qarşı təzyiqləri daha da artırıb və minlərlə insan saxlanılıb.
Bəyanatda işgəncə, məcburi itkin düşmələr, nümayiş xarakterli edamlar və saxlanılan şəxslərin kamera qarşısında etiraf verməyə məcbur edilməsi ilə bağlı məlumatların daxil olduğu qeyd edilir. Ekspertlərin sözlərinə görə, müharibənin başlanmasından bəri İranda azı 156 nəfər edam olunub.
Onların məlumatına əsasən, bu şəxslərdən ən azı 42-si casusluq və milli təhlükəsizliklə əlaqəli ittihamlarla edam edilib. Bir çox işlərdə etirafların işgəncə altında alındığı və təqsirləndirilən şəxslərin vəkilə çıxış imkanlarının məhdudlaşdırıldığı iddia olunur.
Bəyanatda həmçinin qeyd edilir ki, İran hakimiyyəti ən azı 1500 vətəndaşın, o cümlədən xaricdə yaşayan yüzlərlə iranlının əmlakını müsadirə edib və bunu cəza və transsərhəd təzyiq vasitəsi kimi istifadə edib.
BMT ekspertləri İranın bəhai icmasını, eləcə də kürd və bəluç vətəndaşları xüsusi risk altında olan qruplar sırasında göstəriblər. Onların sözlərinə görə, İran rəhbərliyi tərəfindən elan edilən əfv qərarı təhlükəsizlik işləri üzrə məhkum olunmuş şəxslərə şamil edilmir və buna görə də çoxsaylı etiraz iştirakçıları hələ də həbsdə qalırlar.
Ekspertlər memorandumda nəzərdə tutulan 300 milyard dollarlıq yenidənqurma fondunun icra mexanizmləri müəyyənləşdirildikdən sonra həqiqətən də İran xalqının rifahına xidmət edəcəyinə ümid etdiklərini bildiriblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi