Çərşənbə axşamı , May 17 2022
azfa

Sinay perqamentində Alban türk sözləri

GADTB: Uti dilinə yaxın olan Sinay perqamentinin dili türk, ari və sami mənşəli sözlərin qatışığından ibarətdir. Ancaq orada türk sözləri o qədər də çox deyil. Bu da ondan irəli gəlir ki:

1. Sinay perqamenti dini mövzuda yazılmışdır. Orada daha çox kilsə terminləri işlənmişdir.

2. Əlyazmanın mətni həcmcə kiçik moizə və dualardan ibarətdir. Ona görə də orada dünyəvi leksikanın azlığı təbiidir.

Bizim üçün maraqlıdır ki, Sinay perqamentində yazıya alınmış xeyli sözün həm türk, həm Yafəs (alban, iber, uti, kür və s.) dillərində paralelləri vardır. Onlar yığcam şəkildə aşağıdakılardan ibarətdir:

– kalak “şəhər”. Z.Aleksizdenin fikrincə, kalak türk sözü ola bilməz. Çünki uti dilində olduğu kimi, gürcü dilində şəhər anlamında kalak sözü vardır (Aleksidze 2003b, 125).

Gürcü dilində kalak sözünün varlığı yetərli deyil ki, onun qeyri-türk mənşəyi haqqında fikir yürüdəsən. İndiki gürcülərin əcdadları Tiflisi tutmazdan qabaq burada yaşayan iberlərin, erlərin, qaxların dilində kalak sözü vardı (Marr 1927. 132). Gürcüstanın gürcülərə qədərki salnamələrində ölkənin böyük şəhərləri Tiflis, Ucarma, Bazar, Safar və b. kalak adlanır.

(Бакрадзе, Берзенов 1870. 11, 27).

Tiflis hələ kənd olanda onun yaxınlığında Kala şəhəri var idi.

Utilərin dilinə yaxın olan Urartu kitabələrində kalak sözü “qala”mənasında işlənmişdir (Меликишвили 1956, 175, 329). Bu da təbiidir. Çünki həm Urartu, həm Alban tayfa ittifaqına çox zaman türk nəsilləri başçılıq etmişdir.

Alban, uti dilləri Yafəs dilləri qrupuna daxildir. Məlumdur ki, Yafəs xalqlarının formalaşmasında türk etnosları iştirak etmişdir (Шор 1931. 223-244). Ona görə də, onların dilində türk sözlərinin varlığı təbiidir.

Bəziləri belə hesab edirlər ki, kalak assur, yəni sami sözüdür. Düzdür, Assuriya mixiyazılı mənbələrində qala, istehkam mənasında kalak sözü tez-tez işlənir (Шопен 1852,27; Шопен 1866. 201; Solmaz Qaşqay 2006. 129). Ancaq bu, onu bildirmir ki, kalak türk yox, sami mənşəli sözdür.

İberiyanın ətrafına qala çəkilmiş şəhərləri kalak adlanırdı.

Assurlar Turan mənşəli qeyri-sami etnos idilər. Onlar yüz illərlə cənub-qərbdən ölkələrinə basqın edən aramey tayfalarının təsiri altında öz köklərindən uzaqlaşdılar. Artıq e. ö. XI əsrdə Assuriya əhalisinin xeyli hissəsini akkadlar semitləşdirmişdilər.

E. ö. IX-VIII əsrlərdə Assuriyanın bir tayfası özünü Kalak adlandırırdı (Шопен 1852. 571; Шопен 1866, 201). Onların şəhəri Assuriyanın iki inzibati mərkəzindən biri sayılırdı (Solmaz Qaşqay 2006, 129). Bu da onu göstərir ki, Kalak Assurdan sonra ölkənin ən güclü nəsli olmuşdur.

Sinay yazıları Mingəçevir yazılarına bənzəyir.

Belə hesab edirik ki, həmin kalaklar sonralar şimala köçmüş, Türkiyə ilə Gürcüstan arasında Axal Kalak tarixi mahalını yaratmışlar. Fikrimizi Cənubi Qafqazda çoxsaylı Kalak kəndlərinin varlığı təsdiq edir. XIX yüzillikdə İrəvan quberniyasının Sürməli (Шопен 1852, 495, 521) və Tiflis quberniyasının Sıqnax (Пагирев 1913. 110) qəzalarında Kalaklı kəndləri vardı. XX əsrin əvvəllərində Gəncə qəzasında Kələk kəndi qeydə alınmışdı (Список 1922. 14).

Urartu kitabələrindəki e-qal “saray”, “böyük ev” və uti, iber, alban dillərindəki kalak, qala sözləri türk mənşəlidir. Buna uyğun olaraq dilimizdə qalaqlamaq – daşları üst-üstə yığmaq feli vardır.

– talavar. Bu söz Sinay perqamentində “talvar” mənasında işlənmişdir (Aleksidze 2003в. 125). Gürcü dilində talavari, erməni dilində tağavar sözlərinin varlığı heç də onu bildirmir ki, bu söz türk mənşəli deyil. Gürcü dilinə həmin söz iber, erməni dilinə h’aylardan keçmişdir. N.Y.Marr qədim erməni və gürcü dillərinə həsr etdiyi əsərlərində göstərmişdir ki, iber və h’ay dilləri iltisaqidir və indiki erməni, gürcü dillərinə qohum deyildir (Marr 1903. XXVII-XXIX). Biz çoxsaylı dil faktlarına istinadən sübuta yetirmişik ki, həmin dillər türk dillərinin iştirakı ilə yaranmışdır (Cəfərsoy 2007. 42-56; Джафарсой 2008. 58-63; Cəfərsoy 2009. 120-129).

Sinay perqamentindəki talavar sözü indi dilimizdə talvar formasında işlənir.

– abazak “quldur”. Z.Aleksidze bildirir ki, erməni dilindəki avazak və gürcü dilindəki avazaki Sinay yazısındakı abazak sözünə uyğundur (Aleksidze 2003а. 125). O nəzərə almır ki, türk dillərinin qıpçaq qrupunda buna uyğun olaraq avaz qəssab, başkəsən sözü vardır. “Koroğlu” dastanındakı Eyvaz qəssab oğludur. Eyvaz eponiminin arxaik variantlarından biri Abazdır.

Sinay perqamentindəki yexan, Alban salnamələrindəki yexna türk sözləridir.

– korba “qurban”. Tərcüməçi onu yevrey, gürcü və erməni dillərindəki korban “sovqat”, “ianə” sözləri ilə əlaqələndirir. Nəzərə almır ki, o, dini termindir və türk dillərində də həmin mənada işlənir. Z.Aleksidze onu da nəzərə almır ki, yevrey dili yəhudi dili deyildir. Yəhudilər Sam, yevreylər Kam nəslindəndirlər.

Yexan – Sinay perqamentində aylardan biri yexan adlanır (Aleksidzea 2003. 36). Gəncəkli Kürək (Kurakos Qandzaketsi) yazır ki, albanlar ən isti aya yəxna deyirlər. Fikrimizcə, yexan/yəxna “yandırıb-yaxmaq” felinin arxaik variantıdır. Dədəmiz Qorqudun kitabında buna uyğun olaraq yəxni “qaynadılmış ət” sözü vardır.

– buxacuq “tanrı” (Aleksidze 2003a. 73. 87. 122). B-ğ buxacuq teoniminin qısa yazılış formasıdır. Ancaq Z.Aleksidze onu “bixacuq” oxuyur. Utilər son zamanlara qədər tanrıya bixacuq yox, buxacuq deyirdilər.

(Шопен 1866. 433;

Qukaşyan 1984. 14-17).

Söz yox ki, buğa totemik tanrı adıdır. Cahilliyə dövründə əcdadlarımız tanrını yalnız insan deyil, həm də qanadlı heyvan və quş formalarında təsəvvür edirdilər. Düşünürdülər ki, yırtıcı heyvanlar və quşlar göylərdən igidlərə güc, qüvvət gətirir. Qanadlı buğalar isə var-dövlət, bolluq, bərəkət timsalıdır.

Albaniya və İberiyanın bir çox qəbilələri Tanrının buğa şəklində bütünə buğa, qartal şəklində bütünə kuş deyirdilər.

İberlər kimi h’aylar da buxa tanrının buğa şəklində qoyulan bütünə deyirdilər (Шопен 1866. 483). H’Aylar indiki ermənilərin əcdadı olsaydılar, öz totem tanrılarını türkcə buğa yox, ari və ya sami dillərindəki vol, misraim sözləri ilə adlandırırdılar.

Urartu dövrünün bir çox etnosları buğaya sitayiş edirdilər. 1912-ci ildə İ.A.Orbeli Topraq kaladan mərmər lövhə üzərində buğa şəkli tapmışdır. Ondan 4 il sonra Van gölü yaxınlığında arxeoloji qazıntılar zamanı qanadlı buğa bütü tapıldı. Bütün qanadları qızıldandır (Пиотровский 1944. 35). Bu da buğanın göyləri təmsil etdiyinə işarədir.

Əski türk qaydası ilə Xaçın hakimi Həsən Cəlal nəvəsinə Ağ Buğa adı vermişdi. Hülakilər dövründə Metex atabəyi Ağ Buğa totem adı daşıyırdı. (Петрушевский 1949. 252).

Musa Xorenli (VII əsr) yazır ki, Day mahalının bir vilayəti Buxa adlanır (Хоренский 1809.232; 1893.294). Sen- Marten həmin vilayətin adını Puxa kimi oxuyur.

(Шопен 1852.24).

İberlər buğanı müqəddəs sayırdılar. Buğaya olan etiqad Qafqaz və Piriney qurlarını birləşdirir.

Türk kökənli etnoslar buğaya olan əski inanclarını özləri ilə Piriney yarımadasına aparmışlar. Buğa döyüşləri bizdə unudulmuş, İspaniyanın bir çox vilayətlərində indiyədək qalmışdır.

Akademik İ.İ.Meşşaninov 1927-ci ildə nəşr etdirdiyi bir məqaləsində yazırdı: – İberlər buğanı müqəddəs sayırdılar. Buğaya olan etiqad Qafqaz ilə Piriney yarımadasının qədim xalqları arasında etnogenetik bağlar olduğunu göstərir (Мещанинов 1927.28). Bütün bunlar təsdiq edir ki, Buğa totemik tanrı kimi Yafəs xalqlarının xristianlığa qədərki inancında əsas yerlərdən birini tutmuşdur.

–kul “bilək”, “əl” (Aleksidze 2003a. 122). Bu sözün türk mənşəyini təsdiq etmək üçün nümunələr verməyə ehtiyac yoxdur. Yalnız onu qeyd etmək lazımdır ki, L.Meliksetbekov, Q.Kapantsyan Urartu yazılarında bu sözləri tapdığına görə, 1936-1937-ci illərdə Abkar Payzatı dar ağacına çəkmişdilər.

–ğar, “oğul”, “bala” (Aleksidze 2003a. 87, 122). Bu söz türk dillərindəki qarın, qarındaş, qardaş sözlərinin köküdür.

–içi “özü”, -içey “özünün” (Aleksidze 2003a. 89, 12). Bu əvəzliyin kökü türk dillərindəki iç zərfidir. Özümüz, öz aramız sözlərinin sinonimi kimi Azərbaycan türkcəsində “içimiz” deyimi indi də işlənir.

–viçi “qardaş” (Aleksidze 2003a. 89, 122). “V” səsartımı kimi xald mənşəli yazılarda çox işlənir. İçi qədim türk yazılı abidələrindəki içi – eçi “böyük qardaş” sözünün arxaik variantıdır: – Bəğ ərigcə sabıkbasar eçimiz. “Divanü-luğat-it-türk”də də içi sözü “böyük qardaş” mənasında verilmişdir (MK. IV. 2006, 209).

–ke “qabağa” (Aleksidze 2003в. 122). Van-Urartu yazılarında qabaq, ön zərfləri ka sillabik formantı ilə göstərilmişdir (Меликишвили 1960. 41, 378). Ke, ka türk dillərindəki qa+baq, qa+rşı sözlərinin köküdür.

Müqəddəs torpaqlarda albanların çoxsaylı kilsə və monastırları vardı.

–tur “çay” (Aleksidze 2003а. 122). Buna uyğun olaraq türk dillərində türümək “axmaq”, “çağlamaq” feli vardır.

Düşünürük ki, Sinay dağı alban yazılarının tapıldığı son yer olmayacaqdır. Çünki albanlar müqəddəs torpaqlarda kilsələr, monastırlar çox tikdirmiş və icmalarla köçərək orada yurd salmışlar. “Albaniya tarixi”ndə verilən bilgiyə görə, ancaq Qüds şəhərində və ətrafındakı dağlarda albanların 6 kilsəsi, 9 monastırı olmuşdur (Albaniya tarixi. 1993. 172, 173, 174).

Antik yunan və latın tarixçilərinin yazdığına görə, albanların bir hissəsi Midiya dağlarında yaşayırmış (Страбон. XI.7.1; XI-VII). Azərbaycan ərazisində iki Albaniyanın olmasını Musa Xorenli bildirir. Onun kitabının 1809-cu il nəşrində göstərilir ki, Albaniya Kür çayının şimalında yerləşir. Bundan başqa Alvaniya adlı başqa bir ölkə də vardır. Həmin Alvaniya Atropatenin bir vilayəti idi. (Хоренский 1809. 230, 231). Musa Xorenlinin “Tarix”inin 1893-cü il nəşrində belə bir qeyd var: – Paytakaran mahalı Araz çayından bir az aralıda yerləşir. Onun bir vilayəti Alevan adlanır (Хоренский 1893-293). Buradan aydın görünür ki, Midiya dağlarında yaşayan albanlar Kür və Araz çayları arasına köçmüş, Beyləqan yaxınlığında Alvan mahalını yaratmışlar.

Qədim “İber salnaməsi”nin və orta əsr gürcü mənbələrinin tədqiqi göstərir ki, albanların aranda yaşayan hissəsi İslam dinini qəbul etmiş, dağlarda yurd salanlar xristianlıqdan dönməmişdir. Təbrizli Arakel yazır ki, ərəblər albanların yalnız bir qismini müsəlman edə bildilər (Даврижеци 1973. 514).

Kaxeti və Eretinin qədim qəbilələri gürcü deyildi. Onların çoxu alban və türk idi.

Albanların bir çox nəsilləri sasanilərlə, ardınca ərəblərlə döyüşə-döyüşə Alazan və İori çaylarının arasına, meşəli dağlara çəkilmiş, orada Kax, Kux, Ana, Toz, Er, Ucar və başqa knyazlıqları yaratmışlar. Gürcü salnamələrində onların ölkəsi Kaxeti, Kuxeti, Ereti, Ayniana, Ucarma, Tuşeti və s. adlandırılır.

İlhami Cəfərsoy,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Enerji və tranzit: Tehran-İrəvan əməkdaşlığının ən mühüm sahələri

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İrana” istinadən yaydığı məlumata görə, İran Ermənistanla əlaqələri və əməkdaşlığını gücləndirir. …

Azərbaycan türkcəsini məhv edən İrandan məktəblərdə “fars dilini qoruma zəngi”-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 40 milyondan çox türkün dilini qadağan edib, məhvə …