
GADTB: “The Wall Street Journal” qəzetinin redaksiya məqaləsində xəbərdarlıq edilib ki, hətta İran İslam Respublikası ilə müharibəyə son qoymaq üçün razılaşma əldə olunması belə, SEPAH-a aid edilən ABŞ rəsmilərinə və maraqlarına qarşı təhdidlərin dayandırılacağına zəmanət vermir. Qəzet yazıb ki, bu cür təhdidlərin tarixi hazırkı müharibədən daha qədimdir və Tehranla əldə edilə biləcək razılaşma onların mütləq sona çatacağı demək deyil.
“The Wall Street Journal” ABŞ-ın maliyyə naziri Skott Bessentin İran İslam Respublikasına qarşı sanksiyaların həyata keçirilməsindəki roluna toxunaraq yazıb ki, məlumatlara görə, İrana aid edilən ölüm təhdidlərindən sonra o, hərbi bazaya köçürülüb. Qəzet ABŞ sanksiyalarını İran hökumətinə qarşı iqtisadi təzyiqin mühüm tərkib hissəsi kimi qiymətləndirib.
Yazıda təhdidlərin tarixini və miqyasını göstərmək üçün bir neçə təhlükəsizlik işi də xatırladılıb.
FBI noyabrın 10-da, çərşənbə axşamı, SEPAH üzvü və ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun qətlini planlaşdırmaqda ittiham olunan Şəhram Pur-Səfini axtarışda olan şəxslər siyahısına daxil edib. Onun tutulmasına kömək edəcək məlumat üçün 20 milyon dollar mükafat təyin olunub.
ABŞ prokurorları Məhəmməd Baqir Səd Davud əl-Sədini də Bruklindəki həbsxanadan ABŞ-ın Britaniyanın Feyrfod aviabazasındakı B-1 bombardmançılarına hücum planının hazırlanmasında iştirak etməkdə ittiham ediblər. “The Wall Street Journal”ın yazdığına görə, bu təhdid nəticəsində həmin bazadan 12 bombardmançı təyyarə çıxarılıb.
Qəzet ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeoya, İran üzrə keçmiş xüsusi nümayəndə Brayan Huka qarşı əvvəlki təhdidlərə, eləcə də SEPAH-a aid edilən Donald Trampa sui-qəsd planlarına da diqqət çəkib.
“The Wall Street Journal” daha sonra ABŞ-ın vitse-prezidenti Cey Di Vensin iyun ayında İran İslam Respublikası ilə anlaşmanı müdafiə edərkən səsləndirdiyi fikirləri xatırladıb. Vens həmin vaxt bu hökumətin rəhbərlərinin onilliklər boyu davam edən düşmənçilikdən peşman olduqlarını bildirdiklərini və Vaşinqtonla münasibətlərdə yeni səhifə açmaq istədiklərini demişdi.
“The Wall Street Journal”ın redaksiya heyəti bu faktlara əsaslanaraq belə qənaətə gəlib ki, hətta müharibəyə son qoyulması barədə razılaşma əldə edilməsi və ya İran İslam Respublikası rejiminin Hörmüz boğazından neft tankerlərinin keçidinə təminat verməsi belə, SEPAH-ın Qüds qüvvələrinə aid edilən və xarici ölkələrdə amerikalılara, yəhudilərə və iranlı müxaliflərə qarşı yönəlmiş fəaliyyətlərin dayandırılacağına zəmanət verməyəcək.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi