Çərşənbə axşamı , İyun 22 2021
azfa

Surların arxasındakı yurd: Bütün yollar eyni həqiqətə aparır

GADTB: “İngilis köməyindən imtina olunmalıdır, onlar bizə mane olurlar. Təxirə salınmadan ordu hissələri Zəngəzura göndərilsin”

Vətən müharibəsindən sonra aktual məsələlərdən biri də Naxçıvan Muxtar Respublikası ilə Azərbaycan Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması və azərbaycanlıların gələcəkdə Zəngəzura qayıtması məsələsidir. Qonşu dövlətlər buna əngəl yaratmaq istəsə də, Azərbaycanın bu yöndə mövqeyi qətidir. Çünki bu bölgə tarix boyu azərbaycanlıların yaşadığı qədim yurd olub. İstər adının etimologiyası, istər tarixi, maddi və mədəni abidələri, bölgəyə xas mədəniyyəti də bunu əsaslı sübut edir.

Hazırda xalqın dilində Şərqi Zəngəzur və Qərbi Zəngəzur deyilən coğrafi ərazi mövcuddur ki, Vətən müharibəsinədək Azərbaycan Respublikasının tərkibində olan şərq hissəsi işğalda idi. Şərqi Zəngəzura daxil olan Qubadlı, Zəngilan və Laçın rayonları azad olunsa da, tarixi ədalət tam olaraq bərpa edilməyib. Zəngəzurun qərbi hələ də Ermənistanın tərkibindədir.

Zəngəzurun ərazisi və tarixi

Araşdırmaçıların gəldiyi nəticəyə görə, Zəngəzur adının etimologiyası Mahmud Kaşqarlının və Fəzlullah Rəşidəddinin əsərlərində qeyd etdikləri “zəngi” hun-oğuz  türk tayfalarının adına bağlıdır. Zəngi adına bölgələrdə bir çox yerlər bağlıdır. Onlardan Zəngibasar, Zəngənə, Zəngi çayı və s. misal çəkmək olar. “Sur”, yaxud da “zur” isə yüksək yerdə dağ, qala, bürc mənasında işlədilir. Beləliklə Zəngəzur adının açıqlaması  da “Zəngilərin qalası”, yaxud da “Zəngilərin dağı” deməkdir.

Digər bir variant isə “Zəngizar” adıdır ki, bu da “daşlıq”, “qayalıq”, “dərə” mənası verir. Lakin hər iki ad mənşəcə türk tayfaları olan Zəngilərə bağlıdır.

Mahalın ərazisində ən qədim yer adı Mehri adıdır ki, bu ada Assur-Babil gil kitabələrində hərbi yürüşlər bölməsində rast gəlinib. Burada Mehri “Mığırı” kimi yazılıb. Hətta çaylar və coğrafiya da dəqiq göstərilməklə “Mığırı ölkəsi” qeyd edilib.

Zəngəzurda iskitlərin yaşadığına dair tarixi faktlar da mövcuddur. 1944-cü ildə İsak Cəfərzadə və memar İ.Şeblikin Qubadlıda tədqiqat işləri apararkən, burada siklopik qalalar, tunc güzgülər, silahlar tapmışdılar. Sonradan məlum oldu ki, bu abidələr Oğuz türklərindən daha əvvəlki dövrlərə, məhz türk mədəniyyətinə aiddir. Lakin həmin dövrdə bunu açıq deyə bilmirdilər.

Müasir tarixçilər isə tədqiqatı bir daha incələdikdən sonra rəy verdilər ki, həmin abidələr və əşyalar məhz iskit-sak mədəniyyətinə aiddir. Qara kilsə (Sisiyan) rayonundakı urud abidələri, qoçbaşlı məzar daşları tariximizin bu yerlərdə daha qədimdən mövcud olduğunu bir daha təsdiq edir.

Zəngəzurun daha bir ərazisi Sünikdir. Musa Kalankatlı “Alban Tarixi” kitabında buranı “Sisakan” və “Sünik” adlandırıb. Bu adın da etimologiyası Sak türklərinə bağlıdır. Belə ki, “sis” qədim türkcədə “hündür yer”, “meşə” deməkdir. Sak türk tayfası, “an” isə yer mənasını bildirir. Ayrıca, suriyalı Zaxari Ritorun 555-ci ildə yazdığına görə, Syuni adlı hökmdar Alban ölkəsində Sisakana başçılıq edib.

Buranın əhalisi xristianlardan fərqli danışır. Bu faktın üzərində araşdırma aparan alimlər həmin əhalini 26 dildə danışan Alban tayfalarından birinə aid edirlər. Ermənilər Sovet dövründə həmin faktı öz xeyirlərinə istifadə etməyə çalışsalar da, bu, mümkün olmadı. Çünki rus qafqazşünaslarının apardıqları tədqiqatlar zamanı ermənilərin həmin ərazidə yaşamadığı, Van gölü ətrafında kiçik çarlıqda biləşdikləri, eyni zamanda Romanın təsiri ilə 315-ci ildən sonra xristianlığı qəbul etdikləri qeyd edilib. Suriyalı tarixçi isə Sünikdə yaşayan xalqın xristian olmadığını, atəşpərəst olduğunu yazıb.

No description available.

Daha sonrakı dövrlərdə bölgənin adı Sisəcan olaraq dəyişib. Səfəvilər dövrünün fərmanlarında da, müəllif qeydlərində də bura Sisəcan olaraq qeyd edilir. Bildiyimiz kimi, 1590-cı il Osmanlı-Səfəvi müqaviləsindən sonra bu ərazilər Osmanlı torpaqları hesab edilməyə başladı. Həmin dövrdə Naxçıvan sancaqlığının müfəssəl dəftərində Sisəcan ərazisi 942 kv.km olaraq qeyd edilib.

Zəngəzurun türk tarixinə bağlılığı tarixi faktlarla yanaşı böyük türk ədəbiyyatı abidəsi sayılan “Kitab-Dədə Qorqud” dastanında da öz əksini tapıb. “Uşun oğlu Səyrək” boyunda Gorus-Əngəlyurd adı çəkilir.

Zəngəzurdan Azərbaycan türklərinin köçü ilk dəfə bölgədə Osmanlı hakimliyi zamanı qeydə alınmış “İrəvan vilayətinin müfəssəl dəftəri”ndə qeyd edilib. Belə ki, burada yaşayan şiə-qızılbaşların yaşadığı 90 kənd Sultan III Muradın əmri ilə İranın müxtəlif ərazilərinə köçürülüb, yaxud da sürgün edilib. 4 kəndə toxunulmayıb ki, onlar da vergi verən xristian albanlar idilər. 1693-cü ilə aid “Gəncə-Qarabağ əyalətinin icmal dəftəri”ndə isə göstərilir ki, burada 200 kənd türk-müsəlman əhaliyə aiddir, 53 kənddə isə heç kim yaşamır.

Qarabağ xanlığı yaranandan sonra ümumilikdə Zəngəzur mahalı da xanlığın tərkibinə daxil olmuşdu. Lakin 1828-ci ildə Qacar İranı ilə Çar Rusiyası arasında bağlanan “Türkmənçay” müqaviləsindən sonra Çar I Nikolayın əmri ilə Zəngəzurun da bir hissəsi daxil edilməklə, bölgədə “Erməni vilayəti” adlı inzibati ərazi vahidi yaradıldı. Kütləvi olaraq İran və Osmanlı ərazilərindən İrəvan xanlığına, Zəngəzura erməni ailələr köçürüldü. Onlardan vergi alınmadı, əksinə hər cür dəstək göstərildi. Azərbaycanlılar isə sıxışdırılaraq, zamanla öz evlərindən çıxarıldılar, Qarabağ ərazisinə köçürüldülər.

Çar Rusiyasının Qafqazda inzibati ərazi bölgüsü apardığı zaman, 1861-ci ildə mərkəzi Gorus olan Zəngəzur qəzası yaradıldı. Lakin 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası yaradıldı və Zəngəzur qəzası da bu quberniyanın tərkibinə daxil edildi. Quberniyanın ən böyük qəzası olduğundan dörd dairəyə bölünmüşdü.

1874-cü ilə aid kameral təsvirlərdə göstərilir ki, Zəngəzurda 168 xəzinə kəndi (vergiverən) mövcuddur. Onlardan 120-si müsəlman-türk, 42-si erməni, digərləri isə yerli xristian əhalinin yaşadığı kənddir. Əhalinin ixtiyarına verilən əkinəyararlı torpaq sahəsinin ümumi sahəsi 155 min desyatin idi. Əhalinin əsas məşğuliyyəti buğda, arpa əkinçiliyi ilə məşğul olmaq idi. İkinci sahə isə maldarlıq və qoyunçuluq idi.

Zəngəzur Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindəndir. Əhaliin saxladığı qoyunların yunundan xanımlar əl əməyi ilə gözəl xalçalar toxuyardılar. “Yaməni” və “zili” adlanan xalça-kilimləri dünyada məşhur idi. Zəngəzurda yol məsələsi təbii relyefdən asılı olaraq mürəkkəb idi. İlk dəfə 1881-ci ildə Şuşa-Gorus-Naxçıvan araba yolunun çəkilməsinə başlanıldı.

No description available.

Artıq 19-cu əsrin sonundan Zəngəzurda əhalinin sayı artmışdı. Bu da Osmanlıda ermənilərin törətdiyi bəzi hadisələr üzündən oradan köçürülmələrlə əlaqəli idi. Zəngəzurda azərbaycanlılara qarşı ermənilərin ilk qətliamı 1905-ci ildə başladı. Qonşu kəndlərdə yaşayan ermənilər eynən Osmanlı tərkibində etdikləri kimi Zəngəzurda da müsəlman kəndlərinə hücum etməyə başladılar.

Bu çaxnaşmalar Azərbaycan Cümhuriyyətinin dövründə də baş verirdi. Hətta Cümhuriyyətin Fövqəladə Təhqiqat Komissiyasının topladığı 36 cildlik istintaq materialları arasında 80 səhifə Zəngəzur cinayətlərinə həsr olunub.

Ermənilərə divan tutan qəhrəmanlar

Zəngəzurda hərbi əməliyyatlar və milli hökumətə qarşı uzanan əllərin necə peşəkarlıqla qırılması haqqında danışanda məlumatlı insanlar həmin an Sultan və Xosrov bəy Sultanov qardaşlarını xatırlayır.

Zəngəzur qəzasının Qasımuşağı obasından olan bu qardaşların qəhrəmanlığı Azərbaycan tarixində öz səhifəsini yazıb. 1918-ci ilin sentyabrında Naxçıvandan Zəngəzura 10 minlik ordu ilə keçən Andronik Ozonyan burada böyük yağmalama və qətliamlar törətmişdi. Məqsəd Şuşaya keçmək, oradakı birləşmlərlə birlikdə Gəncə üzərinə hücuma keçmək idi. Bu haqda Şaumyana da məlumat vermişdi.

Hətta onlar Sultan bəydən xahiş edirlər ki, “bizə bu keçiddən keçmək üçün kömək edin, sizə böyük məbləğdə qızıl verəcəyik”. Sultan bəy bu haqda qardaşı Xosrov bəylə danışır və birlikdə plan qururlar. Onlar Andronikdən silah istəyirlər. Andronik isə onların istədyi qədər silah göndərir. Silahlar yolda ikən Sultan bəyin igidləri silah gətirənləri pusquya salıb onları məhv edib, silahları toplandıqları əraziyə gətirdilər.

No description available.

Beləliklə dəstənin silah məsələsi həll olundu. Andronik rahat şəkildə Gorusdan Şuşaya doğru hərəkətə keçmək istəyərkən, qəfildən Sultan bəyin dəstəsi tərəfindən pusquya salınır. Onun ordusu igidlik göstərərək, Zabux dərəsində pusquya salınmış erməniləri böyük itkilərə məruz qoydu, demək olar ki, həmin ordu darmadağın edildi. 600-dən çox əsir alındı. Bu döyüşlərdə Sultan bəyin ən etibarlı silahdaşları olan  Cağazurlu Ağamməd və Seyid Həmid xüsusi qəhrəmanlıq göstərmişdilər.

Cümhuriyyət Qarabağ General-Qubernatorluğu yaradılmasına qərar verəndə Xosrov Paşa Bəy oğlu Sultanovun əraziyə hakim olması və digər keyfiyyətləri nəzərə alınaraq, o, qubernator təyin etdi. Təyinat 1919-cu ilin 15 yanvarında qeydə alındı, fevralın əvvələrində artıq Xosrov bəy general-qubernatorluğun mərkəzində – Şuşada idi.

Bundan sonra Qarabağda, onun tərkibinə daxil lan qəzalardan biri kimi Zəngəzurda tək Sultan bəy deyil, Xosrov bəy də ermənilərə diz çökdürürdü. Dro Kanayanın Əsgəran yolunu tutub, Zəngəzurla əlaqəni kəsməsi Xosrov bəyi çox qəzəbləndirmşdi. Gizli yollara bələd olan Xosrov bəy öz hazırladığı plana görə, Dronun quldur dəstəsini məhv etmişdi.

O, Cümhuriyyətin mərkəzinə göndərdiyi məktubda qətiyyətlə yazırdı: “Zəngəzur məsələsində ingilis köməyindən imtina olunmalıdır. Onlar bizə mane olurlar. Təxirə salınmadan ordu hissələri Zəngəzura göndərilsin”.

Qarışıqlıqlar, türk ordusunun Azərbaycandan çəkilməsi ermənilərin əl-qolunu açdı. Daxildə “5-ci kolon”la milli qüvvələrin mübarizəsi, Cümhuriyyətin süqut etməsi Zəngəzuru tək qoydu…

1920-ci ilin yayında Moskvada gedən müzakirələrdə Zəngəzur Azərbaycanla Ermənistan arasında mübahisəli ərazi elan edildi. Həmin ilin dekabr ayından başlayaraq 10 il ərzində Zəngəzurdan 405 min desyatin topraq ermənilərə verildi. Bunlarla yanaşı, 1948-ci ildə bölgədən azərbaycanlıların deportasiyası həyata keçirildi. 131 ailəni əhatələyən 712 nəfər Mingəçevirə yaxın olan Hürüuşağı kəndinə köçürüldü.

1988-ci ildə isə Qərbi Zəngəzurun Sisiyan, Qafan, Gorus və Mehri rayonlarında ümumilikdə 66 kənddən son azərbaycanlılar da deportasiya edildi. 1992-ci ildən başlayan Qarabağ müharibəsi zamanı isə Şərqi Zəngəzura daxil olan Azərbaycanın Laçın, Qubadlı və Zəngilan rayonları növbə ilə işğal edildi – ta ki, 2020-ci ilin Vətən müharibəsinədək.

Qərbi Zəngəzur da Azərbaycandır!

AYNA

Müəllif: Şəhla Cabbarlı

Həmçinin yoxlayın

Tikantəpədə kürdlərin xeyirinə seçkilərin saxtalaşdırılması əhalini qəzəbləndirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tikantəpədə mühacir kürdlərin deputatının kürdlərin xeyrinə seçkini saxtalaşdırması …

BMT-nin qarşısında erməni minalarının partlamasında həyatını itirən azərbaycanlı jurnalistlər yad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan …