
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 26 Azər – Milli Hökumətin süqutundan sonra pəhləvi rejimi tərəfindən türk dilində kitabların yandırılmasının ildönümü münasibətilə dünn Təbrizdə azərbaycanlı fəallar tərəfindən türkcə kitablar paylanılıb.
Bu istiqamətdə Güney Azərbaycanda azərbaycanlı milli-mədəni fəallar 1946-cı il, 16 dekabr tarixində türkcə kitabların yandırıldığı günün ildönümündə Təbrizdə simvolik olaraq türk dilində kitablar paylayıblar.
Azərbaycanlı fəallar keçən illərdə olduğu kimi bu il də uşaqlar arasında yüzlərlə kitab paylayaraq türk dilində kitab oxumağın və təhsilin vacibliyindən, türk dilinin qorunub saxlanılmasından danışıblar.
Qeyd edək ki, hər il 16 dekabr tarixində azərbaycanlı mədəni fəallar, yazıçılar, incəsənət xadimlari, sənətçilər və xalqın müxtəlif sinflərindən olan insanlar müxtəlif tədbirlər keçirərək 1946-cı il eyni gündə, türk dilində yandırılan kitabların ildönümünü qeyd edərlər. Bu istiqamətdə müxtəlif tədbirlər keçirilir.