GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən yanvarın 16-da Təbrizdə bir qrup təqaüdçü etiraz aksiyası keçirib.
Etirazçılar havanın kəskin soyuq olması və qar yağmasına baxmayaraq Şərqi Azərbaycanda Sosial Təminat İdarəsinin önünə toplaşıblar.
Etirazçılar “Haqqımızı almayınca susmayacayıq”, “Ləyaqətsiz məsul şəxslər, istefa-istefa”, “Əmək haqqı rialla, xərclərimiz dollarladır” və s. şüarlar səsləndiriblər. Mitinqin sonunda çıxış edən təqaüdçülərin nümayəndəsi bildirib ki, tələbləri yerinə yetirilməzsə, aksiyanı Tehranda davam etdirəcəklər.
Təqaüdçülər təqaüdlərinin aşağı olmasına, vəzifələrin təsnifatlaşdırılması və bərabərləşdirilməsi haqqında qanunun icra edilməməsinə etiraz ediblər. Onlar həmçinin sığorta xidmətləri sahəsindəki problem və nöqsanların aradan qaldırılmamasına etirazlarını bildiriliblər.