İran Məclisinin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının sədri Əlirza Munadi Sefidan rəhbərlik etdiyi komissiyada ölkənin məktəb və universitetlərində yerli və etnik dillərin tədrisi layihəsinə yenidən baxıldığını və təsdiqləndiyini açıqlayıb.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən, fars dili ilə yanaşı, yerli və etnik dillərdən mətbuatda, kütləvi informasiya vasitələrində istifadə etmək, onların ədəbiyyatını məktəblərdə və universitetlərdə tədris etmək sərbəstdir.
Azərbaycanlı deputat Manadi Sefidan İnstaqram səhifəsindəki paylaşımında yerli və etnik mədəniyyətin və dillərin təbliği və qorunub saxlanmasının ölkədə azlıqların hüquqlarını dəstəkləmək və mədəni müxtəlifliyi təmin etmək üçün fundamental addım olduğunu bildirib.
O əlavə edib ki, bu planın yekun təsdiqi və həyata keçirilməsi İranda müxtəlif etnik qruplar arasında anlaşma və əməkdaşlığın artırılmasına müsbət təsir göstərə bilər və mədəni və dil irsinin qorunub saxlanmasına və genişləndirilməsinə kömək edə bilər.
Qeyd edək ki, qeyri-fars millətləri yer üzündən silmək niyyətində olan irqçi fars rejimi həmin millətlərin torpaqlarını işğal edərək, mədəniyyət və dillərini qadağan etməklə, tədricən qeyri-fars millətləri məhv etməyə çalışır. Təbii ki, hüquqlar istiqamətində istənilən cəhd də bu vəziyyətdə uğursuzluğa düçar olacaq.