Çərşənbə , Sentyabr 16 2026
azfa

Təbrizli sənətçiyə bu dəfə Babək Xürrəmdin tamaşasına görə cümə namazı xütbəsindən təhdid

GADTB: Təbriz imam-cüməsi və Şərqi Azərbaycan üzrə Vəli-fəqihin nümayəndəsi Əhməd Mütəhəri-Əsl 23 mordad tarixində cümə namazı xütbəsində teatr rejissoru Yəqub Sədiq-Cəmalın açıqlamalarına münasibət bildirərək təhdid xarakterli ifadələr işlədib. O, sənətçinin adını çəkməyib.

Mütəhəri-Əsl rejissorun Babək Xürrəmdin haqqında tamaşa hazırlamaqla bağlı fikirlərini “şişirdilmiş” və “yersiz” adlandıraraq, “sonuncu xəbərdarlığı edirəm” deyib və ondan belə açıqlamalar verməməyi tələb edib.

O, həmçinin xalqı “sakit saxladığını” iddia edərək, icazə verildiyi təqdirdə insanların həmin sənətçini “yerində oturda biləcəyini” bildirib.

Bu açıqlamalar «Koroğlu» tamaşasının rejissoru Yəqub Sədiq-Cəmalın Babək Xürrəmdin haqqında tamaşa hazırlanmasına qoyulan qadağaya etiraz etməsindən sonra səsləndirilib. Rejissor Babək Xürrəmdin, Koroğlu və Səttarxan kimi tarixi şəxsiyyətlərin tanıdılmasını öz sənət fəaliyyətinin əsas vəzifələrindən biri hesab etdiyini bildirib.

Şərqi Azərbaycan Mədəniyyət İdarəsinin rəhbəri: Təbrizli rejissor izahat vermək üçün çağırılıb

Şərqi Azərbaycan Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Nemətullah Payan Təbrizli teatr rejissorunun son açıqlamaları ətrafında yaranmış mübahisəyə münasibət bildirərək, sənətçinin izahat vermək üçün idarəyə çağırıldığını açıqlayıb.

Payan rejissorun açıqlamalarını “gözlənilməz və peşə etikası ilə uyğun olmayan” ifadələr kimi qiymətləndirib. O, sənətçiyə lazımi xəbərdarlıqların ediləcəyini və onun bədii fəaliyyətinin də araşdırılacağını bildirib.

Baş direktor rejissorun konkret bir tamaşanın səhnəyə qoyulmasına maneçilik törədilməsi barədə iddiasına da münasibət bildirərək, sözügedən tamaşanın nümayişi ilə bağlı idarəyə indiyədək heç bir müraciət daxil olmadığını deyib və bu iddianın həqiqətə uyğun olmadığını bildirib.

Rəsmi qurumun bu açıqlamaları Təbriz imam-cüməsi Əhməd Mütəhəri-Əslin Yəqub Sədiq-Cəmalın Babək Xürrəmdin haqqında tamaşa hazırlamaqla bağlı fikirlərinə sərt reaksiyasından sonra səsləndirilib.

Rejissor daha əvvəl Babək Xürrəmdin haqqında tamaşa hazırlanmasına mövcud məhdudiyyətləri tənqid etmişdi.

Sənətçinin hədəfə alınması və Mədəniyyət İdarəsinə çağırılması Təbrizin mədəni mühitində mədəni nəzarətlə bədii ifadə azadlığı arasındakı sərhədlər, eləcə də rəsmi qurumların tarixə dair fərqli yanaşmalara münasibəti barədə müzakirələri yenidən gündəmə gətirib.

https://t.me/GADTB1/57619

Həmçinin yoxlayın

İranın Türkiyə və Gürcüstandan uçuşlarına məhdudiyyət tətbiq edilir

GADTB: İranın aviasiya sənayesinə qarşı beynəlxalq məhdudiyyətlərin davam etdiyi bir vaxtda, Mahan Hava Yolları şirkətinin …

Mərənddə “Saray” türk tamaşası səhnəyə qoyuldu

GADTB: Məhəmməd Yusifzadənin müəllifi və rejissoru olduğu “Saray” türk tamaşası Mərdanda səhnəyə qoyulub. Tamaşa 1405-ci …