Cümə axşamı , Avqust 27 2026
azfa

“Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlir; ABŞ-ın İran rejiminə qarşı dənizdəki mövcudluğu davam edir

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələri bölgədə təyyarədaşıyan gəmilərinin davamlı mövcudluğunun tərkib hissəsi olaraq, təxminən 5 min nəfərlik heyəti olan “USS Teodor Ruzvelt” təyyarədaşıyan gəmisini San-Diyeqodan Yaxın Şərqə göndərməyi planlaşdırır. Gəminin ən azı yeddi ay davam edəcək missiyaya başlaması nəzərdə tutulur. Komandanlığın planına əsasən, bu missiyanın səkkiz aya qədər davam etməsi ehtimal olunur.

“Teodor Ruzvelt” və onu müşayiət edən döyüş qrupu ABŞ Mərkəzi Komandanlığının — Sentrkomun məsuliyyət zonasına daxil olduqdan sonra “USS Corc Vaşinqton” gəmisini əvəz edəcək. ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yüksək rütbəli hərbi qulluqçusu Con Priman bildirib ki, heyət üzvlərinin ailələri artıq onların səkkiz aylıq yoxluğuna uyğun planlar qururlar. Bu isə ABŞ-ın bölgədəki əməliyyat proqramının davam etdiyini göstərir.

Bu göndəriş ABŞ-ın fevralın 28-də “Epik qəzəb” əməliyyatına başlamasından sonra Ərəb dənizində təyyarədaşıyan gəmisinin mövcudluğunu qoruduğu bir vaxtda həyata keçirilir. ABŞ təyyarədaşıyan gəmiləri bu müddət ərzində İrandakı hədəflərə qarşı hava əməliyyatlarının həyata keçirilməsində və dəniz mühasirəsinin tətbiqində iştirak edib. “Teodor Ruzvelt”in bölgəyə göndərilməsi ABŞ-ın burada mövcudluğunun və əməliyyat imkanlarının davam etdirildiyini göstərir.

USNI News-un məlumatlarına görə, 2023-cü il oktyabrın 7-dəki hücumdan sonra bölgədə böhranın dərinləşməsi və kommersiya gəmiçiliyinə təhdidlərin artması ilə əlaqədar ABŞ təyyarədaşıyan gəmilərinin missiyalarının orta müddəti təxminən 8,5 aya çatıb. “Teodor Ruzvelt”dən əvvəl də “Cerald R. Ford” və “Abraham Linkoln” kimi təyyarədaşıyan gəmilər ABŞ-ın bölgədəki əməliyyatları ilə əlaqədar uzunmüddətli missiyalar həyata keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələri son dövrdəki uzunmüddətli missiyaların təcrübəsindən sonra Ərəb dənizində iki təyyarədaşıyan gəmi döyüş qrupunu eyni vaxtda dəstəkləmək üçün yeni təchizat və logistika zənciri də yaradıb. Bu şəbəkə Dyeqo Qarsiya, Sinqapur, Yaponiya və Filippin də daxil olmaqla müxtəlif bölgələrdəki marşrut və dəstək mərkəzlərindən istifadə etməklə bölgədə yerləşən qüvvələrin daha müntəzəm şəkildə təmin edilməsinə imkan yaradır.

Həmçinin yoxlayın

ABŞ Enerji naziri Kris Rayt: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi variant gündəmdən çıxarılmayıb

GADTB: ABŞ Enerji naziri Kris Rayt bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq …

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …