
GADTB: ABŞ Prezidenti Donald Tramp bu gün səhər saatlarında CNBC telekanalına verdiyi geniş müsahibədə İran müharibəsi də daxil olmaqla müxtəlif mövzulara toxunub.
ABŞ-ın müstəqilliyinin 250 illiyi ərəfəsində baş tutan müsahibədə Donald Tramp media orqanlarını və ABŞ-ın əvvəlki rəhbərlərinin Yaxın Şərq siyasətini yenidən tənqid edib, həmçinin İrana qarşı müharibəyə başlamaq və hərbi əməliyyatların idarə olunması ilə bağlı qərarını müdafiə edib.
ABŞ Prezidenti bildirib ki, bu qarşıdurma “adi müharibə deyil, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi daşıyan bir müharibədir”.
“Onların nüvə silahına sahib olmasına icazə vermək olmaz”, – deyən Tramp əlavə edib ki, təxminən dörd ay davam edən bu hərbi qarşıdurma “nisbətən qısa müddət” hesab oluna bilər.
İranın dəniz mühasirəsinə toxunan ABŞ Prezidenti bunu “polad divar” adlandıraraq iddia edib ki, həmin dövrdə “İran limanlarından bir dənə də olsun gəmi keçə bilməyib”.
Bununla belə, gəmiçilik sənayesi üzrə məlumat xidməti göstərən Lloyd’s şirkətinin yayımladığı məlumatlara əsasən, İranın “kölgə donanmasına” məxsus gəmilər bu mühasirəni bir neçə dəfə yarmağa nail olub.
Donald Tramp müsahibəsində bir daha bildirib ki, əldə olunacağı gözlənilən sülh sazişi çərçivəsində İran ABŞ-dan taxıl və paxlalılar da daxil olmaqla kənd təsərrüfatı məhsulları alacaq.
O deyib: “Onların heç bir gəliri yoxdur. Buna görə də İranın dondurulmuş aktivlərinin bir hissəsini açacağıq və həmin vəsaitlə onlar üçün buğda və paxlalılar alacağıq. Onların ərzağa ehtiyacı var – qarğıdalıya, buğdaya və soyaya. Biz də bu məhsulları yalnız amerikalı fermerlərdən alacağıq.”
Bu məsələ ilə bağlı İran rəsmilərinin mövqeləri fərqli olub. İran Mərkəzi Bankının sədri Əbdülnasir Himməti Tehranın “ABŞ-dan məhsul almağa məcbur olmayacağını” bildirib və belə bir addımın məhsulların keyfiyyətinin qiymətləndirilməsindən asılı olacağını deyib.
Digər tərəfdən, xüsusilə mühafizəkar dairələrin sərt reaksiyasından sonra İranın bəzi rəsmiləri belə bir razılaşmanın mövcudluğunu ümumiyyətlə təkzib ediblər.
Pakistan və Qətərin vasitəçiliyi ilə İranla anlaşma memorandumunun imzalanmasından sonra ABŞ İran limanlarına tətbiq etdiyi dəniz mühasirəsini dayandırıb və Tehrana qarşı neft sanksiyalarının bir hissəsini iki ay müddətinə dayandırıb. Donald Trampın sözlərinə görə, İranın neft satışından əldə etdiyi gəlirlər “İranın hərbi qüvvələrinin yenidən qurulmasına deyil, ABŞ-dan ərzaq məhsullarının alınmasına sərf olunacaq”.
ABŞ Prezidenti eyni zamanda Tehranla aparılan danışıqların gedişindən məmnunluğunu ifadə edərək bildirib: “Düşünürəm ki, onlar demək olar ki, bütün tələblərimizi qəbul ediblər.”
Son günlər Vaşinqtonla imzalanmış anlaşma memorandumu İranın daxili siyasi mühitində ciddi fikir ayrılığı yaradıb. Xüsusilə Müctəba Xameneiyə aid edildiyi bildirilən və onun “prinsip etibarilə fərqli mövqedə olduğu” qeyd edilən mesaj yayımlandıqdan sonra danışıqlar aparan heyət üzərində təzyiqlər daha da artıb.
Ekspertlər Məclisinin üzvlərinin əksəriyyəti açıq məktub yayaraq ikitərəfli memorandumun müddəaları ilə əsasən ziddiyyət təşkil edən bir sıra şərtlərin irəli sürülməsini tələb ediblər.
Bəzi şəxslər isə daha da irəli gedərək Donald Tramp və Cey Di Vensin “öldürülməsi və ya oğurlanması” çağırışları ilə çıxış ediblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi