GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Şurası İnvestisiya Fondunun texniki iclası baş katib Bağdad Amreyevin başçılığı ilə videokonfrans formatında keçirilib.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın üzvü olduğu, Macarıstanın da müşahidəçi üzvü olaraq yer aldığı Türk Şurasının ən əhəmiyyətli layihələrindən İnvestisiya Fondunun həyata keçirilməsi məqsədilə təşkil edilən iclasda ölkələrin iqtisadiyyat və maliyyə nazirliyinin yüksək vəzifəli xadimləri iştirak edib.
Baş katib Amreyev iclasda etdiyi çıxışda İnsevtisiya Fondunun Türk dünyasının sosial və iqtisadi inkişafına əhəmiyyətli töhfə verəcək təşəbbüslərdən biri olduğunu, Türk Şurası ölkələri arasında iqtisadi əlaqələrin artmasına və üzv ölkələr arasında ticarət həcminin artırılmasına dəstək verdiyini bildirib.
Yeni növ koronavirus epidemiyasından sonrakı dövrdə İnvestisiya Fondunun daha çox əhəmiyyət qazanacağını bildirən Amreyev, bu fondun Türk Şurasının uzunmüddətli iqtisadi hədəflərinin reallaşmasında əhəmiyyətli qazanclar təmin edəcəyini qeyd edib.
İnvestisiya Fondunun həyata keçirilməsində texniki məsələlərin izlənilməsi üçün yol xəritəsinin təyin olunduğu iclasda lazımi addımların tez və effektiv şəkildə atılması qərara alınıb.
İclasda ölkələr qarşılıqlı fondun məqsədi, məzmunu, quruluşu, maliyyə qaynaqları, bundan faydalanacaq sektorlar və digər məsələlər barədə həmfikir olublar.
Xatırladaq ki, Türk Şurası İnvestisiya Fondu üzv və müşahidəçi ölkələrdə kiçik və orta sahibkarlığın dəstəklənməsinə töhfə vermək məqsədi daşıyır.
Ölkələrin qarşıdakı dövrdə İnvestisiya Fondunun quruluş sənədlərinin dəqiqləşdirməsi gözlənilir.