
GADTB: Təbrizdə bir doktorantın dissertasiya müdafiəsinin yalnız türkcə danışdığına görə ləğv edilməsi elmi və akademik mühitdə dil ayrı-seçkiliyi məsələsini yenidən gündəmə gətirib.
Məlumata görə, Təbriz İslam İncəsənət Universitetində şəhərsalma ixtisası üzrə doktorantın dissertasiya müdafiəsi tələbənin çıxışını və müdafiəsini türk dilində təqdim etməsi səbəbindən dayandırılıb və ləğv olunub.
Doktorantın sözlərinə görə, müdafiə zamanı müəllimlərin suallarını türk dilində cavablandırıb. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, müəllimlər də suallarını türk dilində vermişdilər. Buna baxmayaraq, Mənzəriyyə kampusunun Memarlıq fakültəsinin elmi-tədqiqat üzrə məsul şəxsi tələbənin türk dilindən istifadə etməsini əsas gətirərək müdafiə iclasını ləğv edib.
Aylarla araşdırma aparan, maddi və mənəvi vəsait sərf edərək müdafiəyə hazırlaşan tələbənin bu cür münasibətlə qarşılaşması, Azərbaycan türklərinin ana dilində danışmaq hüququ ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. Ana dilində danışmaq nə qanun pozuntusu hesab olunur, nə də tələbənin elmi fəaliyyətinin qiymətləndirilməməsinə əsas ola bilər.
Bildirilir ki, türk dili məktəblərdə, universitetlərdə və bir sıra rəsmi qurumlarda hələ də müxtəlif məhdudiyyətlər və ayrı-seçkilik halları ilə üzləşir.
Təbriz İslam İncəsənət Universiteti hadisə ilə bağlı indiyədək rəsmi açıqlama verməyib.
İctimaiyyət hadisənin bütün təfərrüatlarının açıqlanmasını, müdafiə iclasının yenidən keçirilməsini və tələbəyə dəyən maddi və mənəvi ziyanın aradan qaldırılmasını tələb edir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi