GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Kəşfiyyat Xidməti – MİT İran hakimiyyətinə müxalif olan bir nəfərin oğurlanmasında İrana bağlı 17 nəfəri yaxalayıb.
Türkiyə mediasının məlumatına görə, adam oğurluğunu təşkil edən qrupda prokuror, müdafiə sənayesi şirkətinin sahibi, ehtiyatda olan polkovnik və bir neçə zabit olub.
Məlumatda qaçırılması nəzərdə tutulan şəxsin adı açıqlanmasa da, Türkiyə mediası onun Qara dəniz sahilindəki liman şəhəri Zonquldağda yaşayan İran hökumətinin əleyhdarı olduğunu bildirib.
Türkiyə mətbuatı onu da qeyd edib ki, həmin müxalif şəxs uzun müddət öncədən İranın əmniyət servisinin diqqətində olub və ölkənin Kəşfiyyat Nazirliyi – ETTELAAT Əli Qəhrəman Hacıabad adlı bir nəfəri oğurluq planını hazırlaması üçün İstanbula göndərib və sözügedən şəxs planı hazırladıqdan sonra yenidən İrana qayıdıb.