
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Baykar” şirkəti tərəfindən milli və xüsusi olaraq hazırlanan Türkiyənin ilk uçan avtomobili “Cezeri”nin ilk sınaq uçuşları uğurla tamamlanıb.
Türk mühəndislərinin dizayn edərək istehsal etdiyi “Cezeri”nin ilk sınaq uçuşları sentyabrın 11-də başlayıb.
Şirkətin texniki direktoru Səlcuq Bayraktar tamamilə sərbəst şəkildə havaya qalxan ağıllı uçuş sistemi ilə təchiz edilən qurğunun bir gecədə keçirilmiş iki ayrı-ayrı sınaqlarında da müsbət nəticə əldə olunduğunu, qurğunun çəkisinin 230 kiloqram olduğunu və hazırlanmasına 18 ay vaxt sərf edildiyini bildirib..
Avtomobil 100% elektrik enerjisi ilə hərəkətə gəlir və 8 elektrik mühərriki ilə işləyir. Üç ehtiyatlı ağıllı uçuş sisteminə sahib olan “Cezeri” gələcəkdə süni zəka sistemləri ilə təchiz ediləcək. Uçan avtomobilin 100 km/saat sürətinə və 2000 metr uçuş hündürlüyünə çatması, batareya texnologiyasının inkişaf etdirilməsi ilə paralel olaraq bir saat havada qalmaqla 70-80 kilometr məsafə qət edə bilməsi üçün işlər görülür.