GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İranın terrorçu Sepah-nın Qüds qüvvələrinə qarşı əməliyyat keçirib.
MİT-in bəyanatında deyilir ki, israilli turistlərə qarşı terror aktları törətmək istəyən İrana bağlı Sepah üzvləri yaxalanıb.
Bəyanatda Türkiyənin 18 şəhərində eyni vaxtda keçirilən əməliyyat nəticəsində bir çoxu Sepah-ın Qüds qüvvələrinin üzvü olan şəxslərin həbs olunduğu qeyd olunub. Onların məqsədinin İsrail vətəndaşlarının və İran hökumətinə müxalif şəxslərin oğurlanması olduğu deyilir.
Qeyd edək ki, bundan öncə İranın İsrailin Türkiyədəki hədəflərinə hücum cəhdlərinin qarşısının alındığı barədə məlumat yayılıb. Məlumata görə, İsrailin təhlükəsizlik üzrə rəsmiləri Ankara rəsmilərinə İranın Türkiyə ərazisində İsrail hədəflərinə hücum etmək niyyətləri barədə məlumat verib və hücumların qarşısını almaq üçün onlardan yardım istəyib.
İsrailin “Kan” televiziyası yayınladığı raportajda bildirib: “Planlaşdırılan hücumlar Türkiyədə yerləşən İran şəbəkəsi tərəfindən həyata keçirilməli idi”.