Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Türkiyənin “Türk Dünyasının Mədəniyyət Atlası” dərsliyində Cənubi Azərbaycan əks olunub

GADTB: Türkiyənin Milli Təhsil Nazirliyi yeni tədris vəsaiti olan “Türk Dünyasının Mədəniyyət Atlası”nda Cənubi Azərbaycana xüsusi bölmə ayırıb və bu torpağı şagirdlərə “Şərqdəki ən yaxın qardaş coğrafiyamız” kimi təqdim edib. Kitab 2026–2027-ci tədris ilində Türkiyə məktəblərinin dərslikləri ilə birlikdə şagirdlərə təqdim olunub.

Türkiyənin Milli Təhsil Nazirliyinin Orta Təhsil Baş İdarəsi tərəfindən hazırlanan kitabda Təbriz şəhərinin təsviri üzərində iri hərflərlə “Güney Azərbaycan – Cənubi Azərbaycan” başlığı yerləşdirilib. Müəlliflər bu bölməni təqdim edərkən yazırlar: “Türk dünyasına səyahətimizin son hissəsində marşrutumuzu İrana, Cənubi Azərbaycanın ürəyi olan Təbrizə doğru yönəldirik”.

Davamında Cənubi Azərbaycan Türkiyə vətəndaşlarının dil baxımından özlərini yad hiss etmədən səyahət edə biləcəkləri, Azərbaycan türkləri, qaşqaylar və xələclərlə görüşə biləcəkləri bir torpaq kimi təqdim olunur.

Kitabın diqqətçəkən digər bölmələrindən biri “Traxtur” futbol klubunun azarkeşlərinə həsr edilib. Azarkeşlərin təsviri ilə yanaşı, müəlliflər Təbriz stadionunda minlərlə insanın iştirakına və onların türkcə şüarlarına diqqət çəkərək vurğulayırlar ki, bu şəhərdə futbol təkcə idman yarışı deyil, həm də ortaq dilin, mədəniyyətin, milli və mədəni mənsubiyyət hissinin təzahürüdür.

Kitabda İran coğrafiyasında türklərin tarixi irsinə də toxunulur. İsfahan Cümə məscidi Səlcuqlar dövrü memarlığının görkəmli nümunələrindən biri kimi təqdim edilir. YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş bu abidənin günbəzləri, kərpic eyvanları və türk-islam memarlığına xas xüsusiyyətləri haqqında məlumat verilir.

Türkiyənin milli təhsil naziri Yusuf Tekin də əsərin ön sözündə türk xalqlarının tarixi və mədəni əlaqələrini vurğulayaraq şagirdlərə belə müraciət edib: “Unutmayın ki, xəritələrdə çəkilmiş sərhədlər qəlblərdə mövcud olan qədim bağları qopara bilməz”.

“Türk Dünyasının Mədəniyyət Atlası: Bilgə və Hakanla Zamanın O Tayına Səyahət” adlı əsər Türkiyənin “Köklərdən gələcəyə” şüarı ilə həyata keçirilən yeni təhsil modeli çərçivəsində hazırlanıb. Kitab türk dünyasının ortaq tarixini, dilini, mədəniyyətini və irsini 15 coğrafi marşrut üzrə təqdim edir.

Cənubi Azərbaycana ayrıca bölmənin ayrılması, Təbrizin bu torpağın ürəyi kimi təqdim olunması və “Traxtur” azarkeşlərinin dil və mədəniyyət kimliyinin Türkiyənin rəsmi təhsil nəşrində əks etdirilməsi kitabın diqqətçəkən məqamları sırasındadır. Bu addım Türkiyənin gənc nəslinin Cənubi Azərbaycan türklərinin tarixi, mədəniyyəti və kimliyi ilə daha yaxından tanış olmasına töhfə verə bilər.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …