GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini ruslardan geri ala bilib. Bu barədə Xarkov vilayət administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
“Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onların həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb”, – Sinequbov qeyd edib.
Administrasiya rəhbərinin sözlərinə görə, Rusiya tərəfinin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var.
Ukrayna ordusu itki verməyib.
Eyni zamanda Ukraynanın Sum vilayətində Rusiya silahlı qüvvələrinə məxsus 20-yə yaxın hərbi texnika məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri yaşayış məntəqələrindən birinə daxil olmağa cəhd edən zaman zərərsizləşdiriliblər.