
GADTB: Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Vədud Əsədi aclıq aksiyasının iyirminci günündə yayımladığı məktubda bildirib ki, əgər sözləri təsirsiz qalarsa, ölümünün bəlkə də vətənin azadlığı uğrunda təsirli ola biləcəyinə inanır.
Məktubda o, özünü “Evin həbsxanasında saxlanılan Azərbaycan əsiri” kimi təqdim edərək 1404-cü ilin aban ayının 25-də aksiyanın iyirminci gününü geridə qoyduğunu vurğulayıb. Əsədi qeyd edib ki, aclığın səkkiz günü — 10-dan 18-ə kimi — həbsxananın rəisi Fərzadinin göstərişi ilə Evinin 240-cı korpusunun təkadamlıq kamerasında, istilik sistemi və isti geyimlər olmadan, sıfır dərəcədən aşağı temperaturda keçirdik. Onun sözlərinə görə, bu müddətdə soyuq da aclıqla yanaşı bir “cəza və təzyiq vasitəsinə” çevrilib.
Əsədi məktubunda aclıq aksiyasının səbəblərini bir daha ictimaiyyətə çatdırmaq istədiyini bildirib. O, siyasi məhbusların səsinin eşidilməsi üçün aclığın son vasitə olduğunu, risklərin fərqində olsalar da, aksiyanın şəxsi deyil, qanunsuzluq, ayrı-seçkilik və repressiyalarla mübarizə məqsədi daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, siyasi, ictimai və mülki fəalların qanunsuz saxlanılması, əsassız ittihamlarla üzləşdirilməsi, hüquqlarının təmin edilməməsi və hakimiyyətin bu davranışlara görə heç bir cavabdehlik daşımaması aksiyanın əsas səbəbləridir. Əsədi bildirir ki, aclıq aksiyası həmçinin siyasi məhbusların qanuni, insani, vətəndaş, məhkəmə və tibbi hüquqlarının pozulmasına qarşı etirazdır.
O, “Bu zülm və zorakılıq qarşısında, nəticə alınana qədər, hətta həyatımız bahasına olsa belə, dayanacağıq” — deyə qeyd edib.
Əsədi, əgər aclıq aksiyası nəticəsində həyatını itirməsi bu problemlərin həllinə və repressiyaların sonlanmasına təsir göstərəcəksə, buna hazır olduğunu bildirib. O, cəmiyyətə müraciət edərək, “xalqın öz övladlarının səsi olmasını” və aksiyanı dəstəkləməsini xahiş edib.
Məktubda o, hakimiyyətin heç bir qurumundan güzəşt və ya xüsusi münasibət gözləmədiyini, illərdir ölkədəki “təkhakimiyyətçilik, ədalətsizlik və ayrı-seçkilik”lə mübarizə apardığını vurğulayıb. Əsədi siyasi və ictimai fəallara, eləcə də onun vəziyyətindən narahat olan bütün insanlara təşəkkür edib və dəstəklərini davam etdirməyə çağırıb.
Sonda o, İranın hazırkı prezidenti Məsud Pezeşkiana səslənərək, “Tarix sizi mühakimə edəcək; xalqın etimadına xəyanət etdiniz” sözlərini çatdırmağı istəyib.
Azerbaycanlı siyasi məhbus – Vədud Əsədi
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi