
GADTB: Azərbaycanlı milli-mədəni fəal Vədud Əsədi, Evin həbsxanasından yayımladığı məktubda davam edən aclıq aksiyasını “ölüm aclığı” adlandıraraq, mübarizələrinin “ədalətsizliyə qarşı bir fəryad” olduğunu bildirib.
Əsədi məktubunda qeyd edib ki, Azərbaycanlı fəallara qarşı uydurma ittihamlar, qanunsuz həbslər və təzyiqlər açıq-aşkar ədalətsizlikdir, və onlar bu zülmə qarşı insani, hüquqi və tibbi haqlarını tələb etmək üçün etiraz və aclıq aksiyasına əl atıblar.
O, bildirib:
“Etirazımız ədalətsizliyə qarşı bir fəryaddır, aclığımız isə ölüm aclığıdır. Tələblərimizə cavab verilməzsə, and içmişik ki, canımızı fəda edək. Qoy ölümümüz millətimizin oyanışı üçün bir təkan olsun, ta ki, heç kim zülm və repressiya qarşısında susmasın.”
Əsədi həmçinin vurğulayıb ki, onların mübarizəsi lütf və ya mərhəmət istəyi deyil, sadəcə öz haqlarını və millətin haqqını tələb etməkdir:
“Həm zindanda, həm də azadlıqda yalnız haqqımızı istəyirik. Millətimizlə and içmişik ki, yaşadığımız müddətcə onların səsi olaq. İstər Evinin 7-ci bölməsində, istərsə də mənfi on dərəcəlik təkadamlıq kamerada, aclığımız haqq yerinə yetənədək davam edəcək.”
Əsədi məktubunun sonunda xalqına müraciətlə minnətdarlığını ifadə edib:
“Bu çətin günlərdə bizi unutmayan, səsimizə səs verən Azərbaycan xalqına və bütün vicdanlı insanlara dərin təşəkkürümü bildirirəm. Əgər bu yolda kiminsə qəlbini incitmişiksə, bağışlanma diləyirik.”
Bu məktub 18 Aban 1404 tarixində Evin həbsxanasından göndərilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi