
GADTB: İsrailin “Vaynet” xəbər saytı yayımladığı təhlildə İran İslam Respublikasının ən mürəkkəb böhranlarından biri ilə üzləşdiyini yazıb. Təhlildə rialın dəyərdən düşməsi, müharibənin xərcləri, ABŞ-ın təzyiqləri və daxili narazılığın artmasının hökumətin legitimliyinin əsaslarını zəiflətdiyi bildirilib.
Təhlildə qeyd olunub ki, rialın bir ABŞ dolları qarşısında 200 milyon riala qədər dəyərdən düşməsi və yüksək inflyasiya əhalinin yaşayışına düşən təzyiqi artırıb. Müəllifin sözlərinə görə, cəmiyyətin müəyyən təbəqələri ilə hökumət arasında iqtisadi sabitlik müqabilində mövcud olduğu bildirilən “etimad müqaviləsi” getdikcə aradan qalxır. Müəllif bu əsasda yeni etiraz dalğasının baş verməsi ehtimalını irəli sürüb.
“Vaynet” həmçinin Əli Xameneinin öldürülməsini və İran İslam Respublikasının onun qisasını ala bilməməsini hökumət tərəfdarlarının bir hissəsi arasında narazılığın artmasına səbəb olan digər amil kimi göstərib. Təhlilə əsasən, danışıqların davam etdirilməsi cəhdləri də bəzi radikal tərəfdarlar arasında hökumətin Qərb qarşısında zəifliyi ilə bağlı düşüncələri gücləndirib.
Təhlildə məcburi hicab qaydasının tətbiqinin gücləndirilməsi də hökumətin böhran içində olduğunun digər göstəricisi kimi qiymətləndirilib. Bildirilib ki, iqtisadi və təhlükəsizlik problemlərinin hökm sürdüyü bir şəraitdə qadınlara qarşı təzyiqlərin artırılması narazılığın cəmiyyətin daha geniş təbəqələrinə yayılmasına səbəb ola bilər.
“Vaynet” yekun olaraq yazıb ki, parçalanma və narazılıq artıq hökumətə qarşı çıxan gənclərdən İran İslam Respublikasının ənənəvi və sadiq tərəfdarlarının müəyyən təbəqələrinə qədər genişlənib. İqtisadi, siyasi və sosial təzyiqlərin məcmusu isə hökumətin legitimlik böhranını daha da dərinləşdirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi