Şənbə , Fevral 27 2021
azfa

Vilayət Quliyev: diplomat Əbdürrəhim bəy Haqverdiyev

GADTB: Həqiqi diplomat kimi Ə.Haqverdiyev yalnız dağlı “iqtidarı” ilə deyil, “müxalif” dairələrlə də əlaqə yaratmağı məqsədəuyğun saymışdı.

Bu mənada Azərbaycan diplomatının Dağıstanın dini və siyasi lideri, həyatının son ilində özünü Şimali Qafqaz Əmirliyinin başçısı elan edən Uzun Hacı (1848-1920) ilə görüş və danışıqları diqqətəlayiqdir. “Dünən onun yanında oldum, – deyə rusca da ana dilindəki kimi şirin təhkiyə ilə yazmağı bacaran Əbdürrəhim bəy xarici işlər nazirinə məlumat verirdi. – Məni çox səmimi qarşıladı, Azərbaycana salamını çatdırmağı xahiş etdi. Bildirdi ki, müstəqilliyimizi  təbrik etmək üçün tezliklə Bakıya xüsusi heyət göndərəcək. Hacı balaca boylu (əleyhdarları onu ələ salmaq üçün bilərəkdən adının əvvəlinə malik olmadığı keyfiyyəti – “uzun” sifətini əlavə etmişdilər -V.Q.), gözləri qəribə işıqla parıldayan, eyni zamanda, güc və qüdrətinin fərqində olan  qocadır. Təsiri tək Dağıstanda deyil, bütün Çeçenistanda çox güclüdür. Bu baxımdan ona bəslənən ümidlər də böyükdür. Parlamentə yuxarıdan aşağı baxır. Yaxın əhatəsinin dediyinə görə, hökumətdən Azərbaycandan alınmış pulların (1919-cu ilin əvvəlində Bakı Dağlılar Respublikasına 10 milyon bon miqdarında uzunmüddətli borc vermişdi – V.Q.) hara xərclənməsi ilə bağlı hesabat tələb edir. Göründüyü kimi, dağlılar arasında ikinci Şamil olmaq, Dağıstan və Çeçenistan üzərində hakimiyyəti ələ keçirmək niyyətindədir”.

Ə.Haqverdiyevin Dağlı Respublikasında diplomatik nümayəndə kimi qaldığı müddət ərzində gündəlikdə dayanan ən mühüm məsələ hələlik dövlət kimi formalaşa bilməyən bu qurumun Azərbaycanın siyasi himayəsini qəbul etməsi, yaxud ölkəmizin tərkibinə daxil olması idi. Dağlı dövləti həm Denikinin, həm də bolşeviklərin hədəfinə tuş gəlmişdi. Britaniya hərbi qüvvələrinin mövcud olduğu və yeganə fəaliyyət qabiliyyətli dövlət qurumu kimi Fətəli xan Xoyski hökumətini tanıdığı Azərbaycanın tərkib hissəsi sayılmaq bu təhlükələri müəyyən qədər azalda, hətta sovuşdura bilərdi. Hər halda, 1919-cu ildə belə görünürdü.  Məsələ ilə bağlı diplomatik nümayəndə kimi ona hətta açıq mətnlə də müraciət edirdilər. “Dağıstanın Azərbaycana birləşdirilməsi çox ciddi şəkildə müzakirə olunur, – deyə Əbdürrəhim bəy hökumətə yazırdı: – Bir çox ictimai xadimlərin istəyi ilə sizə şifrəli teleqram göndərmişəm. Azərbaycan tərəfin prinsipial razılığını xahiş etmişəm. Müvafiq zəmin hazırdır. Ölkədəki 10 dairədən 4-ü artıq birləşmənin lehinə səs verib. Qalanları da gizli şəkildə eyni şeyi arzulayırlar. Bu istiqamətdə istisnasız olaraq yerli adamlar özləri işləyirlər. Yaxın günlərdə məsələ ilə bağlı general Xəlilov – hərbi nazirin keçmiş müavini Bakıya gəlmək niyyətindədir. Cavabı sürətləndirməyiniz rica olunur”.

1919-cu il aprelin 16-da dağlı hökuməti baş nazir Pşemaxo Kotsevin sədrliyi altında keçən toplantısında Dağıstanın Azərbaycan Cümhuriyyətinin tərkibinə daxil olması haqqında qərar qəbul etmişdi. Daha sonra məsələ İttifaq Şurasının – Parlamentin müzakirəsinə verilmişdi. Həmin gün, yəni aprelin 28-də Ə.Haqverdiyev öz ölkəsinin XİN-nə yazırdı: “Dağıstan hərbçiləri bölgənin Azərbaycana birləşdirilməsi ilə bağlı Parlament qarşısında məsələ qaldırıblar.  Təklif bu gün hərbçilərin, Parlament üzvlərinin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirəyə çıxarılıb. İclasın davamı sabah axşam  olacaq. Xahiş edirəm, müsbət qərar verildiyi təqdirdə necə hərəkət edəcəyimlə bağlı mənə lazımi təlimat göndərəsiniz”.

Hökumətdən Azərbaycan tərəfinin mövqeyi ilə bağlı şifrəli teleqram alandan sonra Ə.Haqverdiyev nazir M.Y.Cəfərova 9 may 1919-cu il tarixli 6 saylı məxfi məktubunda məsələ ilə əlaqədar daha geniş məlumat vermişdi. Məktubdan parlament müzakirələrinin demək olar ki, üç gün çəkdiyi, ortaya fərqli mövqelər qoyulduğu aşkara çıxır. Bunlardan biri hərbçilərin, digəri ziyalıların, üçüncüsü isə inquş nümayəndəsi Vassan Cabaqiyevin təklifi idi. Əvvəllər yalnız Dağıstanın Azərbaycana birləşdirilməsini istəyən zabitlər mövqelərini dəyişmişdilər: indi onlar birləşmiş hərbi qüvvə ilə Könüllü orduya qarşı çıxmaq, Denikin təhlükəsi aradan qaldırılandan sonra iki müsəlman respublikasını federasiya, yaxud konfederasiya prinsipi əsasında  birləşdirməsi, yaxud Dağıstan üzərində Azərbaycanın hakimiyyətini  tanınması fikrini müdafiə edirdilər. Lakin bu zaman şərt kimi  Azərbaycanın Dağıstana daxili muxtariyyət verməsi, habelə şəriət məhkəmələrini qüvvədə saxlaması təklifi irəli sürülürdü. Bəziləri isə vəziyyət sabitləşənə qədər gözləmək, birləşmə qərarını bütün Şimali Qafqaz xalqlarının təmsil olunduğu İttifaq Şurasında vermək fikrinə tərəfdar çıxırdılar. Əvvəl özünü Azərbaycanın dostu kimi qələmə verən general Xəlilov isə mövqeyini tam dəyişmişdi: indi o, Dağıstanın Dağlı ittifaqından ayrılıb Azərbaycanın ağuşuna atılmasını Həmzət bəyin, Şeyx Şamilin ruhuna xəyanət sayırdı.

Ə.Haqverdiyevin əldə etdiyi məlumata görə, çeçenlər də Azərbaycanla birlikdə olmağın tərəfdarı idilər. Dağlı xalqlarının tanınmış liderləri – Qazı Dibirov, Uzun Hacı kimi kütlələri öz arxasınca aparmağı bacaran nüfuzlu şəxslər hətta tək Dağıstan deyil, bütün Şimali Qafqazda Azərbaycanın idarəçiliyinin yayılmasını istəyirdilər. Eyni səciyyəli müzakirələr Parisdə, Versal sülh konfransının azərbaycanlı və dağlı nümayəndə heyətləri arasında da aparılmışdı. Ağıllı və uzaqgörən diplomat kimi Əbdürrəhim bəy  Dağlı Respublikasının Azərbaycana  birləşdirilməsinə ilk növbədə öz ölkəsinin təhlükəsizliyinə zəmanət kimi baxırdı. Hətta daha irəli gedərək Könüllü ordunun cənuba doğru irəliləmək fikrinə düşəcəyi təqdirdə milli silahlı qüvvələrin bir alayanın Temirxanşuraya göndərilməsi təklifini irəli sürür və bu məsələ ətrafında Dağlı hökuməti ilə danışıq aparmaq üçün səlahiyyət istəyirdi. Çünki  çox doğru müşahidə etdiyi kimi “Azərbaycanın taleyi Dağıstanın etibarlı müdafiəsindən asılı idi”. Yerlərdən aldığı informasiya, sıravi insanlarla ünsiyyət əsasında o, qəti əmin idi ki, dağlı əhali Azərbaycan əsgərini xilaskar kimi qarşılayacaq.

Lakin məsələ ilk baxışdan göründüyü qədər sadə deyildi. Burada hər şeyi dağlı, yaxud azərbaycanlı əhalinin niyyəti və istəyi həll etmirdi. Birləşmə məsələsinin müzakirə predmeti olduğu günlərdə xarici işlər naziri M.Y.Cəfərov baş nazir N.Yusifbəyliyə 7 may 1919-cu il tarixli məlumatında Zaqafqaziya konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Xoyskinin  Müttəfiq qoşunların komandanı general Tomsonla görüşü ilə bağlı məlumat göndərmişdi. Məlumatda bildirilirdi ki, Britaniya hərbçisi ictimai fikrin ifadəsi kimi Dağlı Respublikasına silahlı yardım haqqında rəsmi “Azərbaycan” qəzetində çıxan yazılardan narahat olub. Dediyinə görə, Müttəfiq qüvvələr bolşeviklərə qarşı mübarizədə Denikini dəstəkləyir. Azərbaycan isə açıq şəkildə  Denikinə qarşı çıxmaqla əslində, Antantaya müharibə elan etmiş olur. Generalın fikrincə, məhz bu amili nəzərə alıb Dağlı Respublikasına hərbi yardım fikrindən hər vəchlə uzaq durmaq lazım idi. Eyni zamanda, Tomson həmin görüşdə Dağıstanın Azərbaycana birləşməsini  mümkün saymış, lakin Şimali Qafqazda mütəşəkkil dövlət qurulması ideyasına şübhə ilə yanaşmışdı. Söhbətin sonunda o, Denikinin müttəfiqlər tərəfindən müəyyən olunmuş demarkasiya xəttini keçməyəcəyi və Azərbaycan ərazisinə girməyəcəyi ilə bağlı zəmanət vermişdi.

Mayın 19-da “məxfi” qrifi ilə  ölkəsinin XİN başçısına göndərdiyi məlumatda Ə.Haqverdiyev Dağlı Respublikasında hakimiyyət dəyişikliyi, daha doğrusu, özünün dəqiq ifadəsi ilə desək, “dövlət çevrilişi” baş verdiyini bildirirdi: “Bu kabinet dəyişikliyini dövlət çevrilişi və maskalanmış hərbi diktatura cəhdi kimi dəyərləndirmək lazımdır. Son günlər hamı fəal şəkildə belə bir diktatura haqqında danışırdı. Əvvəl də xəbər verdiyim kimi  P.Kotsev hökumətinin üzvləri baş nazirin yürütdüyü siyasətlə razı olmadıqlarından bundan sonra birlikdə işləyə bilməyəcəkləri ilə bağlı kollektiv müraciət təqdim etmişdilər”. Hökumətə təsir gücünə malik hərbçilər bütün hakimiyyətin bir nəfərin əlində cəmləşdiyi diktaturanın tərəfdarı idilər və yeni diktator rolunda Çeçenistanın hərbi qubernatoru polkovnik Cəfərovu görürdülər. Lakin onun  təklifdən qətiyyətlə boyun qaçırmasından  sonra general Xəlilov, polkovnik Cəfərov və Uzun Hacıdan ibarət direktoriya yaratmaq qərara alınmışdı. Burada isə tezliklə   çar generalı, Denikinin əlaltısı, “vahid və bölünməz Rusiya” mövqeyində dayanan M.Xəlilovun “birinci skripka” olduğu aşkara çıxmışdı.

Yeni hökumətin formal tərkibi haqda məlumat verdikdən sonra Ə.Haqverdiyev yazırdı: “Beləliklə, hakimiyyət faktiki surətdə Könüllü ordu ilə əlaqədə şübhəli bilinən zabitlərin əlinə keçib. Lakin general Xəlilov bu fikri qətiyyətlə rədd edir. Mən hər ehtimala qarşı xarici işlər  nazirliyinə sorğu hazırlamışam”.

Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşov Müttəfiq dövlətlərin hökumətlərinə göndərdiyi 28 may 1919-cu il tarixli notada Azərbaycan üçün böyük əhəmiyyətə malik bir sıra məsələlərlə birlikdə artıq süquta uğramış Dağlı Respublikasına da münasibət bildirmişdi. Notada Könüllü ordunun işğalına məruz qalan  qonşu dövlətin taleyi ilə bağlı deyilirdi: “Azərbaycan əhalisi başdan-başa müsəlmanlardan ibarət Dağıstan, İnquşetiya, Kabarda, Osetiya, Çeçenistan və b. ərazilərin daxil olduğu Dağlı Respublikasının öz müqəddəratını sərbəst təyin etmə hüququ əsasında müstəqil dövlət kimi formalaşması məsələsində qətiyyətli mövqe tutur və bu ölkəyə hər hansı bir iddiası yoxdur. Lakin Dağlı Respublikasının  müqəddəratının xalqın  istəyinə uyğun olmayan tərzdə həll ediləcəyi təqdirdə yuxarıda adlarını çəkdiyim ərazilərin əhalisi Azərbaycan hakimiyyətindən başqa hər hansı özgə  hakimiyyəti tanımaq niyyətində deyil”.

Təəssüf ki, hadisələr nə Azərbaycana dost münasibəti bəsləyən dağlı liderlərin, nə də Azərbaycan hökumətinin istəyinə uyğun ssenari üzrə inkişaf edirdi. Əbdürrəhim bəy 7 iyun 1919-cu il tarixli digər “məxfi” qrifli məktubda son zamanlara qədər yalnız kağız üzərində mövcud olan Dağlı Respublikasının parçalandığı, Şimali Qafqazın nəzarətdən çıxdığı, general Xəlilovun isə Könüllü ordu komandanlığı tərəfindən sadəcə Dağıstan hakimi təsəvvür edildiyini xəbər verilirdi. Temirxanşurada Denikinin  nümayəndəsi general Erdelini duz-çörək, ikona, musiqi, hərbi marşlar və əsgəri rəsmi-keçidlə qarşılayan Xəlilov “ali qonağı” üçün düzəltdiyi dəbdəbəli ziyafətdə “vahid və bölünməz Rusiyanın” şərəfinə badə qaldırmışdı. Görünür, onun yarınmaq baxımından lap ağını çıxardığını və çox uzağa getdiyini düşünən Erdeli Könüllü ordunun Azərbaycan sərhədlərini pozmaq niyyətində olmadığını, yalnız əvvəlcədən müəyyən edilmiş Qızılburun-Zaqatala xəttinə qədər irəliləyəcəyini bildirmişdi.

Öz hökumətinə göndərdiyi məlumatlar Əbdürrəhim bəyin qısa müddət ərzində etibarlı məlumat qaynaqları təmin etdiyini göstərir. Məsələn, daimi əlaqə saxladığı keçmiş hərbi nazir polkovnik Nuhbəy Tarkovski Dağıstana gələn Könüllü ordu hissələrində 5 min nəfərə yaxın əsgər və zabitin olduğunu xəbər vermişdi. Lakin polkovnikin bilərəkdən onu yanlış məcraya yönəldə biləcəyini düşünən Ə.Haqverdiyev  alternativ qaynaqlardan da məlumat əldə etməyə çalışmış və sonda məqsədinə çatmışdı. Say polkovnikin bildirdiyi qədər böyük olmasa da, ciddi təhlükə mənbəyi idi. Vəziyyətə denikinpərəst qüvvələrin nəzarət etməsi həmin təhlükəni daha da artırırdı. Petrovskla (Mahaçqala) Rostovu birləşdirən dəmiryol xəttinin Könüllü ordunun nəzarətinə keçməsi də bir vaxtlar Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almış Əbdürrəhim bəyin fikrincə denikinçi hərbi birləşmələri mütəmadi şəkildə yeni canlı hərbi qüvvə və silah-sursatla təmin etmək baxımından geniş imkan açırdı.  Bir sözlə, dost ölkədəki xoşagəlməz dəyişikliklər həm də Azərbaycana qarşı kobud hərbi müdaxilə riskinin artmasından xəbər verirdi.

İyunun ilk günlərində vəziyyət  aydınlaşmışdı. Şimali Qafqaz  parlamentinin Dağıstan fraksiyası general Xəlilovun başçılığı altında ayrıca hökumətin yaranmasına səs vermişdi. Çeçenistanda qanlı cəza əməliyyatlarından sonra Petrovsk və Dərbəndi ələ keçirən ağqvardiyaçı general D.P.Dratsenko dərhal “dağıstanlıları müdrik qərar münasibəti təbrik etmiş” və “Dağıstanın hərbi hakiminin” – milliyyətcə lak olan general Mikayıl Xəlilovun ziyarətinə tələsmişdi.

Artıq Dağıstanın Azərbaycanın nüfuz dairəsinə veriləcəyi ilə bağlı Müttəfiq qüvvələr komandanlığının dəfələrlə təkrarlanan vədinin boş bir illüziyaya, ilğıma çevrildiyini görən Ə.Haqverdiyev öz hökumətini “Könüllü ordu hissələrini Dağlı Respublikasının ərazisindən vurub çıxarmaq” üçün təcili şəkildə təsirli, zəruri və kifayət qədər radikal  tədbirlər görməyə çağırmışdı. Hətta vəziyyətə bələdlikdən irəli gələn bir hərəkət planı da cızmışdı: “Güman edirəm ki, Kürə, Qaytaq-Tabasaran, Samur vilayətləri əhalisinin Azərbaycana birləşmək istəyinə əsaslanaraq bu əraziləri və Petrovsku tutmaq, eyni zamanda, müvazi şəkildə ingilis komandanlığı qarşısında üzərimizə Xəzər sahilini bolşevik hücumlarından qorumaqla bağlı təhəddüd götürmək məqsədəuyğun olardı. Petrovsk əlimizə keçəndən sonra Dağıstanın qalan hissələri, Çeçenistan və İnquşetiya da Azərbaycan hakimiyyətini qəbul edəcək. Əhali hadisələrin bu tərzdə inkişafına  hazırlanıb. Daha sonra isə Azərbaycanın protektoratı altında Dağlı Respublikasını bərpa etmək olar. Xilasımız yalnız bundadır!”

Könüllü ordunun Petrovsk və Dərbəndi işğal edərək Azərbaycan sərhədlərinə yaxınlaşması, general Xəlilovun xəyanəti Azərbaycan Məclisi-Məbusanının 25 may 1919-cu il tarixli iclasında geniş müzakirə edilmişdi. Millət vəkillərinin tələbi ilə Parlamentin iclasına gələn baş nazir Nəsib bəy Yusifbəyli Dağıstanda  cərəyan edən son hadisələrdən danışmış və fikirlərinin əsaslandırmaq üçün Ə.Haqverdiyevin hökumətə göndərdiyi son teleqrama istinad etmişdi. Baş nazir Könüllü ordunun tək bir əsgərinin də Azərbaycan torpağına ayaq basmayacağına dönə-dönə zəmanət versə də, bütünlükdə Dağıstan hadisələrinin Azərbaycana xoşagəlməz təsiri ilə bağlı qayğılı və nigaran atmosferi aradan qaldırmaq mümkün olmamışdı.

Öz diplomatik nümayəndəsinin israrlı çağırışlarını nəzərə alan Azərbaycan hökuməti nəhayət Müttəfiqlərin amorf vədləri ilə hesablaşmayaraq ciddi addımlar atmaq qərarına gəlmişdi. Xarici işlər nazirinin müavini A. Ziyadxanın imzası ilə 1919-cu il iyunun 16-da Temirxanşuraya, Ə.Haqverdiyevə göndərilən 1686 nömrəli şifrəli teleqramda Azərbaycanın hərbi və diplomatik uğurlarını təbliğ etmək, Dağlı Respublikasında müvəqqəti Azərbaycan hərbi kontingenti yerləşdirməklə bağlı müvafiq zəmin hazırlamaq və lazımi danışıqlar aparmaq tövsiyə olunurdu. Denikin Müttəfiqlərin müəyyən etdiyi demarkasiya xəttinə qədər geri çəkildikdə Dərbəndin və digər ərazilərin Azərbaycan ordusunun nəzarətinə keçməsi üçün əhali arasında hazırlıq işləri görülməsi, silahlı qüvvələrin Dağıstana mümkün qədər problemsiz girməsi istiqamətində mümkün olan hər şeyin edilməsi  tapşırılırdı.

Lakin artıq gec idi. Denikinin yaxın silahdaşlarından biri, Tersk-Dağıstan vilayətinin komandanı general İ.Q.Erdeli  Ə.Haqverdiyevə 30 iyun 1919-cu il tarixli teleqramında onun tanınmamış Azərbaycan Respublikasının diplomatik nümayəndəsi kimi Temirxanşuradakı fəaliyyətinin qanunazidd və yolverilməz olduğunu bildirir, dərhal (ədibin özünün tərcümeyi-halında göstərdiyi kimi, “24 saat ərzində”) Azərbaycan hüdudlarına qayıtmasını tələb edirdi. Ə.Haqverdiyev Dağıstanın hərbi hakimi general M.Xəlilova Temirxanşurada iki ölkənin hökuməti arasındakı razılıq nəticəsində qanuni əsaslarla fəaliyyət göstərdiyini, ona qarşı atılan addımın zorakılıq və ədalətsizlik olduğunu bildirsə də, həyatının üç gərgin, məsuliyyətli ayını keçirdiyi Şimali Qafqazdan ayrılmaqdan başqa çıxış yolu qalmamışdı. Sadəcə generaldan qonşu ölkənin diplomatı və ziyalı şəxslə centlmencəsinə davranmağı, missiyanı köçürmək üçün sərəncamına vaqon ayırmağı xahiş etmişdi…

Xarici işlər naziri M.Y.Cəfərovun 6 noyabr 1919-cu il tarixli 69 saylı əmri ilə noyabrın 1-dən etibarən Dağlı Respublikası hökuməti yanında Azərbaycan diplomatik nümayəndəliyi ləğv edilmidi. Əslinə baxanda, artıq Dağlı Respublikası da daha mövcud deyildi. Qısa müddətdə özünü mahir diplomat kimi göstərmiş Ə.Haqverdiyev isə daha mürəkkəb yerdə – Ermənistanda  ölkəsini təmsil edirdi…

P.S. Xaosun hökm sürdüyü Şimali Qafqaz Respublikası həmin dövrə qədər ictimai fikir və ədəbiyyatda yetərincə yaxşı tanınan, təəssübkeş milli ziyalı imici qazanmış Əbdürrəhim bəyin diplomatik sahədə debütü idi. Lakin o, ilk gündən özünü heç nədən qorxub çəkinməyən, cəsarətlə ölkəsinin maraqları keşiyində dayanmağı bacaran yüksək peşəkarlığa malik diplomat kimi göstərə bilmişdi. Yaşına, bilik və təcrübəsinə arxalanaraq bəzən hətta yenicə təşəkkül tapmış ölkə XİN-nin mərkəzi aparatında çalışan həmkarlarına məsləhət verməkdən, yol göstərməkdən də çəkinmirdi. Məsələn, 7 iyun 1919-cu il tarixli “məxfi” qrifli məktubdan götürülən aşağıdakı sətirlər onun  işinə nə qədər məsuliyyətlə yanaşdığını göstərir: “Dünən aldığım şifrəli teleqramda nazirlik mənə yalnız ciddi şəkildə yoxlanmış məlumatları mərkəzə göndərməyi tövsyyə edir. Belə bir mühüm vəzifə tutduğum halda yoxlanmamış məlumat göndərilməsinin yolverilməz olduğunu yaxşı bilirəm və məsuliyyətimi tam şəkildə başa düşürəm. Dəqiqliyinə inanmadığım məlumat heç bir halda göndərilmir, doğru təsiri bağışlayan şayiələrə əsaslananlar isə xüsusi qeyd-şərtlə diqqətə çatdırılır”.

Heç şübhəsiz, Azərbaycan Cümhuriyyəti hökuməti daha uzun ömürlü olsaydı, Əbdürrəhim bəy Haqverdiyev onu dünyanın istənilən ölkəsində, istənilən beynəlxalq təşkilat yanında yüksək peşəkarlıq və ləyaqətlə təmsil edə bilərdi.

Həmçinin yoxlayın

Avstraliya-Azərbaycan Assosasiyası və GADTB Sidneydə Xocalı soyqırımı ilə bağlı tədbir keçirdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının 29-cu …

Təbrizin Məqbərətüşşüəra bölgəsində tarixi tunel aşkarlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərinin tarixi Məqbərətüşşüəra (Şairlər məqbərəsi) kompleksində aparılan …

Bir cavab yazın