Şənbə , İyul 20 2024
azfa

Xankəndi-Laçın yolunda azərbaycanlıların etiraz aksiyası 63 gündür davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iki aydır fasiləsiz olaraq davam edir.

Ötən ilin dekabrın 12-də səhər saatlarından başlayan aksiyanın artıq 63-cü günüdür.

Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Beləliklə, 2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Həmçinin yoxlayın

“Human Rights Watch” molla rejimin edama məhkum etdiyi azərbaycanlı işçi fəalı ilə bağlı bəyanat yaydı

GADTB: “Human Rights Watch” Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan edama məhkum edilmiş azərbaycanlı işçi hərəkatı …

​​ Azərbaycanlı fəalı İrəc Şirzad həbs edilərək zindana salınıb

GADTB: Ərdəbildə Güney Azərbaycan Milli Hərəkatının fəalı İrəc Şirzad həbs edilərək siyasi təqiblərin qurbanına çevrilib. …