Cümə axşamı , Dekabr 2 2021
azfa

XIX əsrin sonlarında Rusiyanın Balkanlarda anti-Türk siyasəti

GADTB: Çar Rusiyasında hökmranlıq edən imperatorların qızıla tutulmuş tacları özlərindən asılı olmayan səbəblərə görə tez-tez dəyişsə də, lakin saray siyasəti dəyişməz qalırdı. Xüsusən də, təfriqə salmaqla əraziləri genişləndirmə siyasəti. Qara dəniz sahilləri və bütövlüklə Qafqaz ərazisini ilhaq edib bu torpaqlarda öz mövqeyini möhkəmləndirən rus imperiyası Osmanlı-Türk dövlətinə növbəti “dərs” vermək, Türkiyənin Balkan yarımadasında əsrlərdən bəri davam edən hökmranlığına kölgə salmaq, bölgədə yaşayan dinc slavyanları “türk despotizmindən xilas etmək üçün” müxtəlif hiylə və bəhanələrə əl atırdı. Onları öz tərəflərinə çəkmək, “himayədarlıq” etmək məqsədi ilə etnik zəmində kütləvi ixtişaşlar, etiraz aksiyaları və üsyanlar törədilməsinə rəvac verirdi. Və beləliklə də slavyan-islam qarşıdurmasını alovlandırmağa hər an məqam, fürsət axtarırdı.

Midhəd Paşadan sonra XX əsrin tanınmış tarixçisi filosov İsmayıl Hami Danişment yazır ki, “…Balkan slavyanlarının Bosnya və Hersoqovina, Bolqariya, Serbiya, Çernoqoriya və başqa ərazilərdən Osmanlı İmperiyasına qarşı silahlı üsyanlar baş verməsi və yayılmasının məsuliyyəti əsas etibarilə rusların üzərinə düşür. Çünki çar Rusiyası adı çəkilən və çəkilməyən əraziləri caynağına mümkün qədər tez keçirib öz torpaqlarına qatmaq yolunda ciddi addımlar atır”.

Müəllif daha sonra yazır: “Rus İmperiyasının militarist və separatçılıq niyyəti Avropanın nəhəng aparıcı dövlətlərinin, o cümlədən İngiltərənin narazılığına səbəb olmaya bilməzdi. Böyük Britaniya Rusiyanın belə hərəkətlərindən ciddi narazı idi. O heç bir vəchlə Rusiyanın Balkanlarda ixtişaş törətməklə Osmanlı imperiyasının zəifləməsinə tərəfdar ola bilməz. Çünki Rusiyanın Avropanın mərkəzində hegemonluq etməsi bilavasitə böyük dövlətlərin mənafeyinə toxunurdu. Balkan xalqlarının məsələsini Osmanlı dövləti keçmişdə olduğu kimi özü müstəqil surətdə həll etməyi bacarırdı…”

Çar Rusiyasının şovinist ünsürləri və onların Avropadakı bəzi havadarları əsrlərdən üzü bəri Türk dövlətlərinin Balkanlarda yaşayan xalqlar üzərindəki vassallığına “son qoymaq”, həmin ərazilərin ilhaq olunub Rusiyaya qatılması istiqamətində müxtəlif hiylələrə əl atırdı.

Nəticə etibarilə 1876-cı ilin sonu, 1877-ci ilin əvvəllərində Rusiyanın “xahişi”nə əsasən Bolqariya, Hersoqovina, Bosnya və digər ərazilərə müstəqil muxtariyyət verilməsi məsələsi ortaya çıxdı. Bu məqsədlə mərkəzi və Qərbi Avropanın əsas aparıcı dövlətlərinin (Rusiyadan başqa İngiltərə, Almaniya, Fransa, Avstriya-Macarıstan, İtaliya və Türkiyənin iştirakı ilə Konstantinopol şəhərində geniş konfrans keçirildi.

Üç gün davam edən mötəbər yığıncaqda yuxarıda adları hallandırılan bölgələrdə köklü islahatlar keçirilməsinin layihəsi (həmin layihə Rusiya tərəfindən irəli sürülmüşdü – M.İ.) kəskin müzakirə obyektinə çevrilsə də, lakin maraqlı tərəfin əsassız iddiası rədd edilmişdir.

“…Beləliklə, Konstantinopol konfransı ona görə baş tutmadı ki, İngiltərə, Almaniya və İtaliya dövlətləri Rusiyanın təklifi əleyhinə çıxdılar və açıq-aydın Osmanlı İmperiyasını müdafiə etdilər. Yaranmış vəziyyətdən və fikir ayrılığından ustalıqla istifadə edən Türkiyə Balkan yarımadasında öz hərbi əməliyyatlarını daha da genişləndirməyə müvəffəq oldu. Yenə də Filippol, Tirnov və digər əyalətlərdə müharibə qızışdı. Bu çarpışma nəticəsində onlarla bolqar kəndi və məhlələri yerlə yeksan edildi, dinc əhali öz dədə-baba yurdlarından didərgin düşməyə məhkum edildi. Yüzlərlə qadın və uşaqlar girov götürüldü…”

Təklifi qəbul olunmayan çar Rusiyası növbəti dəfə eyni məsələnin müzakirəyə verilməsinə təşəbbüs göstərdi və 1977-ci ilin mart ayında Londonda yuxarıda adları sadalanan dövlətlərin və iddiaçı tərəfin iştirakı ilə gündəliyə salındı. Lakin bu dəfə də Osmanlı imperiyasının mənafeyi müdafiə olundu və Türkiyənin tərəfini saxlayan ölkələr istər-istəməz Rusiyanı şok vəziyyətə saldılar.

İri kapitalist blokunun tərəfkeşliyi və Türkiyənin qəti mövqeyi Rus İmperiyasının yelbeyin, cavan, hökmdarı II Aleksandrı yaman hövsələdən çıxartmışdı.

Balkan məsələsini bəhanə gətirən çar Rusiyası 12 aprel 1877-ci ildə Osmanlı Türk dövlətinə qarşı birtərəfli qaydada növbəti müharibə elan etməyə məcbur oldu. Bu müharibəni udmaq və Avropanın hegemon ölkələrinə öz gücünü göstərmək niyyəti ilə rus birləşmiş orduları Türkiyə torpağına iki istiqamətdən hücuma başlamaq əmri aldı. Birinci cinah Balkan yarımadası, ikincisi isə Qafqaz-Qərbi Azərbaycan ərazisi idi. Balkan yarımadası istiqamətində hücuma keçən rus ordu birləşmələrinə və ön Dunay ordusuna general S.P.Qurko komandir təyin olunmuşdu.

Qafqaz istiqamətindən Türkiyə ərazisinə soxulmaq istəyən rus qoşun birləşmələrinin tərkibində isə erməni silahlı dəstələri və könüllü drujinalar da fəaliyyət göstərirdi.

Qoşun hissələri Qərbi Azərbaycan torpaqlarının ərazisindən keçərək Araz çayının sağ sahili boyunca Ağrı dağın ətəkləri ilə Ərdahan istiqamətinə doğru hərəkət etdilər. Bu müharibədə Dağlıq və Aran Qarabağ, Zəngəzur və Şəmsəddin qəzalarında yaşayan erməni ailələri də iştirak edirdi. Gəncəli polkovnik Qrikor Şaxnazaryan və Şəmsəddinli hərbiçi Hamparsum Naxçıvanın təşkil etdikləri 850 ermənidən ibarət milli polku 5 may 1877-ci ildə Türkiyənin Sürməli qəzasından keçərək Bəyazid qalasını mərdliklə müdafiə edən türk əsgərlərinə həmlə etdi. Lakin 23 gün davam edən qanlı döyüşlərə və güclü hücumlara baxmayaraq erməni polku, həmçinin onlara köməyə gəlmiş kapitan Stokviçin desant dəstəsi qalaya soxula bilməmiş və xeyli itki verməklə geri çəkilməyə məcbur olmuşdur.

Lakin əzəmətli Bəyazid qalasına hücumlar ara vermirdi. İrəvan, Naxçıvan, Kümrü, İqdır və başqa quberniyalardan səfərbər olunmuş könüllü birləşmələri rus qoşun hissələrinə qoşularaq Bəyazid qalası və Qars vilayətinin digər ərazilərini tezliklə ələ keçirib Kiçik Asiyada öz “müstəqil erməni dövlətləri”ni yaratmaq xülyası ilə vuruşurdular.

Bəyazid qalasını və ümumiyyətlə Qars vilayətini müdafiə edən Muxtar Paşanın əsgərləri Qars çayının sahillərində general Lazarev və korpus komandiri Loris Melikovun silahlı dəstələrinə sarsıdıcı zərbələr endirir, düşmənin irəliləməsinə imkan vermirdilər. Ancaq buna baxmayaraq hücum səngimirdi. Qısa müddətə düşmən tərəf çoxlu sayda canlı qüvvə və texnika itirmişdi. Azğınlaşmış rus-erməni birləşmələri geri çəkilmək istəmir, necə olursa olsun irəliləməyə can atırdı.

İyun ayının 28-də general Ter-Qukasovun süvari dəstəsi Bəyazid qalasına həmləyə hazırlaşan ruslara köməyə gəldi.

Bir həftədən artıq davam edən qanlı çarpışmadan sonra türk əsgərləri müvəqqəti olaraq geri çəkilməyə qərar verdi və düşmən ordusu qalanı mühasirəyə aldı. Qars, Ərdahan, Van və digər türk vilayətlərində məskunlaşmış erməni ailələrinin nümayəndələri – başda Ərzurumlu keşiş Movses olmaqla Qafqaz cəbhəsinin əsgər və zabitlərinin o cümlədən birləşmiş rus-erməni qoşunlarının qərargah rəisi Çar II Aleksandrın kiçik qardaşı Mixaelin burada şəxsən qarşılanma mərasimi oldu. Cavan və təravətli erməni qadınlarının da iştirak etdiyi bu “təntənəli” görüşdə təbiidir ki, ilk badəni keşiş qaldırıb nitqinə bu sözlərlə yekun vurdu: “…mənim qartal övladlarım, əzizi qan qardaşlarımız! Erməni zümrəsi sizin yolunuzu üzüntülü intizarla və səbirsizliklə gözləyirdi. Biz əmin idik ki, haçansa Böyük Rusiyanın xilaskar və yenilməz orduları bu dağlara da ayaq basacaq və burada qərar tutan kimsəsiz, arxasız erməniləri türkün əsarətindən xilas edəcəkdir. Nəhayət, budur, o, günü də gördük, qismət belə imiş.

Mənim balalarım, Rus padşahını arxayın edə bilərsiniz ki, Osmanlı İmperiyasının hüdudlarında yaşayan bütün erməni tayfaları hamılıqla onun müqəddəs bayrağından öpməyə və ona itaət etməyə hazırdır.

Biz bu müzəffər yürüşü ürəkdən alqışlayırıq. Buna əmin ola bilərsiniz. Erməni xalqı öz nicatını yalnız sizdə görür. Qoy müqəddəs İsus-Xristos kömək olsun. Amin!” Təbii ki, rus-türk qarşıdurması ərazi baxımından əsas etibarilə ermənilərin qismən və cəm halında məskunlaşdığı Van gölü ətrafı eyni zamanda Qərbi Azərbaycanın torpaqlarına həmsərhəd olan Ağrı dağının yamaclarında baş verirdi. Mübaliğəsiz qeyd olunmalıdır ki, ermənilər özlərinin “xilaskarı” hesab etdikləri və möhkəm inandıqları rus ordu hissələrinin Anadolunun “içərilərinə doğru irəliləməsinə əlverişli məqamlar yaratmağa çalışır, qoşuna bələdçilik etmək missiyasını öz üzərilərinə götürürdülər. Lakin azğınlaşmış düşmən nə qədər tədbirli də olsa bu ərazilərdən keçmək istərkən türk nizami ordusundan əlavə Qafqaz dağlılarının müqavimət dəstələri ilə qarşılaşır və onların qəfləti hücumları qarşısında başlarını itirirdilər…”

Qars, İqdır, Ərdahan, Artvin, Bəyazid, Sürməli, Xarbert və digər qəza və paşalıqlarda yaşayan türk ordusunun nümayəndələri, eyni zamanda qovğaya fəal

qoşulan mülki əhali əldə silah daxili və yadelli qəsbkarlara qarşı inadlı müqavimət göstərir, ölkə içinə irəliləməsinə imkan vermirdi.

(Ardı var)

Mürsəl İRƏVANLI,

Yazıçı-publisist,

M.Qorki adına BeynəLxalq mükafat laureatı

Həmçinin yoxlayın

Türkiyə sanksiyaya görə idxal edə bilmədiyi dəniz tolarını özü istehsal etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə mühəndislərin son bir ildir üzərində çalışdığı milli …

Güney Azərbaycan şəhərlərində müəllimlər etiraz aksiyası keçirdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən …