Çərşənbə axşamı , İyun 18 2024
azfa

Xocalıda ermənilərin törətdiyi soyqırımdan 31 il keçir

GADTB: Bu gün XX əsrin ən böyük dəhşətlərindən olan Xocalı soyqırımından 31 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə Xocalı şəhərini işğal edərək, azərbaycanlılara qarşı soyqırım aktı törədib.

Bu dəhşətli və misli-bərabəri olmayan qətliam zamanı yüzlərlə azərbaycanlı qətlə yetirilib, onlarla qadın-uşaq müxtəlif işgəncələrlə öldürülüb.

İnsanlıq tarixinə qara və qanlı ləkə kimi düşən bu soyqırım fevralın 25-də başlayır. Hücumdan əvvəl, fevralın 25-i axşam saatlarından Xocalı şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulur. Belə bir vəziyyətdə erməni silahlılarının mühasirəsində qalan əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olur. Lakin onların bu niyyəti baş tutmur.

Azğınlaşmış erməni cəlladları şəhəri yerlə-yeksan edir, dinc əhaliyə qanlı divan tutur.

Ümumilikdə Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər həlak olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.

68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Ermənilər müxtəlif vaxtlarda Xocalı soyqırımının məsuliyyətini öz üzərlərindən atmağa çalışsalar da, hər dəfə bu cəhdləri fiyaskoya uğrayıb.

Belə ki, Ermənistanın sabiq prezidenti və Xocalı qətliamının iştirakçısı Serj Sərkisyan soyqırım aktını məşhur ingilis jurnalisti, politoloq Tomas de Vaala müsahibəsində bu sözlərlə etiraf edib:

“Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu”.

Bu gün Kanada, Meksika, Kolumbiya, Sudan, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatı və İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Xocalı faciəsinin soyqırım aktı kimi tanınması barədə qətnamə qəbul edib.

31 il ötməsinə baxmayaraq, Xocalı soyqırımı Azərbaycan insanın, türk dünyasının ürəyində dərin yara, Ermənistan dövlətinin alnında isə qara ləkə kimi qalıb.

Həmçinin yoxlayın

Təbriz əhalisinin vergi pulu ilə alınan metro vaqonları İsfahana aparılıb

GADTB: Təbriz əhalinin vergi pulu ilə alınan Təbriz metrosu üçün alınan metro vaqonları İsfahan şəhərinə …

Sayın Sara xanım Azərsunun İranın azərbaycanlı fəalları ədalətsiz və qapalı mühakimə etməsi ilə bağlı Avstraliya rəsmilərinə müraciətinə cavab gəlib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) İnsan və …