GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yaz yağışları və bəndlərdən az miqdara illik su payının verilməsi səbəbindən cüzi şəkildə su həcmi artan Urmiya gölü sentyabr ayının 17-də yenidən tamamilə quruyub.
İranın Etimad qəzeti bununla bağlı yazıb: “Bu hadisə regionun ekoloji böhranını kəskinləşdirməklə yanaşı, gölün ətrafındakı ərazilərdə yaşayan 5 milyon insanın sağlamlığı üçün ciddi təhlükə yaradır”.
Bundan öncə ekoloqlar Urmiya gölünün tamamilə quruyacağı barədə xəbərdarlıq etsələr də, əlaqədar dövlət qurumları bunun doğru olmadığını iddia etmişdilər.
İran Prezidenti Məsud Pezeşkian isə seçki qabağı təbliğat və təşviqat kampaniyasında əsas hədəflərindən birinin Urmiya gölünün bərpası olduğunu bildirmişdi.
Onun Prezident seçildiyindən bu günə kimi gölün bərpası ilə bağlı hər hansı addım atılmayb, bərpa işləri isə dayandırılıb.
Qeyd edək ki, Urmiya gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.