
GADTB: Azərbaycanlı boks məşqçisi və ictimai-siyasi fəal Cəlil Abbasi bazar günü — azər ayının 23-də — Zəncan şəhərində yerləşən mağazasında molla rejimin qüvvələri tərəfindən saxlanılıb.
Onun yaxınlarının bildirdiyinə görə, Cəlil Abbasinin saxlanılması cümə axşamı, azər ayının 27-də saat 12:00-da Zəncan valiliyi qarşısında keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlı yaydığı çağırışla əlaqədardır. Sözügedən çağırış bahalaşmaya, iqtisadi vəziyyətin kəskin pisləşməsinə və genişlənən yoxsulluğa etiraz məqsədi daşıyıb.
Məlumatlara əsasən, Cəlil Abbasinin bundan əvvəl də Səfərabad həbsxanasında saxlanılma və həbs təcrübəsi olub. Mənbələr bildirir ki, o, yaxın vaxtlarda yeni bir hökm ilə üzləşib və bu hökm əsasında barəsində tutulma qərarı çıxarılıb, lakin o, könüllü şəkildə məhkəmə orqanlarına müraciət etməyib. Həmçinin son illərdə Abbasinin bir neçə dəfə saxlanıldığı və həbs olunduğu bildirilir.
İşə yaxın mənbələrin sözlərinə görə, Cəlil Abbasini böyük ehtimalla SEPAH-ın kəşfiyyat qüvvələri saxlayıb. Ona qarşı irəli sürülən ittihamlar arasında “rəhbərliyə təhqir” və “toplantı və əlbir olma” maddələri yer alır ki, bunlar birbaşa etiraz çağırışı ilə əlaqələndirilir. Eyni zamanda, son illərdə İran adlanan coğrafiyada tez-tez istifadə olunan “İsraillə əlaqə” ittihamının da bu iş üzrə gündəmə gətirildiyi barədə məlumatlar yayılıb.
Mənbələr vurğulayır ki, Cəlil Abbasi Zəncan vilayətinin Boks Məşqçiləri Komitəsinin məsul şəxsidir və vilayətdəki mülki və ictimai fəallarla geniş əlaqələrinə görə uzun müddətdir təzyiq altındadır.
İnsan hüquqları fəalları Cəlil Abbasinin saxlanılması ilə bağlı ciddi narahatlıq ifadə edərək, onun harada saxlanıldığının dərhal açıqlanmasını, hüquqi statusu barədə şəffaf məlumat verilməsini və vəkilə çıxışının təmin olunmasını tələb ediblər. Onlar dinc etiraz çağırışlarına və mülki fəaliyyətə qarşı təhlükəsizlik yönümlü yanaşmanı ifadə azadlığına və dinc toplaşmaq hüququna açıq ziddiyyət, eləcə də İran İslam Respublikasının Konstitusiyasının 27-ci maddəsinin pozulması kimi qiymətləndiriblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi