Bazar , Noyabr 18 2018
azfa

Güney Azərbaycan Demokratik Türk Birliyinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı bildirişi

31-DEKABR, 1828-ci ildən bu yana yenidən birləşməyə can atan bölünmüş bir ulusun, parçalanmış bir vətənin nəcib diləklərinin hayqırtısıdır.

Sevimli Türk Milləti

1989-cu ilin sonlarına doğru Azərbaycan Türk Millətinin Araz boyunca birləşmə və qucaqlaşma əzmi milli tariximizə unudulmaz bir iz artırdı. Arazın hər iki tayında birlik hayqıran millətimizin dəmir çəpərləri qıraraq bir araya gəlməsi iki Rus və Fars dövlətlərini heyrətə salmışdır. İki rejimin silahlı əsgərlərinin qarşısında qorxmadan qardaşlıq və birlik haraylarının hər keçən saat ucalması millətimizin birləşmə iradəsinin ölməzliyini göstərmişdir. O üzdən 31-Dekabr dünyada yaşayan Azərbaycan türklərinin birlik simgəsi kimi tariximizə keçmişdir.

Heç şübhəsiz ki, 31-dekabrın başlıca sonucları millətimizin qorxuya və aşağılıq psixologiyasına qalib gəlməsi idi. O tarixi günlərdə millətimizin birlik inadının illərin basqısına qalib gəlməsinin dərsləri hər keçən gün gənclərimizin yol xəritəsinə çevrilməkdər. Artıq vətənimizin hər iki tayına hakim olan bəlli sıxıntıların Bütöv Azərbaycan ideyasına dur demə gücü yoxdur. Ancaq, bütövlük yolunda olan əngəlləri də görməməzlikdən gəlmək doğru deyildir.

31-dekabr anlamı, ölməz Elçibəyin Bütövləşmə, Millətləşmə, Dövlətləşmə devizinin, ulu Qaspralının isə Fikirdə, Dildə, İşdə birlik teorisinin açıq manifesti kimi dəyərləndirilməlidir. Bu dəyərləndirmə isə, gerçək həyatın kökü kimi gündəmdən düşməməlidir. Halbu ki, günlər, aylar, illər geridən qalır. Millətin qulağı boş sözlərlə dolur-boşalır. Lakin, Qarabağın qara baxtı açılmır! Güneyin Milli Hərəkatı əliyalın qalaraq, faşist farsçı rejimin qarşısında təkbaşına sinə gərməyə davam edir. Azərbaycan dövlətinin 31 dekabr görüşünə baxmayaraq, bəzi nüfuz dairələrinin bu günü Yanvar gecəsinin şənliyində boğmağa çalışması gözdən qaçmır. Bir sözlə 31 Dekabr, Dünya Azərbaycanlılarının birlik günü adıyla, ancaq yeni il şənlikləri məzmunu ilə bayram hesab olunur. Bu isə, millətimizin təməl arzularını kölgədə buraxır.

31 dekabr milli birlik bayramı adı ilə Azərbaycan tarixinə düşsə də, əslində millətimizin bütövlük uğruna sürdüyü gündəlik milli savaşının simvolik günü olaraq alqılanmalıdır. Bu gün, iki yüz illik böyük bir ulusal nisgilin simgəsi, canlarını millət və vətən yolunda ərməğan edən adsız Türk insanının anma günü olmalıdır. Bayram, bir töhfənin, bir milli və ya inancın qələbə əlamətidir. Bir etginlik günü və ya günləridir. Azərbaycan 200 ildir parçalanmış bir Türk millətinin vətənidir. Bu millətin birləşmə istəyi nə qədər böyük olsa da, qarşısını kəsən düşmən əngəllər qat-qat ondan böyükdür. 40 milyonluq Güney Azərbaycan türklüyü, əli silahlı farsçı rejimin basqısı altındadır. Güneyin bağımsızlığı birlik bayramının gerçəkləşdiyi gündür. Bu yolda böyük milli-siyasi birlik tələb olunur. Güneyin istiqlalı milli qurum və quruluşların bir arada tutulmasıyla mümkündür.

Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq, Güneyin istiqlalını, bütöv Azərbaycanın uğurunu düşünən milli qurum-quruluşları bir bayraq altında birliyə çağırır. 2018-ci ilin olayları İran adlanan dövlətçilik sistemi üçün çöküş ili olabilər. Bu çöküşün yolda olması qaçırılmazdır. Belə olunca Azərbaycan Türk Millətini nələr gözləyir sorğusuna açıq cavab yoxdur. Azərbaycan Milli Hərəkatının o günə hazırlığı nə dərəcədədir? Sözsüz ki, bu sorğunun ilk cavabı Güneyin uğrunda mübarizə aparan türkçü, bütövçü və istiqlalçı cəbhədən gəlməlidir! GADTB olaraq bu qardaş qurumların dərhal bir arada tutulmasını diləyir, qarşıdan gələn 31-dekabr günü münasibətilə 50 milyonluq Azərbaycan Türk Millətini təbrik edirik.

Güney Azərbaycan Demokratik Türk Birliyi Yönətim Qurulu

2017-12-26

 

Həmçinin yoxlayın

Suriyada minlərlə döyüşçü Türkiyədən əmr gözləyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azad Suriya Ordusunun tərkibindəki “Həmzə” briqadası Türkiyənin Fəratın …

Ahıska türklərinin soyqırımı: “Sovet hakimiyyəti ölənlərin sayını azaldıb”- Müsahibə

GADTB: Tarixin sürgün və işgəncələrinə məruz qalan xalqlarından biri də Ahıska türkləridir. Stalin siyasətinə “xəyanət” …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir