Cümə axşamı , Aprel 9 2020
azfa

Quzey Azərbaycanda ortaq türk tarixi tədris ediləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında ortaq türk dilinin tədris ediləcəyini deyərək bildirib ki,  15-ci əsrədək ortaq türk tarixi dərsliyi artıq hazırdır.

Yanvarın 30-da Bakıda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının 3-cü iclası keçirilib.

İclasda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev, Təhsil naziri Ceyhun Bayramov, Qazaxıstan və Qırğızıstanın Təhsil nazirinin müavinləri Kanat Sarsembayev və Japarkul Taşiyev, Türkiyə Respublikası Milli Təhsil Nazirliyi Təlim və Təhsil İdarəsinin rəhbəri Burhanettin Dönməz, Türkiyə Respublikası Ali Təhsil Şurasının sədr müavini Mehmet Şişman, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyev, Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Altınbek Mamayusupov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan və Özbəkistanın ölkəmizdə akkreditə olunmuş səfir və diplomatları iştirak ediblər.

Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov açılış nitqi ilə çıxış edərək Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının qısa müddətdə bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdiyini və öz fəaliyyətini genişləndirdiyini bildirib. O, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və bütün türk xalqları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yüksək səviyyəyə çatdırıldığını vurğulayıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində təhsil və elm sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali isə rəhbərlik etdiyi təşkilatın ötənilki fəaliyyəti barədə məlumat verib. Diqqətə çatdırıb ki, ötən il ərzində Beynəlxalq Türk Akademiyası 30-dan çox beynəlxalq forum, simpozium və seminar təşkil edib. Eyni zamanda, akademiya tərəfindən müxtəlif dillərdə 24 kitab nəşr olunub.

Hazırlanmış 15-ci əsrədək ortaq türk tarixi dərsliyinin tədrisinə başlanması məsələsi də Beynəlxalq Türk Akademiyası Elmi Şurasının III iclasında müzakirə edilib.

Eyni zamanda, ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin üzərində işlər gedir.

Sonra 2020-ci il üzrə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçdiyini bildirən lövhə və hədiyyə Ceyhun Bayramova təqdim edilib.

Daha sonra iclasda təşkilatın 2020-ci il üçün əsas elmi istiqamətləri, fəaliyyət prioritetləri və keçirilməsi planlaşdırılan türk dünyasının önəmli yubiley tədbirlərinin siyahısı, o cümlədən təhsil və elm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilərək təsdiqlənib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə görüşü ilə təşkilata sədrlik Azərbaycana və müvafiq olaraq Beynəlxalq Türk Akademiyası Elmi Şurasının sədrliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə keçib.

Həmçinin yoxlayın

Türk dövlət başçıları koronavirus təhlükəsilə bağlı bir araya gəlir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Şurasının üzv ölkələrinin liderləri arasında yaxın günlərdə …

Molla rejimi koronavirusdan istifadə edib Nətənzdə yeni sentrifüqaların təqdimatını keçiricək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi koronavirus böhranından istifadə edib qaydaları …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir