Cümə , Aprel 19 2024
azfa

Əhməd Ağaoğlu və İsmayıl Qaspiralı – Əhməd bəy Ağaoğlu-150

GADTB: Əhməd bəyin rus dilindən tərcümədə “Nadir yubiley” məqaləsi “Kaspi”nin 29 aprel 1903-cü il tarixli 93-cü sayında nəşr edilmişdi.

Məqalə “Əkinçi”dən sonra Rusiya türklərinin ikinci ciddi və nüfuzlu mətbu orqanı sayılan “Tərcüman” qəzetinin ilk sayının çapdan çıxmasının 20 illiyi münasibəti ilə yazılmışdı. Diqqətəlayiqdir ki, qəzetin 10, 20, 25 illik yubileylərinin təşkilində və keçirilməsində Azərbaycan ziyalıları yaxından iştirak etmişdilər. Təkcə azərbaycanlı əhalinin kütləvi şəkildə yaşadığı Bakı, Tiflis, İrəvan, Gəncə kimi mərkəzlərdən deyil, Azərbaycanın əyalət şəhərlərindən də Bağçasaraya, İsmayıl bəy Qaspralının və “Tərcüman” redaksiyasının ünvanına çoxsaylı təbrik teleqramları göndərilmişdi.

Qəzetin naşiri, görkəmli Krım-tatar maarifçisi, türk xalqlarının dil, fikir və əməl zəminində birləşməsi ideyasının müəllifi İsmayıl Qaspralı (1851-1914) isə öz növbəsində Azərbaycanın bir sıra görkəmli ziyalıları ilə yaxın və səmimi dostluq əlaqələri saxlayırdı. Onun Əhməd bəylə tanışlığı 1893-cü ilə təsadüf edir. Həmin il Qafqazdan keçərək Türküstana səyahətə yollanan İsmayıl bəy Tiflisdə Rusiya və Avropanın ali məktəblərində təhsil almış bir neçə azərbaycanlı gənclə tanış olmuşdu. “Tərcüman”ın 31 avqust-17 dekabr 1893-cü il tarixli 29-43-cü saylarında yayımlanan “Bağçasaraydan Daşkəndə səyahət” adlı yol qeydlərində müəllif adlarını xüsusi sevinc və qürur hissi ilə sadaladığı yeni türk gəncliyinin bu nümayəndələri arasında “elmi-hüquq və siyasiyiyyədə mahir” adlandırdığı Əhməd bəyi xüsusi fərqləndirərək yazmışdı:

“Bu dəfə Tiflisdə bir dost daha peyda etdim. Qarabağlıdır. Rusiyada təhsil etdikdən sonra Fransaya gedib Sorbon Darülfünununda ikmali-fünun edib gəlmiş bir növcavandır. Sair millətlər arasında boylə təhsil edib beş-altı lisan bilənlər xeyli çox olduğundan boylələr müstəsna tutulmaz; lakin bizim cəmiyyətimizdə arada boylə bir adam bulunduğu şayani-işarətdir. Bunun üçün biz də bu qardaşımızın vücudu ilə iftixar edəriz”.

Bu dostluq münasibətləri, əməl və ideya birliyi istər Əhməd bəyin Bakıda yaşayıb fəaliyyət göstərdiyi dövrdə, istərsə də İstanbula mühacirətindən sonra eyni ahəngdə davam etdirilmişdi. İsmayıl Qapralının şəxsiyyətinə və ideyalarına yüksək qiymətin təzahürü olan “Nadir yubiley” məqaləsi XX əsrin başlanğıcında türk dünyasının bu iki görkəmli siması arasındakı saf və səmimi əməl birliyinin ifadəsi kimi dəyərləndirilə bilər.

Maraqlıdır ki, 1908-ci ildə “Tərcüman” qəzetinin nəşrə başlamasının 25 illik yubileyi ilə bağlı Bağçasaraydakı təntənələr çərçivəsində qılınan camaat namazı zamanı Krım tatarlarının müftisi Rusiya türklərinin milli dirçəlişində böyük rolu olan üç görkəmli şəxsin – İsmayıl bəy Qaspralının, Əlimərdan bəy Topçubaşovun və Əhməd bəy Ağayevin adlarını dərin minnətdarlıq hissləri ilə çəkmiş, xeyirxah fəaliyyətləri dua və sənalarla yad etmişdi.

İsmayıl bəyin ölüm xəbərini İstanbulda alan Əhməd Ağaoğlu qurucularından  olduğu Türk Ocaqlarının yayın orqanının –  “Türk yurdu” dərgisinin bütöv bir sayının türk dünyasının bu böyük itkisinə həsr olunması təşəbbüsünü ortaya atmışdı. Nəticədə, məcmuənin 1914-cü ildəki 22-ci sayı başdan-başa İsmayıl Qaspralıya və onun soydaşları qarşısındakı əvəzsiz xidmətlərinə həsr edilmişdi. Dərgidə  İsmayıl bəy Qaspralını yaxından tanıyan, onunla əməkdaşlıq edən bir sıra müəlliflərin yazıları yer almışdı.

“Türk yurdu”nun özəl sayı Əhməd Ağaoğlunun “İsmayıl bəy Qaspralı” məqaləsi ilə açılırdı. Müəlliminin şəxsiyyətinə və fəaliyyətinə yüksək qiymət verən Əhməd bəy yazırdı: “Otuz sənəlik moizə və nəsihətlərinə, rəhbərliyinə, irşadlarına alışılmış olan bir mürşidin, bir ustadın və dostun vəfatından sonra ondan bəhs etmək, kəndisi əbədiyyən qaib olaraq getdiyindən yalnız əsərlərini təhəttür eyləmək nə qədər əlim və fəci bir vəziyyətdir… İsmayıl bəy türklüyə aid fəaliyyəti üçün şu düsturu ittihaz etmişdi: fikir, lisan və hiss birliyi. Təbiri-axırla İsmayıl bəyin təqib etdiyi qayə türklərə kəndilərini tanıtdıraraq, şüuri-milliyyələrini inkişaf etdirərək onlara bir olduqlarını təlqin etməkdən ibarət idi. Fikir, lisan, hiss birliyini duymuş olan bir qövm, zatən şüuri-milliyyəti və vəhdəti-mənəviyyəsini duymuş deməkdir”.

Aşağıda tərcüməsini verdiyimiz “Nadir yubiley” məqaləsi ilk baxışdan adi bir tanıtma xarakteri daşısa da, çarizm xəfiyyələri, ilk növbədə isə onların erməni əlaltıları belə yazıları az qala mikroskop altında nəzərdən keçirir, onun hər sözündə, hər kəlməsində panislamizm və pantürkizm axtarırdılar…

Nadir yubiley

Əhməd bəy Ağaoğlu

Qarşıdan gələn may ayının 4-də (söhbət 1903-cü ildən gedir – V.Q.) Krım tatarlarının “Tərcüman” qəzetinin redaktoru İsmayıl bəy Qasprinski publisist fəaliyyətinin 20 illiyini qeyd etməyə hazırlaşır.

Əgər yubiley ideyanın təntənəsinin bayram edilməsi, bəlli bir gündə bu ideyanın gerçəkləşməsinə sərf olunan ömrün mühüm anlarının göz önündən keçirilməsi, geriyə qayıdıb görülən işlərə nəzər salmaq və təbii şəkildə həmin işlərdən zövq almaqdırsa, o zaman heç bir yubilyar özünü cənab Qasprinski kimi məsud və xoşbəxt saya bilməz. Bu xoşbəxtlik özünü nə tərifli sözlərdə, nə gurultulu alqışlarda, nə xalq şənliklərində, nə də minnətdarlıqla dolu etiraflarda göstərəcək. Əsla! Qaranlıq tatar mühitində heç bir qələm adamı xidmətlərinin miqyasından asılı olmayaraq fəaliyyətinin bu şəkildə etirafına ümid bəsləyə bilməz. Bu nə Senkeviçin yubileyini təmtəraqla qeyd edən polyak cəmiyyətidir, nə də Hüqonu çiyinlərində gəzdirən fransız xalqıdır! Yox! Bura hətta zəruri minnətdarlıq hisslərini də yetərincə ifadə etməyə qabil olmayan qaranlıq tatar mühitidir!

Lakin yubiley sahibinin yaşadığı ömürdən, gördüyü işlərdən həqiqi məmnunluq və xoşbəxtlik duyması özünü sadəcə zahiri təmtəraqdamı göstərir? Məncə, yox! Düşünürəm ki, bütün həyatını bu və ya başqa ideyanın gerçəkləşməsinə sərf etmiş hər bir yubilyarın həqiqi böyük xoşbəxtliyi ilk növbədə üzərinə götürdüyü xeyirxah missiyanın mahiyyətinə varmasında, keçdiyi çətinlik və əldə etdiyi nəticələrdən daxilən məmnun qala bilməsidir. Bu mənada cənab Qasprinskinin xoşbəxtliyi böyük və hüdudsuzdur. Onu yalnız insan ayağı dəyməmiş boş və vəhşi səhrada məskən salan, sonra isə ağlı, iradəsi və zəhməti bahasına həmin səhranı bol məhsul yetirmək üçün yararlı vəziyyətə gətirən əkinçinin duyduğu xoşbəxtlik və böyük daxili məmnunluq hissi ilə müqayisə etmək olar.

Hələ görülməli işlər çoxdur, lap çoxdur. Amma bununla belə əkinçi həyatının qürub çağında tarlasını nəzərdən keçirib qürurla deyə bilər: “Baxın, təkbaşına nə qədər iş gördüm! Heç kimdən kömək ummadan ərazini ilan-çayandan təmizlədim, bataqlıqları qurutdum, alaq otlarını, tikanlı kolları bir-bir kökündən qazıb çıxardım. İndi toxum səpməyə təmiz yer var. Əlbəttə, ətrafda hələ öldürülməmiş ilan-çayan, qurudulmamış bataqlıq qalıb. Amma bundan sonra daha övladlarımın başı üzərində aclıq və ölüm təhlükəsi asılmayacaq. Onlar sadəcə başladığım işi davam etdirməlidirlər. O zaman minnətdar torpaq çəkdiyim zəhmətlərə görə nəslimi səxavətlə mükafatlandıracaq”.

İsmayıl bəy Qasprinski həmin dövrə qədər tatarlar üçün tam yeni bir sahə olan nəşriyyat işinin əsasını qoydu, bu işi əzmlə davam etdirib layiqli səviyyəyə çatdırdı. Cənab Qasprinsikinin hansı ağlagəlməz çətinliklərlə üzləşdiyini, hansı keçilməz maneələri dəf etdiyini təxmini də olsa anlamaq üçün sadəcə tatar mühitində yaşamaq, yəni tatar olmaq lazımdır. Cənab Qasprinski bu işə başlayanda soydaşları arasında nəinki çap məsələlərindən xəbərdar olan, hətta mürəttib işinin öhdəsindən gələ bilən bir nəfər də yox idi. Ona görə də cənab Qasprinski qəzetin həm mürəttibi, həm çapçısı, həm redaktoru, həm də yeganə əməkdaşı kimi fəaliyyət göstərməli olmuşdu. Bütün çətinliklərə baxmayaraq, bir tərəfdən daxilindəki müqəddəs işıq, o biri tərəfdən isə xalqına və maarifə bəslədiyi sonsuz məhəbbət ona tutduğu yoldan çəkilməyə imkan verməmiş, güc və qüvvəsini artırmışdı. O, cismi və zəkası ilə gecə-gündüz yorulmaq bilmədən çalışırdı. Daxili, mənəvi maneələrlə müqayisədə zahiri, texniki çətinliklər heç bir şey idi. Qəzet çıxmağa başlayandan sonra həmvətənlərini oxumağa həvəsləndirmək üçün nə qədər güc, ağıl, enerji, bacarıq, fərasət və ehtiyatlılıq nümayiş etdirmək lazım idi! Cənab Qasprinski qəzet nəşri ilə bir sırada həm də oxucu yaratmaq, oxucu tərbiyələndirmək haqda düşünməli idi. Lakin qarşısına qoyduğu məqsədə sonsuz sədaqət ona hər çətinliyə üstün gəlməyə imkan verirdi. Qasprinski fəaliyyətə başladığı dövrə qədər çevrəsindəki tatar cəmiyyəti yalnız sxolastika qanunları ilə idarə edilmişdi. Boş, mənasız, həlli qətiyyən mümkün olmayan səmərəsiz problemlərdən başqa onu heç vaxt hansısa həyati bir məsələ maraqlandırmamışdı. Ətrafda isə həyat qaynayıb-daşır, kükrəyən dalğalarla boş, bəhrəsiz sxolastika adasını hər an yuyub aparmaqla təhdid edirdi. Amma bu fəlakətli vəziyyət də heç vəchlə cəmiyyətin diqqətini çəkmirdi. O, yenə cəhalətindən, əqli geriliyindən, əxlaqi naqisliyindən məmnun halda köhnə yaşam tərzini sürdürməkdə davam edirdi. Bu alınmaz qalaya hansı yolla  yaxınlaşmaq mümkün idi? Bir nöqtədə donub qalmış mühitdə həyat zərrələrini necə hərəkətə gətirmək olardı? Elmin, maarifin, fəlsəfi fikrin nurlandırıcı, yeniləşdirici şüalarını ora necə yönəltmək olardı? Ən adi bir coğrafi anlayışı, tarixi adı, elmi termini uzun-uzadı izah etmək lazım gəlirdi. Qəzet eyni zamanda, həm məktəb, həm də qarşıya qoyulan məqsəd və can atılan həyat üçün rəhbər rolunu oynamalı idi. Lakin redaktorun hər an nümayiş etdirməyə məcbur qaldığı ehtiyatlılıqla, özünü və sözünü daim nəzarətdə saxlamaq zərurəti ilə müqayisədə bütün bunlar o qədər də böyük çətinlik sayıla bilməzdi. İsmayıl bəy demək olar ki, hər söz, hər ifadə üzərində düşünməli idi. Hər fikri, hər deyimi böyük diqqətlə, min dəfə götür-qoy etməli, onun bədxahların dilində hansı mənalar alacağını əvvəlcədən göz önünə gətirməli idi. Necə deyərlər, səma yerə heç nəyi bağışlamır. Odur ki, göylərdə yaşadıqlarını zənn edənlər özlərini hər zaman könüllü şəkildə yuxarıların “müdafiəçiləri” sayırdılar.

Yəqin bu səbəbdən də heç bir şey sxolastik düşüncədəki kimi xırdaçı deyil. Heç bir şey aşkar cahillik kimi daim qüsur axtarışına çıxmır. Belələri hər hərfdə nə isə bəd bir işarə görürlər, hər kəlmədə “müqəddəs əsasların” çökdürülməsinə xidmət edən cinayətkar niyyət axtarırlar. Sxolastik mühitdə yaşayarkən siz özünüzü daim polis nəzarəti altındakı adam kimi aparmalısınız. Ani bir ehtiyatsızlığa yol verdinizmi, sonunuz çata bilər. Cənab Qasprinsikidən öz kiçik qayığını sualtı qayaların arasından keçirmək və sağ-salamat sahilə çatdırmaq üçün nə qədər dözüm və ehtiyatlılıq tələb olunurdu!

Təəssüf ki, bütün bu işləri görərkən böyük tatar maarifçisi tamamilə fərqli və gözlənilməz çətinliklərə qarşı da mübarizə aparmalı idi. O, necə deyərlər, daimi loyallığı barəsindəki sənədi yanında gəzdirməli və özünü mətbuatın mühafizəçiləri sayan adamların ilk tələbi ilə çıxarıb göstərməli idi. Bu sonuncular xırdaçılıq etmək məsələlərdə sxolastiklərdən heç də geridə qalmırdılar. Təkcə elə tatar dilində qəzet nəşri onların nəzərində artıq “mövcud qaydaların pozulması” idi. Odur ki, “Tərcüman”ın nəşri ilə bağlı yazılan protokolların ardı-arası kəsilmirdi. Nə etmək olardı? Rusiyada mütərəqqi düşüncəli müsəlmanların taleyi belədir! “Öz” müsəlmanları onları “müqəddəs əsasları dağıtmaqda” təqsirləndirir, rusların arasından çıxmış “maarifpərvər qanun qoruyucuları” isə “ictimai asayişi pozmaqda” günahlandırırlar!

Hər iki tərəfdən ittihamlar yağış kimi yağır. Belə şəraitdə hansı işi görmək, hansı addımı atmaq daha məqsədəuyğundur? Qorxaq, prinsipsiz adamlar, özünü reklam və faydalı sövdələşmə axtaran diribaş işbazlar belə situasiyalardan çox gözəl baş çıxarırlar. Onlar bir tərəfin izzəti-nəfsini oxşamaq, qarşı tərəfə isə yaltaqlıq etməklə hər iki cəbhəni istismar altına salmağa çalışırlar. Təbii ki, belələri cəmiyyətə heç bir xeyir vermir, heç bir faydalı iş görmürlər. Çünki mahiyyət etibarı ilə başdan-başa zərərli mühitin təmsilçiləridir. Zərərli mühit isə həyati başlanğıca malik heç bir bəhər yetirə bilməz.

Yalnız qeyri-adi iradə möhkəmliyi, başladığı işə böyük məhəbbət, doğma xalqa və maarifə sonsuz sədaqət nəticəsində belə vəziyyətlərdə mənliyini və şəxsiyyətini qorumaq, tarazlığın pozulmamasına nail olmaq mümkündür.

Cənab Qasprinski bütün həyatı boyu məhz belə şəxsiyyət olub. Müsəlmanları maarifə alışdırmaq, onları zəka prinsiplərinə əsaslanan mədəni həyata səsləmək və bu yolla da bəşəriyyət ailəsinin tam hüquqlu üzvünə çevirmək aradan keçən iyirmi il ərzində onun həyatının dəyişməz məqsəd və məramını təşkil edib. Onu ruhlandıran, ona güc və dözüm verən mənəvi amillər tədricən tatar mühitinə yol tapıb, bu gün üzərində ilk cücərtiləri görmək səadətinə qovuşduğumuz   bəhərli tarlaya çevrilib.

Cənab Qasprinski indi qürur və daxili məmnunluq hissi ilə bu cücərtilərə baxa və   özünü əsla aldatmadan deyə bilər: “Bütün bunları mən etdim. Həyatda çox az adama bunca iş görmək nəsib olur. Sənə minnətdaram, taleyim!”

Cənab Qasprinskinin iyirmi ildən bəri maarifə və tərəqqiyə səslədiyi tatarların üzərinə isə yalnız bir vəzifə düşür: onlar hamısı bir nəfər kimi ürəkləri müəllimlərinə minnətdarlıq hissi ilə dolu halda Allaha yalvarıb İsmayıl bəyə müqəddəs fəaliyyətini bundan sonra da eyni əzmlə davam etdirmək üçün güc və qüvvət arzulamalıdır.

Rus dilindən tərcümə edən: Vilayət Quliyev

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın