
GADTB: Cəmi üç ay əvvəl Rza Cədidi ailəsi 68 gün davam edən hüquqi çəkişmədən sonra Əhərdə İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsini məhkəmə yolu ilə məcbur edərək yeni doğulmuş körpələrinə türk–ərəb mənşəli “Əlihan” adı ilə şəxsiyyət vəsiqəsi ala bildiyi halda, hazırda başqa bir ailənin eyni adla uşağına şəxsiyyət vəsiqəsinin verilməsi artıq bir aydır əngəllənir və ailə ciddi problemlərlə üzləşib.
Bu uşağın anası Atifə R. mövzu ilə bağlı #Balamin_Adı kampaniyasına və @dan.magazin səhifəsinə verdiyi açıqlamada bildirib ki, oğlu 1404-cü il Aban ayının 22-də dünyaya gəlib və valideynlər ona “Əlihan” adını seçiblər. Lakin Əhərdə İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi məsul şəxsləri bu adın “Ad Seçimi Sistemi”ndə mövcud olmadığını əsas gətirərək qeydiyyatdan imtina ediblər.
Ana qeyd edib ki, qeydiyyat orqanlarından ümidini kəsdikdən sonra məhkəməyə şikayət ərizəsi təqdim ediblər, lakin məhkəmə iclasının vaxtı gələn ilin aprel ayına təyin olunub:
“Bu o deməkdir ki, övladımız ən azı beş ay şəxsiyyət vəsiqəsiz qalacaq. Hətta məhkəmədən sonra da bu prosesin daha neçə ay davam edəcəyi məlum deyil.”
Atifə R. vurğulayıb ki, İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi bu qanunsuz addımları ailəni ağır psixoloji və maddi təzyiq altında qoyub:
“Ana kimi ən böyük zərbə mənə dəyir. Gecə-gündüz düşünürəm ki, uşağım şəxsiyyət vəsiqəsiz qalıb. Körpəm tibbi sığortadan məhrumdur, müalicə xərclərini sərbəst şəkildə ödəməliyik. Apteklər milli kod və şəxsiyyət vəsiqəsi olmadan süni süd vermir. Bir aydan sonra iki aylıq peyvənd vaxtıdır, onu da milli kod olmadan vurmayacaqlar.”
Ana əlavə edib ki, övladına ad seçmək valideynlərin ən fundamental hüquqlarından biridir və bu hüququn pozulması ailələrə mənəvi və maddi zərər vurur. O, problemin birdəfəlik həll olunacağına ümid etdiyini bildirib ki, heç bir ailə seçdiyi ada görə bu qədər əzab çəkməsin.
Məsələnin diqqətçəkən tərəfi ondan ibarətdir ki, vətəndaş uzun və çətin prosesdən sonra övladına türk adı ilə şəxsiyyət vəsiqəsi ala bildikdə belə, İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi həmin adı “qadağan olunmuş adlar siyahısı”ndan çıxarmır. Nəticədə başqa bir ailə eyni adı seçdikdə, məsul şəxslər yenidən “adın sistemdə mövcud olmaması” bəhanəsi ilə şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi