
GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş İran-İsveç vətəndaşı, tədqiqatçı Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində diplomatik səylərin davam etdiyini bildirib. Nazirlik vurğulayıb ki, Stokholm İslam Respublikasını Cəlalini dərhal azad etməyə çağırmaqda davam edir. Bildirilib ki, işin həssaslığı səbəbindən görülən diplomatik tədbirlərin təfərrüatları açıqlanmır.
İsveç Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, vətəndaşlarına İranı tərk etmələri ilə bağlı tövsiyə qüvvədə qalır. Məlumata görə, 11 yanvar 2026-cı il tarixindən etibarən bütün İsveç vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub. 2022-ci ildən qüvvədə olan İrana bütün səfərlərdən çəkinmək çağırışı da dəyişməyib.
Nazirlik son regional hadisələrə toxunaraq bildirib ki, İranın nüvə silahına sahib olmasına və regionun, eləcə də Qərb ölkələrinin təhlükəsizliyini təhdid etməsinə heç vaxt yol verilməməlidir.
Bəyanatda həmçinin İsveç xarici işlər nazirinin Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərinə istinad olunaraq qeyd edilib ki, bu səfərlər region ölkələri ilə gərginliyin azaldılması və siyasi həll yollarının dəstəklənməsi məqsədilə aparılan diplomatik məsləhətləşmələr çərçivəsində həyata keçirilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi