Cümə , İyul 17 2026
azfa

Əli Xeyircü girov qarşılığında Evin həbsxanasından azad edildi; Abbas Ləsani və Yusif Kari barəsində həbs qərarı qüvvədə saxlanılır

GADTB: Cənubi Azərbaycan Milli Hərəkatının fəalı Əli Xeyircü dünən 14 dey tarixində 6 milyard tümən məbləğində girov qoymaqla, məhkəmə prosesi yekunlaşanadək Evin həbsxanasından müvəqqəti azad edilib.

“Abbas Lisaninin Məlumat Səhifəsi”nin yaydığı məlumata görə, ilkin istintaq mərhələsində Əli Xeyircuya qarşı irəli sürülən ittihamlar “qanunsuz qruplaşmada üzvlük”, “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik” və “ictimai asayişin pozulması” olub. Sonradan “qanunsuz qruplaşmada üzvlük” ittihamı onun işindən çıxarılıb və barəsindəki həbs qəti imkan tədbiri girovla əvəz edildikdən sonra, tələb olunan girov məbləği ödənilərək azadlığa buraxılıb.

Əli Xeyircu, Abbas Lisani, Yusif Kari və Behzad Dəşti ilə birlikdə cari ilin 20 aban tarixində azərbaycanlı siyasi məhbuslara və onların etiraz aksiyası keçirən ailələrinə dəstək göstərdikləri zaman saxlanılaraq Evin həbsxanasına aparılıblar. Bu dörd azərbaycanlı fəal 27 aban tarixində Evin həbsxanasının 209-cu bölməsinə — Kəşfiyyat Nazirliyinin təcridxanasına köçürülüblər.

Fəallar saxlanıldıqları ilk günlərdə ailələri ilə qısa telefon əlaqəsi zamanı molla rejimin qüvvələri tərəfindən şiddətli fiziki zorakılığa məruz qaldıqlarını bildiriblər. Həbsdən bir neçə saat sonra onlar Evin Prokurorluğunun 6-cı istintaq şöbəsinə, müstəntiq Vəhid Nasirinin rəhbərliyi altında aparılaraq, aşağıdakı ittihamlarla üzləşdiriliblər:

Abbas Ləsani üçün:

“qanunsuz qrupun yaradılması və rəhbərliyi”,

“ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik”,

“ictimai asayişin pozulması”.

Əli Xeyircü, Yusif Kari və Behzad Dəşti üçün:

“qanunsuz qruplaşmada üzvlük”,

“ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik”,

“ictimai asayişin pozulması”.

Məlumatlara əsasən, “ictimai asayişin pozulması” ittihamı üzrə 1 milyard tümənlik girov, digər ittihamlar üzrə isə həbs qəti imkan tədbiri müəyyən edilib. Daha sonra Əli Xeyircunun “ölkə təhlükəsizliyinə qarşı toplaşma və əlbirlik” ittihamı üzrə həbs qərarı 5 milyard tümən girovla əvəz olunub və ümumilikdə 6 milyard tümən girov qoyulmaqla o, azad edilib.

Qeyd edək ki, Behzad Dəşti daha öncə, 26 azər tarixində 7 milyard tümən girov qarşılığında Evin həbsxanasının 209-cu bölməsindən müvəqqəti azadlığa buraxılmışdı. Abbas Lisani və Yusif Kari isə bu xəbərin hazırlandığı ana qədər hələ də Evin həbsxanasında saxlanılırlar.

Həmçinin yoxlayın

Böyük Britaniya: Sepaha dəstək və ya yardım 14 ilədək həbs, təxribat isə ömürlük həbs cəzası ilə nəticələnə bilər

GADTB: Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Sepahın daha əvvəl “Milli Təhlükəsizlik: Dövlət Təhdidləri” qanunu çərçivəsində …

Azərbaycan qırıcılarını havaya qaldırdı

GADTB: Azərbaycan Müdafiə Nazirinin təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava …