
GADTB: Cənubi Azərbaycanın bir sıra şəhərlərində və İranın müxtəlif bölgələrində rejim əleyhinə etiraz aksiyaları davam edir. Məlumatlara görə, Həmədan, Kərəc, Ərak və digər şəhərlərdə etirazlar yenidən alovlanıb.
Bildirilir ki, bəzi bölgələrdə etirazçılar bir basici mühasirəyə alaraq ona fiziki müdaxilə ediblər. Kərəc və Ərak şəhərlərində, eləcə də Tehranın bəzi ərazilərində etirazların xüsusilə gərgin keçdiyi qeyd olunur.
Bazar günü axşamı, 14 dey 1404-cü il tarixində Buşehr şəhərində də insanlar etiraz məqsədilə küçələrə çıxıblar. Hakimiyyət qüvvələri gözyaşardıcı qazdan istifadə etməklə etirazçıları dağıtmağa çalışsa da, Buşehr sakinləri geri çəkilməyərək etirazlarını davam etdiriblər.
Daxil olan məlumatlara əsasən, İlam şəhərinin 22 bəhmən meydanı ətrafında baş verən etirazlar zamanı 150-dən çox təhlükəsizlik qüvvəsi əraziyə cəlb olunub və etirazçılara doğru atəş açıldığı barədə xəbərlər yayılıb. Yerli mənbələr burada şiddətli toqquşmaların baş verdiyini bildirir. Qeyri-rəsmi məlumatlarda ölən və yaralananların ola biləcəyi qeyd edilsə də, dəqiq rəqəmlər hələlik təsdiqlənməyib.
Eyni gün axşam saatlarında Nurabad Məmssəni şəhərində də etirazçılar küçələrdə yol bağlayıb, rejimə məxsus bannerləri yandırıblar. Bu addımlar mövcud vəziyyətə etirazın davamı kimi qiymətləndirilir.
Kirmanshah şəhərindən daxil olan xəbərlərə görə, gənclərlə molla rejimin qüvvələri arasında ciddi qarşıdurmalar yaşanıb, atəş açılıb və bir neçə nəfər yaralanıb. Yaralıların sayı və vəziyyəti barədə hələlik rəsmi məlumat yoxdur.
Bundan əlavə, Bocnurd şəhərində də 14 dey tarixində etirazçılarla molla rejimin qüvvələri arasında toqquşmalar qeydə alınıb. Qum şəhərində isə etirazlar artıq bir neçə gecədir fasiləsiz davam edir və insanlar küçələrə çıxaraq etirazlarını sürdürürlər.
Həfşəcan şəhərində baş verən etirazlar zamanı isə xüsusi təyinatlı qüvvələrin açdığı atəş nəticəsində 15 yaşlı bir yeniyetmənin həyatını itirdiyi bildirilir. Məlumatlara görə, bu hadisədən sonra yeniyetmənin ailə üzvləri həmin təhlükəsizlik əməkdaşına aid olduğu deyilən ev və iş yerini yandırıblar.
Lorestan əyalətinin mərkəzi Xorramabad şəhərində də 14 dey axşamı genişmiqyaslı və şiddətli toqquşmaların yaşandığı, şəhərdə təhlükəsizlik vəziyyətinin son dərəcə gərgin olduğu bildirilir.
İlam şəhərində bir neçə etirazçının öldürülməsindən sonra bəzi gənclərin silahlanaraq küçələrə çıxdığı barədə də məlumatlar yayılıb. Sahə məlumatlarına görə, molla rejimin qüvvələri İlam şəhərindəki Xomeyni Xəstəxanasına daxil olmaq istəsələr də, etirazçılar xəstəxananın qapılarını bağlayaraq daş atmaq və etiraz şüarları səsləndirməklə qarşılıq veriblər. Buna cavab olaraq qüvvələrin atəş açdığı və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.
Eyni zamanda Lahican şəhərində də etirazçılar küçələri müqavimət meydanına çeviriblər. Məlumatlara görə, onlar Molotov kokteylləri ilə rejimin qüvvələrinə qarşı çıxaraq hökumət qüvvələrinin şəhərdəki hərəkət imkanlarını məhdudlaşdırmağa çalışıblar.
Hadisələrlə bağlı dəqiq itki və yaralı sayı hələlik rəsmi mənbələr tərəfindən açıqlanmayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi