Bazar , Avqust 30 2026
azfa

Ərşad Salihi Cənubi Azərbaycan türklərinin Türk Dünyası toplantılarında iştirakını istəyib-Video

GADTB: İraq Türkmən Cəbhəsinin keçmiş sədri və İraq türkmənlərinin tanınmış siyasi simalarından olan Ərşad Salihi, Bakıda keçirilən II “Türkmən İrsi: Vətəndaş Cəmiyyəti Təşkilatlarının Həmrəyliyi” Forumunda türkdilli xalqlar arasında əməkdaşlığın və inteqrasiyanın genişləndirilməsinin vacibliyini vurğulayıb. O, gələcək toplantılarda Cənubi Azərbaycan türklərinin də iştirak etməsinin zəruri olduğunu bildirib.

Salihi gələcəkdə keçiriləcək “Türkmən İrsi” forumlarında İran coğrafiyasında yaşayan türklərin, xüsusilə Təbriz və Urmiyədən olan nümayəndələrin də iştirak edəcəyinə ümid etdiyini ifadə edib.

O, bu fikirləri Bakıda keçirilən forum çərçivəsində səsləndirərək bildirib ki, Türk dünyası xalqları arasında birlik nə qədər güclü olarsa, bu coğrafiyanın həmrəyliyi və qüdrəti də bir o qədər artacaq.

İraq, Suriya, Livan, Türkiyə və Azərbaycan Respublikasından nümayəndələrin qatıldığı tədbirdə türk icmalar arasında mədəni və ictimai əməkdaşlığın gücləndirilməsinin vacibliyi ön plana çəkilib.

Ərşad Salihi X sosial şəbəkəsində paylaşdığı mesajda da qeyd edib ki, İrandakı türklərin gələcək toplantılarda iştirakı Türk dünyasında mədəni və vətəndaş cəmiyyəti əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verə bilər.

Qeyd edək ki, II “Türkmən İrsi: Vətəndaş Cəmiyyəti Təşkilatlarının Həmrəyliyi” Forumu cümə günü Bakıda keçirilib. Tədbirdə İraq, Suriya, Livan, Türkiyə və Azərbaycan Respublikası da daxil olmaqla müxtəlif ölkələrdən vətəndaş cəmiyyəti nümayəndələri, mədəniyyət və siyasət xadimləri iştirak ediblər. Forumun məqsədi türkmən və digər türk icmalar arasında mədəni, ictimai və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığı gücləndirmək kimi təqdim olunub.

https://t.me/GADTB1/54577

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Hüseyn İsmayıli məhkəməyə çağırılıb

GADTB: Azərbaycanlı fəal Hüseyn İsmayıli Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən göndərilən bildirişlə məhkəməyə çağırılıb. …

Güney Azərbaycan Milli Hərəkatının 11 fəalı cəzalarının icrası üçün məhkəməyə çağırılıb; Həmid Yeganəpurun səhhəti narahatlıq doğurur

GADTB: Təbrizdə Cinayət Hökmlərinin İcrası üzrə 11-ci şöbə «Demokratlar» kimi tanınan iş üzrə Cənubi Azərbaycan …