15 noyabr Səttarxanın vəfat günüdür

GADTB: bu gün 15 noyabr- Səttarxanın vəfat günüdür.

Səttarxan Güney Azərbaycanın Qaradağ bölgəsinin Bişək kəndində anadan olub. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttarxanı böyük sərkərdə səviyyəsinə qaldırıb. Ötən yüzilin əvvəllərində Rusiyada çıxan “Novaya Vremya” dərgisinin “Xalq qəhrəmanı”, İtaliya mətbuatının “İranın Hannibalı” adlandırdığı, Məşrutə hərəkatının rəhbəri Səttarxanın həyatı, onun keçdiyi mübarizə yolu, özəliklə Məşrutə hərəkatındakı rolu tarix səhifələrinə qızıl hərflərlə yazılıb.

Haqqında hələ sağ ikən dünyanın bir sıra siyasi xadimləri tərəfindən dəyərli fikirlər səslənib və haqlı olaraq onu Yaxın və Orta Şərqdə demokratiyanın ilk bayraqdarı adlandırıblar.

Səttar xan gənc yaşlarında şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətdiklərinə görə qardaşı İsmayıl ilə birlikdə həbs olunub. Özü üç aylıq həbs olunsa da, qardaşı edam edilib. Səttarxan Təbrizə dönən vaxt artıq hakimiyyətin əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. Məhəmmədəli şah atasının millətə verdiyi sözləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənərək xalqa divan tutmağa başladı. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu. Bunun ardınca 1908-ci il juənin 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başladı. Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla “Mərkəze-Qeyb”in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük xidmətləri oldu. Bir çox məhəllələr müqaviməti dayandıraraq ağ bayraq qaldırdı. Təbrizin yalnız bir məhəlləsi ağ bayraq qaldırmadı – Səttarxanın başçılıq etdiyi Əmirəqız məhəlləsi. Bu məhəllədəki azadlıq fədailərinə rəhbərlik edən Səttarxan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı, qorxmazlıq ilə azadlıq fədailərinin sevimli sərkərdəsinə çevrildi. Şəhərdə qalan mucahidləri bir yerə yığan Səttarxan inqilab tarixində bir ulduz kimi parladı. Kiçik dəstə ilə hücuma keçərək, Təbrizin mərkəzi hissəsində ağ bayraqları inqilab rəmzi qırmızı bayraqla əvəz etdi. Bu addım inqilabçıları ruhlandırdı və Təbrizi Məşrutə inqilabının mərkəzinə çevirdi. Səttarxanın rəhbərliyi altında Ali nizami Şura yaradıldı. Ali Şuranın başcısı Səttarxan və onun müavini Bağırxan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edildilər. 1909-cu ilin avrilinə qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq, düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail oldu. Bu döyüşdə Səttarxan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” və “Salari-milli” fəxri adlarına layiq görüldülər. Onların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərdi. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttarxan” adı altında inqilabi komitələr yaradıldı. Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə saldı. Onlar xəyanətə və hiyləyə əl atdılar. 5 minlik rus qoşunu 1909-cu il avrilin 25-də Təbrizə girdi. 1910-cu il marsın 6-da Səttarxan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşməyə məcbur oldu. 1910-cu il avrilin 3-də Səttarxan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır. Səttarxana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 aqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttarxanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər. Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər.

Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttarxanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Aldığı yaraya görə uzun müddət yataq mərizi olan Səttarxan 1914-cü il novambrın 16-da Tehranda dünyasını dəyişdi. Onu Tehranın yaxınlığındakı Şah-Əbdüləzim məzarlığında dəfn ediblər.

Qeyd edək ki, məhz sonradan İranda başlayan Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvəri hərəkatı, eynilə Quzey Azərbaycanda başlananan müsavatçılıq hərəkatı Səttarxan hərəkatından güc almış və inqilabi ideyalarını Məşrutə inqilabından götürmüşdür.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın