Cümə axşamı , Noyabr 12 2026
azfa

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə azərbaycanlı uşağa doğum haqqında şəhadətnamə verməkdən imtina etməsindən sonra, uşağın valideynləri 62 gün davam edən hüquqi mübarizənin nəticəsində məhkəmə qərarı ilə Şərqi Azərbaycandakı Məlikkəndi (Məlikan) VVAQ idarəsindən qızlarına doğum haqqında şəhadətnamə ala biliblər.

#Balamin_Adi kampaniyasının məlumatına görə, @dan.magazin səhifəsi xəbər verir ki,həmin körpə 9 sentyabr 2026-cı il tarixində dünyaya gəlib. Valideynləri ona türkcədə “sevgi və məhəbbət” mənasını verən “Sevgi” adını seçiblər. Lakin Qoşaçay və Məlikkəndi VVAQ idarələri bu adın qeydiyyata alınmasına qarşı çıxıblar.

Bundan sonra körpənin valideynləri Məlikkəndi rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək məsələni hüquqi müstəvidə həll etməyə çalışıblar. Məhkəmə VVAQ idarəsini valideynlərin seçdiyi adla doğum haqqında şəhadətnamə verməyə məcbur edib. Bu qərardan sonra Məlikan VVAQ idarəsi Sevgi üçün doğum haqqında şəhadətnamə verib.

Uşağın atası Vəhid Müdəbbir Qoşaçay və Çarbürc VVAQ idarələrinin fəaliyyətini tənqid edərək İnstaqram hesabında yazıb: “Təəssüf ki, öz şəhərimizdə VVAQ idarəsi olmasına baxmayaraq, orada bizimlə lazımi qaydada davranmadılar və məcburən Məlikkəndi rayonuna müraciət edərək doğum haqqında şəhadətnamə aldıq. Xoşbəxtlikdən, bu rayonun məhkəməsi və VVAQ idarəsi tərəfindən ən yaxşı münasibət və əməkdaşlıqla qarşılaşdıq. Nəticədə Sevgi adını düzgün yazılış formasında əldə edə bildik”.

VVAQ idarələrinin bu cür maneələr yaratması fonunda əvvəllər də çoxsaylı vətəndaşlar mülki və ya hüquqi mübarizə yolu ilə övladlarına eyni adda doğum haqqında şəhadətnamə almağa nail olublar. Məsələn, 2022-ci il tarixində Təbrizdə Mehdi Qiyasi ailəsi 15 ay, 2024-cü il tarixində Rəştdə Nemat Abbasi ailəsi isə 63 gün davam edən hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə övladlarına həmin adda doğum haqqında şəhadətnamə ala bilib.

VVAQ təşkilatının türk adlarının qeydiyyatına mane olmaq üçün istifadə etdiyi üsullardan biri məhkəmə qərarı ilə doğum haqqında şəhadətnamə verildikdən sonra belə, həmin adları “qadağan olunmuş adlar siyahısı”ndan çıxarmamasıdır. Nəticədə başqa bir ailə eyni adı qeydiyyata aldırmaq üçün müraciət etdikdə, məsul şəxslər həmin adın “adlar sistemində mövcud olmadığını” əsas gətirərək doğum haqqında şəhadətnamə verməkdən imtina edirlər.

Bu yanaşma valideynləri ya əvvəlki ailələrin keçdiyi çətin və bahalı hüquqi mübarizəni yenidən aparmağa, ya da istədikləri addan imtina etməyə məcbur edir.

Həmçinin yoxlayın

İsrail İrana qarşı hərbi əməliyyat üçün müxalifətin təsdiqini gözləməyəcək

GADTB: İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkəsində paylaşdığı mesajda bildirib ki, ölkə hökuməti …

SEPAH Oman körfəzindəki Didamar adasında gəmilərin naviqasiya sistemlərini hədəfə alıb

GADTB: SEPAH Hörmüz boğazında Omanın nəzarətində olan Didamar adasında gəmilərin naviqasiya sistemlərinə hücum edib. Dəniz …