
GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan milli hərəkatı fəalları Abbas Lisanı, Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti 27 aban 1404-cü ildə İnformasiya Nazirliyinin 209 saylı təcridxanasına aparılsalar da, köçürülmələrindən altı gün keçməsinə baxmayaraq, onların heç biri ailələri ilə əlaqə saxlaya bilməyib.
Ailələr bu dörd fəalın saxlanma zamanı şiddətli döyülməyə məruz qalmaları, müxtəlif bədən xəsarətləri almaları və tibbi vəziyyətlərinin bilinməməsi səbəbilə ciddi narahatlıq keçirirlər.
Fəallar 22 aban 1404-cü ildə Tehranın Baş prokuroru Əli Salehi və Evin həbsxanasının rəisinə göndərdikləri ayrı-ayrı məktublarla üzərlərindəki xəsarətlərin qeyd edilməsi üçün təcili olaraq Tibb Ekspertizasına göndərilmələrini tələb etmişdilər.
Məlumata görə, onlar yaxınlarına bildirmişdilər ki, saxlanma zamanı çoxlu sayda elektroşok cihazı və dəyənəklərdən istifadə edilməsi səbəbilə bədənlərinin müxtəlif nahiyələrində böyük göyərtilər yaranıb. Abbas Lisanının qabırğaları və boynu zədələnib, Behzad Dəştinin burnu sındırılıb, Əli Xeyircunun bir dişi qırılıb və boyun nahiyəsi təpik zərbələri və saxlanma anında polis əməkdaşlarının bir neçə dəqiqə dizlə təzyiq göstərməsi nəticəsində zədə alıb. Yusif Karının bədənində də geniş yayılmış göyərti və zədələr mövcuddur.
Saxlanma zamanı mətal əlqandalların çox sıx bağlanması nəticəsində Abbas Lisanının bir əlində keyimə də yaranıb. Bundan əlavə, Evin həbsxanasının qarşısında olan təhlükəsizlik qüvvələrinin komandanı Abbas Lisanıdan “öz burnunu sındırdığı” iddiası ilə şikayət də verib.
Abbas Lisanı, Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti 20 aban 1404-cü il səhəri Evin həbsxanasının qarşısında saxlanılıblar. Ailələri ilə qısa telefon danışığında onlar təhlükəsizlik və polis qüvvələri tərəfindən ağır şəkildə döyüldüklərini bildiriblər. Bir neçə saat sonra onlar Evin məhkəmə idarəsinin 6-cı istintaq şöbəsinə aparılaraq aşağıdakı ittihamlarla suçlanıblar:
Abbas Lisanı: “Qeyri-qanuni qrup yaratmaq və idarə etmək”, “ölkə təhlükəsizliyinə qarşı toplantı və sövdələşmə”, “ictimai asayişi pozmaq”.
Əli Xeyircu, Yusif Karı və Behzad Dəşti: “Qeyri-qanuni qrup üzvlüyü”, “ölkə təhlükəsizliyinə qarşı toplantı və sövdələşmə”, “ictimai asayişi pozmaq”.
Məlumata əsasən, “ictimai asayişin pozulması” ittihamı üçün 1 milyard tümənlik girov, digər ittihamlar üçün isə həbs-qətimkan tədbiri çıxarılıb.
İstintaq prosesində fəallar onlara qarşı zorakılığı qəti şəkildə etiraz edərək tibbi ekspertizaya göndərilmələrini tələb ediblər. Lakin istintaqçı onların şikayətlərinə cavab olaraq deyib: “Siz müqavimət göstərmisiniz, məmurlar da öz işini görüb.”
Fəallar istintaqdan sonra Evin həbsxanasının tibb məntəqəsinə aparılıb, qısa müayinədən və ağrıkəsici verilməsindən sonra 7-ci bölmənin karantin hissəsinə köçürülüblər.
Xatırladaq ki, Abbas Lisanı 18 aban tarixində yaydığı mesajda bildirmişdi: “Əgər sabah gecəyədək məhbusların və ailələrinin tələbləri yerinə yetirilməsə, birigün Evinin qarşısında onlara qoşulacağam.”
Hazırda siyasi məhbuslar Tahir Nəqəvi və Vədud Əsədi də aclıq aksiyasını davam etdirirlər. Onlar son aylarda siyasi və mülki fəaliyyətlərinə görə Evin həbsxanasında saxlanılır və ailələri onların müalicəyə çıxışının təmin edilməsini, hüquqi qeyri-müəyyənliyə son qoyulmasını və qanuni haqlarına riayət olunmasını tələb edirlər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi