
GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, Azərbaycan ordusunun müdaxilə edəcəyini iddia etdi.
Məcid Behestani “Khabar Online” saytında yayımlanan “Və nəhayət, müharibə” adlı yazısında İranda etirazlar, mümkün müharibə və regional ssenarilərlə bağlı cəfəng və təhlükəli iddialar irəli sürüb.
O, İranda saxlanılan etirazçıların edam edilməsini açıq şəkildə təklif edir və ABŞ-yə qarşı mümkün hərbi qarşıdurma fonunda bunu “təhlükəsizlik tədbiri” kimi qələmə verir. O, hətta ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Abraham Lincoln” aviadaşıyıcısında maqnit bombasının partladılmasını “müharibənin taleyini dəyişə biləcək variant” kimi göstərib.
Müəllim iddia edib ki, ABŞ uzun müddətdir İran hakimiyyətini zəiflətmək, ölkəni parçalamaq, çevriliş və birbaşa müharibə planları həyata keçirmək niyyətindədir. Onun sözlərinə görə, mümkün müharibə zamanı ABŞ-nin əsas hədəfləri yüksək vəzifəli şəxslər, nüvə infrastrukturu və raket potensialı ola bilər.
Behestani, müharibənin uzanacağı təqdirdə daxili etirazların artacağını və “separatçı qrupların” fəallaşacağını iddia edib. Bu kontekstdə o, yazısının ən cəfəng fikilərlə dolu hissəsində təhlükəsizlik təhdidlərini birbaşa İranın şimal-qərbinə və Güney Azərbaycana yönəldib.
SEPAH-a bağlı müəllim Güney Azərbaycan türklərini faktiki olaraq “daxili təhdid” kimi təqdim edir, bölgədə “pantürk hərəkatının” güclənə biləcəyini iddia edir və bu ritorika ilə milli və etnik zəmində repressiyalara zəmin yaradan yanaşma ortaya qoyur.
Yazıda diqqət çəkən və xüsusi həssaslıq doğuran məqamlardan biri də Behestaninin ikiüzlülüklə “Əliyevin ordusu” ifadəsini işlətməsi olub. Müəllim, ölkədə etirazların yatırılmasından sonra “türk qardaşlarını qorumaq” adı altında “Əliyevin ordusunun” müdaxilə edə biləcəyi ehtimalını irəli sürüb. Qeyd edək ki, bu ifadə ilə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusunun nəzərdə tutulduğu açıq şəkildə anlaşılır, ancaq bu, yalnız Behestaninin subyektiv iddiasıdır və hər hansı rəsmi fakt və ya sübuta əsaslanmır.
Məcid Behestani yazısında “Əliyevin ordusunun ‘türk qardaşlarını dəstəkləmək’ adı ilə müdaxilə ehtimalı” iddiası fonunda İranın hansı addımlar atmalı olduğunu üç variant üzrə təqdim edib:
1. Qarşısının alınması:
Siyasi danışıqlar yolu ilə deyil, ABŞ-yə qarşı yeni böhran yaradılması vasitəsilə. Behestaniyə görə, məqsəd ABŞ üçün İrana zərbə endirməyi prioritet və təcili məsələ olmaqdan çıxarmaqdır;
2. Sərt hərbi cavab:
Onun iddiasına görə, ABŞ ilk saatlarda hava və dron hücumları ilə İranın imkanlarının bir hissəsini sıradan çıxara bilər. Bu halda İranın cavabı “çox sərt və eyni tipli” olmalı, bölgədəki hərbi bazalar deyil, birbaşa ABŞ donanması hədəf alınmalıdır. O, qabaqlayıcı müharibə ehtimalını da gündəmə gətirir və “Abraham Lincoln” aviadaşıyıcısında maqnit bombasının partladılmasını “müharibənin taleyini dəyişəcək addım” kimi təqdim edir;
3. Daxili repressiya:
Behestani etirazlar zamanı saxlanılan nümayişçilərin edam edilməsini açıq şəkildə təklif edir və bunu daxili təhlükəsizlik tədbiri kimi əsaslandırmağa çalışır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi