
GADTB: Bu gün səhər saatlarından etibarən Cənubi Azərbaycanın bəzi şəhərlərində İran rejiminin mövqeləri hücumların hədəfi olub. Urmiyəyə edilən hədəfli hücumda, təxminən on il xüsusi təyinatlı qüvvələrin komandanı olmuş polis qüvvələrinin əməliyyat üzrə müavini Həsən Kərəminin ata evi vurulub. Əgər bu sui-qəsd uğurlu olubsa, 2019-cu il etirazlarının əsas şəkildə yatırılmasına cavabdeh olan əsas məsul şəxslərdən birinin ötən gecə öldürüldüyü ehtimal edilir.
Təbrizdə molla rejimin etirazları yatıran qüvvələrin toplaşdığı Mirdamad məscidinin vurulduğu bildirilir.
Bu gün səhər saatlarında, təxminən 03:57–04:05 aralığında Tehran, Kərəc və Save şəhərlərinin müxtəlif bölgələrindən vətəndaşlar partlayış səsləri və qırıcı təyyarələrin uçuşu barədə çoxsaylı məlumatlar yayıblar.
Save şəhərinin sakinləri saat 03:57 radələrindən bir neçə dəqiqə ərzində davamlı və güclü qırıcı təyyarə səsləri eşitdiklərini bildiriblər. Eyni vaxtda Tehranın bəzi bölgələrində, o cümlədən Zərgəndə məhəlləsində yağışla yanaşı uzaq məsafədən partlayış səsləri eşidildiyi qeyd olunub.
Tehranın qərbində, xüsusilə Çitgər ətrafında saat 04:02 radələrində çox güclü partlayış baş verib və şahidlərin sözlərinə görə, binalar titrəyib. Bir neçə dəqiqə sonra həmin ərazidə daha bir neçə partlayış hiss olunub.
Azadlıq, Tohid və Cənnətabad bölgələrindən də partlayış səslərinin davam etdiyi və qırıcı təyyarələrin tez-tez səma üzərindən keçdiyi barədə məlumatlar verilib.
Kərəcdə, xüsusilə Mehrşəhr, Göhərdəşt, Mehrvila və Misbah məhəllələrinin sakinləri 04:02–04:04 aralığında bir neçə ardıcıl partlayış səsi eşitdiklərini bildiriblər.
Şəhriyar və Məryəm şəhərciyində də partlayış səslərinin davam etdiyi və qırıcıların aşağı hündürlükdə uçduğu barədə məlumatlar yayılıb.
Saat 02:57 radələrində azərbaycanlıların yaşadığı şəhərlərdən biri olan Qürvə rayonunda da bir neçə dəfə təyyarə uçuş səsi eşidildiyi bildirilib. Qum şəhərinin Pərdisan bölgəsində isə saat 03:00 radələrində ən azı iki partlayış səsi eşidilib və sakinlərin sözlərinə görə, partlayışların gücü evlərin titrəməsinə səbəb olub. Hadisənin dəqiq yeri hələ müəyyən edilməyib.
Təbrizdə də sakinlər şəhər yaxınlığında qırıcı təyyarələrin səsini eşitdiklərini bildiriblər. Eyni zamanda Kərəcin müxtəlif bölgələrində, o cümlədən Göhərdəşt məhəlləsində saat 03:04 radələrində qırıcı səsləri və bir neçə partlayışın baş verdiyi bildirilib.
Məlumatlara görə, Kərəcin bəzi nöqtələrində bu vaxt aralığında azı iki partlayış baş verib və qırıcı təyyarələrin səsləri eşidilib. Həmçinin Tehranın Əkbatan şəhərciyində saat 03:06 radələrində bir neçə güclü və yaxın partlayış qeydə alınıb.
Şəhər Qüdsdə partlayışların səsi o qədər güclü olub ki, avtomobillərin siqnalizasiyaları işə düşüb və sakinlər yuxudan oyanıb. Bidgənə bölgəsində isə saat 03:02 radələrində iki ardıcıl partlayış baş verdiyi və qeyri-adi səslərin eşidildiyi barədə məlumat verilib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi