Çərşənbə axşamı , İyul 14 2026
azfa

ABŞ İranın bir neçə vilayətinə hücum edib

GADTB: “Eskan News” yazıb ki, ABŞ tərəfindən Qeşm, Sirik, Bəndər-Abbas, Cask, Buşehr, Xəndab, Bəndər-Mahşəhr, Behbəhan, Əndimeşk, Dizful, Əhvaz, Abadan və Xürrəmşəhr şəhərləri və ətraf ərazilər hədəfə alınıb.

İran KİV-ləri bazar ertəsi səhər saatlarında ABŞ-ın Xuzistan və Mərkəzi vilayətlərinin bir neçə nöqtəsinə yeni hücumlar həyata keçirdiyini, həmçinin Qeşm və Çabahar şəhərlərində partlayış səslərinin eşidildiyini xəbər veriblər.

İSNA agentliyinin məlumatına görə, Əhvaz, Behbəhan, Dizful, Omidiyyə və Mahşəhr ətrafındakı bəzi məntəqələr zərbələrə məruz qalıb. Yerli mənbələr Əhvazın bəzi bölgələrində güclü partlayışların baş verdiyini bildiriblər.

Xuzistan valisinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Vəliullah Həyati deyib ki, gecə saat 01:40-da Behbəhan və Dizful rayonlarında bir sıra məntəqələr hədəfə alınıb. Onun sözlərinə görə, bundan sonra Əndimeşk, Abadan və Şadəgan ətrafı da hücuma məruz qalıb. Həyati bildirib ki, Mahşəhrdə hücumlar nəticəsində bir nəfər həlak olub, dörd nəfər isə yaralanıb.

Eyni zamanda, Mərkəzi vilayət qubernatorunun müavini Xəndab şəhərindən kənarda yerləşən bəzi ərazilərə hücum edildiyini açıqlayıb. Xəndabın ağır su obyektinin şəhərdən kənarda yerləşməsinə baxmayaraq, İran rəsmiləri hələlik hansı hədəflərin vurulduğunu dəqiqləşdirməyiblər.

Mehr xəbər agentliyi həmçinin Çabaharda bir neçə partlayış səsinin eşidildiyini bildirib, lakin indiyədək heç bir rəsmi qurum bu səslərin mənbəyi və ya hadisənin təfərrüatları barədə açıqlama verməyib. İRNA agentliyi isə Qeşm adasında bir neçə partlayış səsinin eşidildiyini xəbər verib.

Hörmüzqan vilayətində də yerli media Qərbi Bəndər-Abbasda 15 güclü partlayışın baş verdiyini, Sirikin Tahəruyi kəndi ətrafında bir neçə partlayışın qeydə alındığını və Əbu Musa adasına iki mərminin düşdüyünü bildirib. Mehr agentliyi həmçinin Buşehr vilayətində partlayış səslərinin eşidildiyini xəbər verib.

Son saatlarda Hörmüzqanda baş verən hücumlar zamanı Bəndər-Ləngədə fəaliyyət göstərən “Hamrah-e Aval” mobil rabitə şirkətinin bir əməkdaşı həlak olub, iki nəfər isə yaralanıb. ABŞ rəsmilərindən biri isə bildirib ki, Hörmüz boğazı ətrafında yerləşən raket sistemləri, hava hücumundan müdafiə vasitələri və SEPAH-a məxsus sürətli qayıqlar hədəfə alınıb.

ABŞ rəsmisi ABC News telekanalına açıqlamasında qeyd edib ki, Vaşinqton İran İslam Respublikasına məxsus hədəflərə qarşı yeni hücum dalğası həyata keçirib. Hücumlar Hörmüz boğazı ətrafındakı hava hücumundan müdafiə sistemlərini və SEPAH-a məxsus dəniz vasitələrini əhatə edib.

Onun sözlərinə görə, əməliyyatın məqsədi İran İslam Respublikasının ticarət gəmilərini hədəfə almaq imkanlarını zəiflətmək olub.

ABŞ rəsmisi əlavə edib ki, həyata keçirilən hücumlar zamanı heç bir amerikalı hərbçi xəsarət almayıb.

Həmçinin yoxlayın

Azərbaycan Milli Hərəkatının fəalı Dariyuş Əndəlibian Qoşaçayda saxlanıldıqdan sonra, girov qarşılığında müvəqqəti sərbəst buraxılıb

GADTB: Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Dariyuş Əndəlibian tir ayının 21-də, səhər saat …

Molla rejimin həbsdə saxladığı Araz Aman Zeynabad səhhətində yaranan ciddi problem səbəbindən xəstəxanaya köçürülüb

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Araz Aman Zeynabad dünən səhər saatlarında səhhətində yaranan …