Bazar ertəsi , İyul 13 2026
azfa

İran ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum etdi

GADTB: İranın qərb və mərkəzi bölgələrində yerləşən müxtəlif buraxılış məntəqələrindən regionun ərəb ölkələrinə qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatları hücumları həyata keçirilib.

Nour News ilk hücum dalğasının başlaması ilə eyni vaxtda İordaniya ərazisində güclü partlayışların baş verdiyini bildirib. Fars xəbər agentliyi isə hücumun hədəflərindən birinin İordaniyadakı Müvəffəq əl-Səlti Hərbi Hava Bazası olduğunu qeyd edib.

Hərbi rəsmilərdən biri Nour News-a açıqlamasında bildirib ki, əməliyyatın hədəfləri son 48 saat ərzində ABŞ qüvvələrinin həyata keçirdiyi yerdəyişmələrdən sonra müəyyənləşdirilib.

Eyni zamanda, sosial şəbəkə istifadəçiləri paylaşdıqları görüntülərlə Xomeyn və Əligüdərz ətrafından raketlərin buraxıldığını iddia ediblər.

Bu arada Bəhreyndə hava hücumu xəbərdarlıq siqnalları işə salınıb.

Bəhreyn Daxili İşlər Nazirliyi hava hücumu təhlükəsi ilə əlaqədar xəbərdarlıq siqnallarının aktivləşdirildiyini açıqlayıb.

Nazirlik vətəndaşlardan zəruri hallar istisna olmaqla yollarda hərəkəti məhdudlaşdırmağı, əsas magistrallarda maneə yaratmamağı xahiş edib və əlavə təhlükəsizlik təlimatlarının yayımlanacağını bildirib.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı digər bəyanatda bildirib ki, qurumun Aerokosmik Qüvvələri “əks-zərbə əməliyyatının ikinci mərhələsində” Bəhreyndə yerləşən ABŞ bazasındakı Şeyx İsa Hərbi Hava Bazasının helikopter təmiri və texniki xidmət mərkəzlərini, P-8 elektron müharibə təyyarələrinin anqarını, eləcə də pilotsuz uçuş aparatlarının komanda-idarəetmə mərkəzini məhv edib.

SEPAH-ın yaydığı başqa bir bəyanatda isə qeyd olunub ki, “ötən gecə SEPAH Hərbi Dəniz Qüvvələrinin qanunsuz marşrutla hərəkət edən və sistemlərini söndürərək Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini riskə atan iki gəmini saxlamasından sonra” ABŞ ordusu İran İslam Respublikasının sahil bazalarına hücum edib.

Bəyanata görə, İran qüvvələri həmin hücumlara cavab olaraq “ilk mərhələdə” İordaniyadakı Şahzadə Həsən Hərbi Hava Bazasında yerləşən bir neçə iri raket anbarını və yanacaq çənlərini raket və pilotsuz uçuş aparatları ilə vuraraq məhv edib.

İndiyədək ABŞ rəsmiləri SEPAH-ın iddia etdiyi bu hücumlarla bağlı rəsmi açıqlama verməyiblər.

Həmçinin yoxlayın

Təbrizin üç şirkətinin zərərçəkən investorları Tehranda etiraz aksiyası keçirdi; etirazçılar “Bayram vədi bəsdir, süfrəmiz boşdur” şüarı səsləndirdilər

GADTB: Təbrizin “Ayan”, “Lalə” və “Mümtaz” şirkətlərinin bir qrup zərərçəkmiş investoru Tehranda etiraz aksiyası keçirərək …

ABŞ İranın bir neçə vilayətinə hücum edib

GADTB: “Eskan News” yazıb ki, ABŞ tərəfindən Qeşm, Sirik, Bəndər-Abbas, Cask, Buşehr, Xəndab, Bəndər-Mahşəhr, Behbəhan, …