Çərşənbə , İyul 15 2026
azfa

SEPAH terror təşkilatı qonşu ərəb ölkələrinə raket və pilotsuz uçuş aparatları ilə hücum edib

GADTB: İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynə qarşı həyata keçirdiyi hücum zamanı Cüfeyr hərbi bazasında yerləşən sursat anbarlarını, silah-sursat anbarlarını, peyk rabitə mərkəzini və ABŞ hərbçilərinin yerləşdiyi yaşayış kompleksini hədəfə aldığını açıqlayıb.

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi çərşənbə axşamına keçən gecə yaydığı bəyanatda ABŞ ordusunun İranın cənub bölgələrində yerləşən sahil məntəqələrinə və bir sıra digər hərbi obyektlərə hücum etdiyini bildirib.

Bəyanatda ABŞ-ın hücum etdiyi obyektlərin adları açıqlanmasa da, qeyd olunub ki, SEPAH Hərbi Dəniz Qüvvələri cavab olaraq “Nəsr-2” əməliyyatının ikinci dalğası çərçivəsində Bəhreyndəki Cüfeyr bazasında yerləşən bir neçə silah təchizatı anbarını, peyk rabitə mərkəzini və ABŞ hərbçilərinin yaşayış binasını raket və pilotsuz uçuş aparatları ilə vurub.

SEPAH bu hədəflərin məhv edildiyini iddia edib. ABŞ rəsmiləri isə indiyədək bu açıqlamalarla bağlı hər hansı rəsmi münasibət bildirməyiblər.

Bəyanatın sonunda SEPAH “cavab əməliyyatlarının” davam edəcəyi barədə xəbərdarlıq edib.

Eyni zamanda, SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin digər açıqlamasında bildirilir ki, ABŞ ordusu “bir neçə saat əvvəl müxtəlif gəmiləri təhrik edərək onların qanunsuz marşrutla hərəkət etməsinə cəhd göstərib.”

SEPAH əlavə edib ki, “ABŞ-ın çağırışına aldanan, naviqasiya sistemlərini söndürən, Hörmüz boğazının Təhlükəsizlik Nəzarət Mərkəzinin dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymayan və gəmiçiliyi təhlükə altına salaraq minalanmış marşrutla hərəkət etməyə üstünlük verən iki supertanker vurularaq sıradan çıxarılıb.”

Bəyanatda SEPAH Hərbi Dəniz Qüvvələrinə istinadən qeyd olunub ki, ABŞ-la “əməkdaşlıq” və minalanmış marşrutdan keçid “peşmançılıq, maddi zərər, Hörmüz boğazının yenidən açılmasının gecikməsi və dünya enerji bazarında böhranın dərinləşməsindən başqa heç bir nəticə verməyəcək.”

Həmçinin yoxlayın

Donald Tramp İrandakı elektrik stansiyaları və körpülərə hücumla bağlı ultimatum verib

GADTB: ABŞ Prezidenti Donald Tramp yeni açıqlamasında bildirib ki, əgər gələn həftəyədək İranla razılıq əldə …

Təbriz həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır

GADTB: Təbriz həbsxanasında saxlanılan azərbaycanlı fəallar Yaşar Həsənzadə və Abbas Şəfiinin ailə üzvləri son günlərdə …