
GADTB: Şərqi Azərbaycan vilayətinin Üskü bölgəsinin İlxıçı qəsəbəsinin Qeydiyyat və Vətəndaşlıq Vəziyyəti İdarəsi azərbaycanlı ailənin övladına “Elman” adı ilə doğum haqqında şəhadətnamə verməkdən 132 gündür imtina edir. Bu isə ailənin ciddi hüquqi və sosial problemlərlə üzləşməsinə səbəb olub.
Uşağın atası Səid Abdullahi #BalamınAdı kampaniyasına bildirib ki, oğlu 1404-cü il 28 isfənddə anadan olub və ona türk dilində “elin sevimlisi, elin və nəslin rəmzi” mənasını daşıyan “Elman” adı verilib. Onun sözlərinə görə, bu ad əvvəllər də bir çox şəxs üçün rəsmi şəkildə qeydiyyata alınıb.
Ata bildirib ki, İlxıçı qeydiyyat idarəsinin əməkdaşları adın tərkibində həmzə olduğu və türk adı sayıldığı üçün şəhadətnamə verə bilməyəcəklərini, adın farslaşdırılmış “İlman” və ya “Əlman” formasında yazılmalı olduğunu deyiblər. Onlar ailəyə razılaşmadıqları halda məhkəməyə müraciət etməyi tövsiyə ediblər.
Ailə məhkəməyə müraciət etdikdən sonra 1405-ci ilin xordad ayında İlxıçı Ümumi Məhkəməsinin 2-ci şöbəsi qeydiyyat idarəsini uşağa “Elman” adı ilə doğum haqqında şəhadətnamə verməyə borclu sayıb.
Lakin qeydiyyat idarəsi məhkəmə qərarını icra etmək əvəzinə qərardan apellyasiya şikayəti verərək işi Təbriz Apellyasiya Məhkəməsinə göndərib. Aradan bir neçə həftə keçməsinə baxmayaraq, işə baxacaq məhkəmə tərkibi və iclasın vaxtı hələ də müəyyən edilməyib.
Atanın sözlərinə görə, övladı dörd aydan çoxdur şəxsiyyət sənədindən məhrum olduğuna görə ailə tibbi sığortadan istifadə edə bilmir və bütün müalicə xərclərini öz hesabına ödəyir. Səhiyyə müəssisələri uşağın indiyədək peyvəndlərini etsələr də, şəhadətnamə təqdim olunmasa növbəti peyvəndlərin vurulmayacağını bildiriblər. Ailə, həmçinin, süd qarışığı yardımı, sosial müavinətlər və digər dövlət dəstəyi proqramlarından yararlana bilmir.
Məlumatda qeyd olunur ki, qeydiyyat orqanları tərkibində həmzə olan bir sıra türk adlarını “qadağan olunmuş adlar” siyahısına daxil etsələr də, Faizə, Faiqə və Maidə kimi həmzəli qeyri-türk adlarının qeydiyyatında hər hansı məhdudiyyət tətbiq olunmur.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi