
GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala cavab verməkdən imtina edib və bu statistikanın açıqlanmasının “təhlükəsizlik qadağası” altında olduğunu bildirib.
Hökumət sözçüsü “Dünya-i İqtisad” qəzetinin də bəzi hissələrini yayımladığı videoda bildirib ki, əhalinin yoxsulluq səviyyəsi və insanların yoxsulluq şəraitində davranışları ilə bağlı məlumatların yayımlanması üçün Milli Təhlükəsizlik Ali Şurasının, yəni ŞƏAM-ın icazəsi tələb olunur.
Mühacirani konkret olaraq deyib: “Bu rəqəmlərin bir qismini deyə bilmirəm, çünki təhlükəsizliklə bağlı mülahizələr mövcuddur. Bunlar elə mövzulardır ki, onlarla bağlı daha yaxşı olar ki, icazəsi olan mənbələr danışsın.”
İranda yoxsulluq həddindən aşağı yaşayan insanların dəqiq sayı barədə konkret statistika yoxdur. Lakin iqtisadçı Fərşad Mömini yaxınlarda Din və İqtisad İnstitutunda keçirilən toplantıda İranda “yoxsulluğun ümumiləşməsi” ilə bağlı xəbərdarlıq edib.
Mömini əldə etdiyi dövlət iqtisadi hesabatlarına əsaslanaraq bildirib ki, “1397-ci ildən etibarən ölkənin yoxsul əhalisi üç il ərzində iki dəfə artıb”.
İran parlamentinin deputatı Həmidrza Əzizi Farsani də 1404-cü ilin son payızında xəbərdarlıq etmişdi ki, “ölkənin yoxsul əhalisinin sayı ilin sonuna qədər 55 milyondan çox olacaq”. 1404-cü ilin dey ayında etirazların yatırılmasından, müharibənin başlamasından və İranda internetin bir neçə ay müddətində kəsilməsindən sonra çox sayda vətəndaş işini itirib. İqtisadi təzyiqlərin və İranın dəniz mühasirəsinin güclənməsi fonunda əhalidən gələn məlumatlar ailələrin maddi və yaşayış vəziyyətinin daha da ağırlaşdığını göstərir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi