
GADTB: Türk dünyasında ortaq əlifbanın yaradılması məqsədi istiqamətində Özbəkistan mühüm addım atıb. Ölkə Senatının qəbul etdiyi dəyişikliklər Özbək əlifbasını, xüsusilə Türkiyə və latın əlifbasından istifadə edən digər türk ölkələrinin əlifbaları ilə daha da uyğunlaşdırır.
Yeni Özbək əlifbası mövcud 26 hərf və 3 hərf birləşməsinin əvəzinə 28 hərfdən və bir apostrof işarəsindən ibarət olacaq.
Dəyişikliklərə əsasən, aşağıdakı formalar dəyişdiriləcək:
o‘ → ö
g‘ → ğ
sh → ş
ch → ç
Həmçinin hazırkı əlifbada mövcud olan ng hərf birləşməsi yeni sistemdən çıxarılacaq.
Beləliklə, Özbək əlifbasının Türk dünyasında, xüsusilə Türkiyədə istifadə olunan əlifbalarla oxşarlığı daha da artacaq.
Son qərar Mirziyoyevə məxsusdur
Özbəkistan Senatında qəbul edilən qanun təsdiqlənməsi üçün ölkə Prezidenti Şövkət Mirziyoyevə göndərilib. Yeni əlifba qanun Mirziyoyev tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Lakin bu dəyişiklik birdəfəlik həyata keçirilməyəcək. Müəyyən keçid müddətində mövcud əlifbanın rəsmi sənədlərdə, dövlət qurumlarında, təşkilatların loqolarında, pul vahidlərində və lövhələrdə istifadəsinə icazə veriləcək.
Bu keçid dövrünün dəqiq müddəti və tətbiq qrafiki ayrıca icra proqramı çərçivəsində müəyyən ediləcək.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi