
GADTB: “Wall Street Journal” qəzetinin məlumatına görə, Çin 2026-cı ilin ilk altı ayında İran Müdafiə Nazirliyinə dronların və raketlərin idarəetmə sistemlərinin hazırlanmasında istifadə oluna bilən “ikili təyinatlı” komponentlərdən ibarət təxminən 1 300 hava yükü göndərib. Qəzet məlumatlarını İranın gömrük məlumatlarına əsaslandırıb.
Məlumata görə, Çindən İrana yük reyslərinin əhəmiyyətli dərəcədə artdığı bir vaxtda bu yüklərdən biri ABŞ və İran arasında atəşkəsin əldə edildiyi gün Tehrana çatıb. İki gün sonra isə ümumi dəyəri 6 milyon dollardan çox olan və dronlarda istifadə edilə bilən komponentlərdən ibarət daha bir çoxsaylı yük partiyası İrana gətirilib.
“Wall Street Journal” yazıb ki, komponentlərin bu şəkildə tədarük edilməsi ABŞ sanksiyaları şəraitində İranın dron və raket proqramlarının imkanlarını qoruyub saxlamasına kömək edib.
Qəzet həmçinin bildirib ki, İran İslam Respublikası rəsmiləri sözügedən yüklərlə bağlı qəzetin şərh almaq müraciətinə cavab verməyiblər.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi